Məhkəmə qərarları › İş №2(104)-298/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-298/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-298/2024 19.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlakın ½ hissəsin onun mülkiyyətinə verilməsi yaşayış sahəsinə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 (qardaşı) və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın ½ hissəsin onun mülkiyyətinə verilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(021)-313/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında 19 dekabr 2019-cu il tarixli AZ-İ seriyalı 339732 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 19 dekabr 2019-cu il tarixdə ləğv edilmişdir.

2. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 423 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Hüseynalılar kəndində yaşayır və ailə üzvü 05 dekabr 1997-ci il təvəllüdlü oğlu X3r.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli, 3680 nömrəli məlumatdan görünür ki, Cavabdeh adına Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli, ********* qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 avqust 2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində 0,1664 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m. yaşayış, 73,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətindədir.

5. Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli 2(021)-952-996/2009 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh adına olan Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Reyestrində 11 saylı kitabın 52 saylı vərəqində olan qeydiyyat ləğv edilmiş və həmin fərdi yaşayış evinə X2 adına mülkiyyət sənədlərinin verilməsi DƏDRX-nin Bərdə rayon İdarəsinə həvalə edilmişdir.

6. Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Hüseynalılar kəndində qayınatasına məxsus mənzildə yaşayır. Avtomobil, kənd təsərrüfatı texnikası və mal-qarası yoxdur.

7. İddiaçı və Cavabdeh X8 ilə 04 oktyabr 2016-cı il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlamış və birgə mülkiyyətlərində olan Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 0,5 ha torpaq sahəsini X1.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin arayışından görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə yaşadığı evə köçürülməsi və onun yaşamağına törətdiyi maneçiliyin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 1996-cı ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarıdan 05 dekabr 1997-ci il tarixdə Ruslan, 07 noyabr 1998-ci il tarixdə Mətanət adlı uşaqları anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evi tikmişlər, lakin cavabdeh həmin ünvanda yaşamağa imkan vermir. Halbu ki, uzun müddət həmin ünvanda yaşamış, cavabdeh isə onu zorla evdən çıxartmışdır. Hazırda müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Hesab edir ki, tikdirdikləri evə köçürülməlidir və cavabdehin qanuna zidd hərəkətləri ona qadağan edilməlidir. Bu barədə mediasiyaya müraciət etmiş, lakin cavabdeh gəlməmiş və mediasiya 31 avqust 2022-ci il tarixdə imtina sənədi vermişdir.

11. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh adına verilmiş 28 sentyabr 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən sonuncunun adına qeydə alınmış fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinin bölünərək ½ hissədə mülkiyyətinə verilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bərdə Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(021)-313/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dаir iddiası təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 152, 228 maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 214, 220.5, 216-220, 233, 357, 360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, 1996-cı ildəki evə köçürülmə haqqında qanunlara diqqət yetirilməmiş və o övladları ilə birgə yaşayış hüququndan məhrum edilmişdir. Halbu ki, həmin illərdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən onun və övladlarının sözügedən evə köçürülüb yaşamaq hüquqları vardır. Sözügedən evin bir hissəsinin tikilməsində və təmir edilməsində onun zəhməti və qazancı olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi birgə nikah dövründə tikilmiş və Cavabdeh adına qeydə alınmışdır. Həmin qeydiyyat məhkəmə qətnaməsi ilə ləğv edilsədə, lakin nə bacısı Ceyran, nədə Cavabdeh həmin qətnamədən şikayət verməmişlər. Əslində qeydiyyat əsassız ləğv olub, evi bacısı Ceyranla Mais birlikdə tikib, ona görə də bacısı həmin evə köçmək istəyir və oradan payını tələb edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi atasının mülkiyyətindədir və orada anası yaşayır. Ceyran isə onun inşa etdiyi başqa evdə yaşayır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Hazırkı işin müəyyən olunmuş faktiki hallarından isə müəyyən olunur ki, İddiaçı Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh ilə birgə nikah dövründə inşa etdirdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı əsassız olduğundan təmin etməmişdir.

30. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.

31. Apellyasiya şikayətinin 1996-cı ildəki evə köçürülmə haqqında qanunlara diqqət yetirilməməsi və övladları ilə birlikdə yaşayış hüququndan məhrum edilməsi, onun və övladlarının sözügedən evə köçürülüb yaşamaq hüquqlarının olması, eləcədə evin bir hissəsinin tikilməsində və təmirində zəhmət və qazancının olması dəlilini kollegiya qətnamənin ləğvi üçün əsas görmür.

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

33. Göründüyü kimi, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

34. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının köçmək istədiyi və ½ hissədə pay tələb etdiyi Bərdə rayonu Hüseynalılar kəndində 0,1664 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m. yaşayış, 73,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 avqust 2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi qeydə alınsada, lakin iddiaçı X2 Cavabdeh qarşı qeydiyyatın ləğv edilməsi, həmin torpağa və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli 2(021)-952-996/2009 nömrəli qətnaməsi ilə təmin olunmuş, Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Reyestrində 11 saylı kitabın 52 saylı vərəqində olan qeydiyyat ləğv edilmiş, Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə X2 adına mülkiyyət sənədlərinin verilməsi DƏDRX-nin Bərdə rayon İdarəsinə həvalə edilmişdir.

35. Göründüyü kimi Cavabdeh iddiaçının ½ hissədə pay tələb etdiyi və köçmək niyyətində olduğu fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi deyil.

36. Məhkəmə kollegiyasına təqdim olunmuş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 15 avqust 2023-cü il tarixli 862 nömrəli arayışdan da müəyyən olunur ki, adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur.

37. Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli 2(021)-952-996/2009 nömrəli qətnaməsi ilə Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə X2 adına mülkiyyət sənədlərinin verilməsi DƏDRXnin Bərdə rayon İdarəsinə həvalə edilmişdir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh hazırkı iş üzrə iddia tələbinə cavab verən şəxs deyil.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(021)- 313/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(021)-313/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar