Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-297/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaqdan çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-158/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması və onun qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq İddiaçı4, İddiaçı3 və İddiaçı5 münasibətdə baxılmamış saxlanmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-158/2022 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 503000** JN ***D saylı şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Tovuz rayonu, Vahidli kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-158/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Vahidli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh onlara məxsus torpaq sahəsini tutub, orada mal-qara saxlamaq üçün dam tikmişdir. Həmin heyvanların peyinini onlara məxsus evin pəncərəsinin altına tökürlər. Bu hal onların yaşayışlarına təsir edir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların evin həyətinə və küçəyə çıxışları məhdudlaşdırılmışdır. Bununla bağlı dəfələrlə polisə, habelə bələdiyyətə müraciət etmiş, onlar tərəfindən tədbir görülmüş, lakin cavabdeh yenə də əməllərinə davam etmişdir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə onu əsas gətirmişdir ki, müvafiq ekspert rəyi ilə 123A və 123D saylı dövlət aktları eyni olmuş və həmin yerdə iddiaçıların mülkiyyətində olması qeyd edilmişdir. Bu tamamilə yalandır. Onun mülkiyyətində olan torpaq sahəsi daimi istifadəsindədir. Həmişə torpağa qulluq etmiş, sadəcə ekspert düzgün rəy verməmişdir. Bundan başqa işə onun iştirakı olmadan baxılmış, sübutların təqdim edilməsindən məhrum olunmuşdur. Ona görə də, hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçının ərizəsi rədd edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək şikaytin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçıların izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 123D, KOD 50300098 saylı şəhadətnamə ilə müəyyən edilir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə X5 və onun ailə üzvülərinin mülkiyyətinə Tovuz rayonu, Vahidli kəndi ərazisindən 0,33 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 010946 saylı ölüm haqqında şəhadətnamənin surətindən X5 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2447 saylı rəyindən görünür ki, X2 iddia etdiyi tikili Vahidli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş JN-123A saylı şəhadətnamədə olan torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 ümumi birgə adına Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 35 saylı qərarı ilə Tovuz rayonu, Vahidli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-123A nömrəli şəhadətnamə ilə JN-123D nömrəli şəhadətnamə eynidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə verilmiş Tovuz rayonu, Vahidli kəndi ərazisindəki 0,33 ha həyətyanı torpaq sahəsi JN 123D KOD 50300098 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq istifadə edilir. Belə ki, cavabdeh orada mal-qara saxlayır, hansı ki torpaq sahəsinə dair onun hər hansı hüququ yoxdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsələr də, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirərək oradan çıxmamışdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli tikili JN-123A saylı şəhadətnamədə əks olunan torpaq sahəsinin hüdudları daxilində yerləşir. X3 ümumi birgə adına Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə Tovuz rayonu, Vahidli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-123A nömrəli şəhadətnamə ilə JN-123D nömrəli şəhadətnamə eynidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəli tikili JN-123A saylı şəhadətnamədə əks olunan torpaq sahəsinin hüdudları daxilində yerləşir, X3 ümumi birgə adına Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə Tovuz rayonu, Vahidli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-123A nömrəli şəhadətnamə ilə JN-123D nömrəli şəhadətnamə eynidir. Ona görə də, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı, onun həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş hüququdur. Bu hüquq həm də əmlaka sahiblik edən şəxsə məxsusdur. Lakin bu zaman müəyyən olunmalı hal mülkiyyətçiyə (hazırkı halda iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin hansısa hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunmasının müəyyən edilməsidir. Bunun üçün isə əvvəlcə, iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin və onun faktiki istifadəsində olan torpaq sahəsinin, cavabdehə sənəd əsasında məxsus olan və faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları müəyyən olunmalı, daha sonra isə iddiaçıya sənəd əsasında məxsus olan koordinatlarda yerləşən torpaq sahəsinin cavabdehin və ya da digər şəxslərin istifadəsində olub-olmadığı müəyyən olunmalıdır. Hazırkı halda isə ekspert və mütəxəssis rəyləri ilə X3 ümumi birgə adına Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə Tovuz rayonu, Vahidli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-123A nömrəli şəhadətnamə ilə JN-123D nömrəli şəhadətnamə eyni olduğu müəyyən olunmuş, cavabdeh tərəf həmin mübahisəli torpaq sahəsindən ailə üzvləri ilə birlikdə özünün istifadə etdiyini vurğulamış olsa da, lakin ona həmin torpaq sahəsindən istifadə etməsinə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin xüsusat məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiqini tapmışdır. Cavabdehin həmin torpaq sahəsindən istifadə etməsinə imkan yaradan hər hansı qanuni əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsinə dair dəlilini əsassız sayır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-158/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-297/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-297/2023
11.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver