Məhkəmə qərarları › İş №2(104)-299/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-299/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-299/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06.10.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. 7E-21-12468 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh Yəyha qızı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Yariyeva (Əhmədova) Fəridə Sarı qızına bağışlanmasına razılıq vermişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Yahya qızının ünvan 2 ünvanından 2000 (iki min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yahya qızı onun qardaşı X5 arvadıdır. Cavabdeh 1996-cı ildə qardaşı ilə qeyri-rəsmi ailə quraraq ünvan 1 ünvanına gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır. Faktiki nikah münasibətlərindən iki övladları vardır. Həmin vaxtdan qeyd edilən mənzildə yaşamış olsa da, mənzil onun mülkiyyətindədir. İkinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, həm də ki, o, cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də ki, onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə anaları xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, ümumiyyətlə ona baxılmır, nə təmizliyi, nə də ki qidası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb. Anası sağlığında həmin evi bağışlama ilə onun adına keçirmişdir, həmin vaxt cavabdeh özü də həmin evdə qeydiyyatda olduğu üçün onun da razılığı ilə anası tərəfindən ona bağışlanılmışdır. Bundan sonra o, köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir. Cavabdehin 2013-cü ildən sonra dəfələrlə evdən çıxamasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə qardaşının üzərinə hücum çəkərək onu döymüş, yəni ona fiziki ziyan yetirmişdir. Belə ki, nə o, eyni zamanda qardaşı ata-baba yurdları olan torpaqlarda yerləşən evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq ona məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi hüquqlarını pozur.

6. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 158.4, maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamışdır. Belə ki, ünvan 1 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının yalnız Cavabdeh münasibətdə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etdiyini nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2000 manat məbləğində kompensasiya ilə ailə ilə birgə yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailə ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin qeyd etdiyi ailə üzvləri onun iki övladıdır və onlarda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslərdir. Yəni cavabdehin istifadə hüququna xitam verilərək mənzildən çıxarılması onun ailə üzvlərinin heç bir hüququnu pozmur. İddia yalnız Cavabdeh yönəlib övladlarına deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehin istifadə hüququna xitam verilsə o təklif edilən kompensasiya məbləği ilə digər yaşayış sahəsi əldə etməkdən məhrum olur və ailə üzvləri ilə digər yaşayış sahəsi əldə edə bilmir. Bu halda da məhkəmə iddianın yalnız cavabdehə qarşı yönəldiyini nəzərə almamışdır. Həmçinin ailə üzvlərinin yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli olması nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə əvvəl 2000 (iki min) manat kompensasiya verilməklə, hazırda isə 5000 (beş min) manat kompensasiya verilməklə onun evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, 5000 (beş min) manat kompensasiya ilə razı olmadığını, 20.000 manat kompensasiya ilə razı olduğunu bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkil X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı

23. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı

24. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

25. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)- 1473/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı qardaşı ilə 1996-cı ildə el adəti ilə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Daha sonra cavabdeh ilə iddiaçının qardaşı münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışlar. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı aralarında olan münaqişələrin kəskin olması səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 2000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli mənzilin ümumi satış qiyməti 100.000 manatdır, belə olan halda həmin mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün 2000 manat kompensasiya məbləği ədalətlidir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Çünki, onların mübahisəli mənzildən başqa daimi yaşayış yerləri yoxdur, odur ki, həmin evə köçüb orada yaşamaq istəyirlər.

40. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.

41. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

42. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

43. İşin mübahisə olunmayan hallarına görə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qardaşının keçmiş arvadı olmaqla həmin ünvana 1996-cı ildə köçməklə yaşamaq hüququ əldə etmiş, iddiaçı tərəf hətta bunu istifadə hüququnun olması kimi qiymətləndirmişdir.

44. İddiaçı cavabdehə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə əvvəl 2000 (iki min) manat kompensasiya verilməklə, sonra isə 5000 (beş min) manat kompensasiya verilməklə onun evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

45. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmələr də mübahisənin həllinə bu hüquq normasını tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

46. Birinci instansiya məhkəməsi də işin hallarına bu normanın dispozisiya şərtləri əsasında qiymət vermişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.

48. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

49. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

50. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.

51. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

52. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.

54. Məhkəmə kollegiyası işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, onun cavabdehə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.

55. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin bazar (likvid) qiymətinin müəyyən edilməsi üçün məhkəmə-qiymətləndirmə kespaertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır.

56. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

57. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

58. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə təklif edilən 5000 manat məbləğ həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir.

60. Bu baxımdan “müəyyən müddət daxilində” ifadəsinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

61. Belə ki, hazırkı iddia tələbi Cavabdeh münasibətdə onu ehtiva edir ki, kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə iddia olmasaydı onun istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni, mübahisəli mənzildə onların istifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır və onların ömrünün sonuna kimi yaşayış sahəsinə malik olmasını, mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməsini təmin edir.

62. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu tələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir.

63. Kollegiya hesab edir ki, iddiaçının Cavabdeh evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün qeyd olunan kompensasiya təklifi yetərlilik baxımından əsaslı hesab edilə bilməz.

64. Cavabdeh uzun müddət iddiaçının mülkiyyətində olan evdə yaşaması, təsərrüfatı idarə edib həyatını həmin yurdla bağlaması və başqa yerdə yaşayış sahəsi əldə etmək imkanının məhdudluğu nəzərə alınarsa, təklif olunan kompensasiya məbləği onun məhdudlaşdırılan hüququna adekvat deyildir.

65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Ekspertiza xərci iddiaçıdan tutulmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 11 iyul 2023-cü il tarixli, 10/1633-9/1716 nömrəli ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar