Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-295/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı1 Cavabdeh1 qarşı kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Rəhman Muradov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.Abbasov (sədrlik edən və məruzəçi), V.Məmmədov, Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, 02 avqust 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), Azər Bayramov oğlu və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Yarıyeva Fəridə Sarı qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2781/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sənan Hacıyev (məruzəçi hakim), Elşad Şamayev və Elşanə Vəliyeva) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-500/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı1 iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Yahya qızının Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanından 2000 (iki min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Yahya qızı onun qardaşı X1 arvadıdır. Cavabdeh 1996-cı ildə qardaşı ilə qeyri-rəsmi ailə quraraq Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanına gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır. Faktiki nikah münasibətlərindən iki övladları vardır. Həmin vaxtdan qeyd edilən mənzildə yaşamış olsa da, mənzil onun mülkiyyətindədir. İkinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, həm də ki, o, cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də ki, onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə anaları xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, ümumiyyətlə ona baxılmır, nə təmizliyi, nə də ki qidası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb. Anası sağlığında həmin evi bağışlama ilə onun adına keçirmişdir, həmin vaxt cavabdeh özü də həmin evdə qeydiyyatda olduğu üçün onun da razılığı ilə anası tərəfindən ona bağışlanılmışdır. Bundan sonra o, köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir. Cavabdehin 2013-cü ildən sonra dəfələrlə evdən çıxamasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə qardaşının üzərinə hücum çəkərək onu döymüş, yəni ona fiziki ziyan yetirmişdir. Belə ki, nə o, eyni zamanda qardaşı həmin evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq ona məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi hüquqlarını pozur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamışdır. Belə ki, Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Məhkəmə iddia tələbini rədd edərkən onun yalnız Cavabdeh1 münasibətdə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etdiyini nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2000 manat məbləğində kompensasiya ilə ailə ilə birgə yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailə ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin qeyd etdiyi ailə üzvləri onun iki övladıdır və onlarda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslərdir. Yəni cavabdehin istifadə hüququna xitam verilərək mənzildən çıxarılması onun ailə üzvlərinin heç bir hüququnu pozmur. İddia yalnız Cavabdeh1 yönəlib övladlarına deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehin istifadə hüququna xitam verilsə o təklif edilən kompensasiya məbləği ilə digər yaşayış sahəsi əldə etməkdən məhrum olur və ailə üzvləri ilə digər yaşayış sahəsi əldə edə bilmir. Bu halda da məhkəmə iddianın yalnız cavabdehə qarşı yönəldiyini nəzərə almamışdır. Həmçinin ailə üzvlərinin yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli olması nəzərə alınmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə əvvəl 2000 (iki min) manat kompensasiya verilməklə, sonra 5000 (beş min) manat, hazırda isə ərizə təqdim edərək 9000 (doqquz min) kompensasiya verilməklə onun evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək 30000 (otuz min) manat kompensasiya ilə razı olmadığını bildirmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin qərarlarında göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 11 dekabr 2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təklif edilən kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmamasını göstərsə də, bununla yanaşı, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını da müəyyən etməmişdir. Halbuki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Hazırki işdə birinci instansiya məhkəməsi 2000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat əvəzi olmamasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olmasına aydınlıq gətirməmiş, “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsini qərarına yalnız istinad etməklə kifayətlənmiş, yuxarıda qeyd edildiyi kimi apellyasiya instanasiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına görə isə iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun şəkildə müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi təkrar işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, hazırkı iş üzrə əvvəlki apellyasiya baxışında qəbul edilmiş qətnamədən müəyyən edilir ki, məhkəmə iddiaçının cavabdehə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etməmişdir. Sözügedən qətnamə kassasiya qaydasında ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılarkən şərh edilmiş göstəriş ondan ibarət olmuşdur ki, məhkəmə təklif edilmiş kompensasiyanın məbləği ilə razılaşmadığı halda, onu bazar qiymətinə uyğun şəkildə müəyyən etməlidir. Belə ki, məhkəmə kollegiyası mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı1 qardaşı Saşa Əhmədovla 1988-ci ildə ailə qurmuş və əvvəllər iddiaçının anasının (cavabdehin qaynanasının), hazırda isə iddiaçının mülkiyyətçisi olduğu Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamış, daha sonra cavabdeh ilə iddiaçının qardaşı arasındakın ailə münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışlar. Hazırda cavabdeh mübahisəli əmlakda yaşayır. İddiaçı aralarında olan münaqişələrin kəskin olması səbəbindən kompensasiya verilməklə cavabdehin onun mülkiyyətində olan əmlaka istifadə hüququna xitam verilməsini mübahisələndirir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. İş materiallarında olan 7E-21-12468 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 Yəyha qızı qeydiyyatda olduğu Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin Yariyeva (Əhmədova) Fəridə Sarı qızına bağışlanmasına razılıq vermişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilir. Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır. İş materiallarında olan ”Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli qiymətləndirmə hesabatına görə, mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin usta fəhlə ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 18064 manat təşkil edir. İş materiallarında olan evlərin alğı-satqısı və kirayəsi ilə məşğul olan fərdi sahibkar (VÖEN: **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri Əli Məmmədov küçəsində istilik sistemi olmayan, köhnə təmirli, ümumi sahəsi 50- 60 kv.m olan yaşayış sahəsinin aylıq kirayə haqqı 130-150 manat təşkil edir. İş materiallarında olan "xxxx" LTD MMC tərəfindən verilmiş (daxil olma tarixi xx.xx.2024-cü il olan) arayışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin aylıq kirayə haqqı 250 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, "xxxx" LTD MMC tərəfindən verilmiş arayışla Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 250 manat, VÖEN nömrəsi ********** olan fərdi sahibkar tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri Əli Məmmədov küçəsində istilik sistemi olmayan, köhnə təmirli, ümumi sahəsi 50-60 kv.m olan yaşayış sahəsinin aylıq kirayə haqqının 130-150 manat olması ilə ünvan 1 ünvandakı yaşayış evi üçün aylıq kirayə haqqının orta hesabla 150-250 manat civarınnda dəyişdiyi müəyyən edilir. Kollegiya kirayə haqlarının təqribi rəqəmlər olduğunu nəzərə alaraq hesab edir ki, oxşar yaşayış sahəsinin kirayə haqqı 200 manat qəbul edilməlidir. Beləliklə, iddiaçının təklif etdiyi 9000 manat kompensasiya məbləği ilə cavabdehin başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 3 ildən artıq müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kollegiya, həmçinin qeyd etməyi zəruri sayır ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı iddianın həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafəsi mexanizmlərini dəqiqləşdirir. Kollegiya hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. HəminMəcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında ifadə edilmiş hüququi mövqeyə görə “... Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər...” Məhkəmə kollegiyası Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh1 Yahya qızının istifadə hüququna xitam verilməsinin 9000 manat ilə əvəzləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında da iddiaçı tərəf 9000 manat kompensasiya verməyə razı olduğunu bildirmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh1 oğluna 9000 (doqquz min) manat kompensasiya verilməklə onun Gəncə şəhəri, Atropatena küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, o, həmin evdən çıxarılmalı, onun evdən çıxarılması ilə kompensasiyanın verilməsi eyni gündə icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh1 9000 (doqquz min) manat kompensasiya verilməklə onun ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququna xitam verilsin və həmin evdən çıxarılsın. Cavabdeh1 evdən çıxarılması ilə kompensasiyanın verilməsi eyni gündə icra olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-295/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-295/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver