Məhkəmə qərarları › İş №2(104)-299/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-299/2025

18.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-299/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Tovuz Regional Təhsil İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Tovuz Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işazad edildiyi müddətdən işə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(076)-2937/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Əmək müqaviləsindən görünür ki, Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Rəfiyeva X2 Sevinc Yaqub qızı arasından 15 sentyabr 2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən etibarən məktəbdə işə başlamışdır.

2. İddiaçı 18 noyabr 2023-cü il tarixdə ərizəsindən görünür ki, sonuncu öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir.

3. Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı 18 noyabr 2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla, öz istəyinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. İ

4. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, elektron portalda 18 mart 2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Tovuz Regional Təhsil İdarəsinin 29 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin 08 dekabr 2023-cü il tarixli əmri ilə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru növbədən kənar Prezident seçkiləri ilə əlaqədar seçkiyə cəlb edildiyi üçün 09 dekabr 2023-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək işdə olmadığı müddətdə direktor vəzifəsinin icrası məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini X5 müvəqqəti olaraq həvalə edilmişdir. İddiaçı 18 noyabr 2023-cü il tarixdə işdən azad edilməsi ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət etmiş və 18 dekabr 2023-cü il tarixli, 155 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

6. Məktəb üzrə əmr kitabına dair jurnaldan çıxarışdan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı 18 noyabr 2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla, öz istəyinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir.

7. 15 may 2024-cü il tarixdə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı əmək kitabçası təqdim olunsa da, o, əmək kitabçasını götürməkdən imtina etmiş, yalnız işdən çıxması ilə bağlı əmrin surətini götürmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Tovuz Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz işdən azadedildiyi müddətdən işə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxılma dövrləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildən Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Ailə vəziyyətilə əlaqədar 2016-2023-cü illərdə analıq məzuniyyətində, sonradan qismən ödənişli sosial məzuniyyətlərdə olmuşdur. X3 ümumi nitq inkişafı ləngiməsi olduğu üçün uzun müddət onun müalicəsi ilə məşğul olmuş, buna görə də fiziki, psixoloji yorğunluq və ailəsində olan digər problemlərə görə işdən çıxmaq qərarına gəlmişdir. 18 noyabr 2023-cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə təqdim etmiş, lakin sonradan ailə üzvləri və yaxınları ilə məsləhətləşdikdə onların dəstəyi ilə işdən çıxmamaq və işə qayıtmaq barədə fikri dəyişmişdir. 20 noyabr 2023cü il tarixdə direktor Nümayəndə3 ilə telefon əlaqəsi saxlayıb işdən çıxmamaq qərarına gəldiyini və ərizəsinin geri götürülməsini, həmçinin işə qayıtması ilə bağlı ikinci bir ərizə yazmaq üçün məktəbə gələcəyini bildirmişdir. Nümayəndə3 isə narahat olmamasını, heç bir ərizəyə ehtiyac olmadığını, bütün sənədləşməni özü yoluna qoyacağını və ona 16 saat dərs yazacağını bildirmişdir. İddiaçı da məktəb direktoru Nümayəndə3 sözlərinə inanıb və etimad edib övladının müalicəsi ilə məşğul olmuşdur. Sonra övladının 1-ci sinif qəbulunu elektron portalda qeydiyyatda keçirib, məktəb və müəllim seçimi üçün işlədiyi məktəbə getmişdir. Həmçinin fikrəşmiş ki, həm iş fəaliyyətini davam etdirər, həm də övladı bu məktəbədə təhsil alar. 15, 16, 17 may 2024-cü il tarixlərində məktəbə gəldiyi zaman başqa bir halla qarşılaşmışdır. Direktor onu işdən çıxartdığını deyib bəzi sənədləri əmək müqaviləsinə xitam verilmə ilə bağlı əmək müqaviləsi bildirişini və əmək müqaviləsinə xitam verilməsi barədə 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmrdən çıxarışı ona təqdim etmişdir. Əmri tələb etdiyi tarixdə, yəni 16 may 2024-cü il tarixdə onun yanında yazılaraq Şəmkir rayon Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Ruhiyyə Rəfıyeva tərəfindən imzalanmış, sonra isə əmr kitabına yazılmışdır. Ona isə əmrin surəti deyil, əmrdən çıxarış təqdim edilmişdir. Bundan başqa ərizəni 18 noyabr 2023-cü il tarixdə təqdim etmiş, 18 dekabr 2023-cü il tarixdə isə onun işdən çıxması barədə əmr verilmişdir. Göründüyü kimi işdən çıxma əmri 1 ay 1 gündən sonra çıxarılmışdır. Həmçinin məktəb direktoru 07 dekabr 2023-cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. Lakin ona verilən əmrdən çıxarışa imza edən Aygün Hüseynova deyil, məktəb direktoru Ruhiyyə Rəfıyevadır. Göründüyü kimi həmin vaxt əmri Ruhiyyə Rəfıyeva deyil, Aygün Hüseynova imzalamalı, ona əmrin surətini göndərməli, son haqq–hesabatın aparılması üçün məktəbə dəvət olunmalı idi. Lakin işdən çıxarılma əmri dekabr ayında deyil, 2024-cü ilin mart-aprel aylarında verilmiş və elektron portalda həmin tarixdə işlənilmişdir. Onun əmək müqaviləsinə elektron portalda 18 mart 2024-cü il tarixdə xitam verilmiş və 06 aprel 2024-cü il tarixdə isə imzalanmışdır. Göründüyü kimi məktəb direktoru qanunun tələblərini kobud şəkildə pozaraq onu işdən azad etmişdir. İşdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmiş, həmin əmr 16 may 2024-cü il tarixdə verilmiş, lakin əmək kitabçası ona verilməmiş və onun son haqq-hesabı aparılmamışdır. Qeyd olunanlardan göründüyü kimi məktəb direktoru onu qərəzli olaraq işdən azad etmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(076)-2937/2024 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi; İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsində qeyd olunanalarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. 18 dekabr 2023-cü il tarixli əmrin surəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6-Tovuz Regional Təhsil İdarəsinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoruna göndərilməmişdir. Məktəb direktoru onun işdən çıxarılmağı barədə əmri həqiqətən 18 dekabr 2024-cü il tarixdə qəbul etmiş olsaydı, həmin əmri ona və digər aidiyyatı (yuxarıda qeyd olunan təhsil idarələrinə) idarələrə göndərməli idi. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumu Təhsil Üzrə X6-Tovuz Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti X1 məktəbin direktoru Nümayəndə3 qanunverciliyin tələblərin pozulması və onun qanunsuz işdən azad etməsi məsələsinə görə etdiyi şikayət əsasında direktor inzibati qaydada tənbeh və töhmət verilmişdir. Məktəbin direktoru həmin əmri mart ayında məktəbə övladının sənədlərini toplamağa gedərkən onu gördükdən sonra sənədləşdirmə işlərini apamışdır. Lakin yenə də qanunu tələblərini pozaraq onu işdən çıxarılma barədə heç bir məlumat verməmişdir. Birinci insatansiya məhkəməsində işə baxılarkən məktəbin direktoru Nümayəndə3 tərəfindən şəxsi iş məhkəməyə verilən zaman həmin əmrin həqiqətən 18 dekabr 2023-cü il tarixdə verilməsini təsdiq edəcək heç bir möhtəbər sübut təqdim edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, atasının, anasının və uşağının xəstəliyi ilə əlaqədar işdən çıxma barədə 18 noyabr 2023-cü il tarixdə ərizə versədə, lakin iki gün sonra məktəb drektoru Nümayəndə3 zəng edərək bildirmişdir ki, işdən çıxmaq istəmir. Məktəb drektoru da onunla razılaşmış və bildirmişdir ki, ərizə yazmağada ehtiyac yoxdur. Buna baxmayaraq 2024-cü ilin may ayının 15-17-si günləri məktəbə gedərkən ona məlum olmuşdur ki, 18 dekabr 2023-cü il tarixdə işdən azad olunub. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 da iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Tovuz Regional Təhsil İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 18 Maddə 69

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.[128]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

19. Maddə 76

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 2006-cı ildən Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Sonuncu X3 ümumi nitq inkişafı ləngiməsi olduğu üçün və uzun müddət onun müalicəsi ilə məşğul olduğundan fiziki və psixoloji yorğunluq keçirdiyindən, eləcədə ailəsində olan digər problemlər səbəbindən (deməsinə görə valideyinlərinin xəstəliyi ilə əlaqədar) işdən çıxmaq qərarına gəlmiş və bu məqsədlə 18 noyabr 2023-cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə vermişdir. Buna baxmayaraq sonradan ailə üzvlərinin və yaxın qohumlarının məsləhət və dəstəyi ilə ilə fikirindən daşınmış və iki gün sonra, yəni 20 noyabr 2023-cü il tarixdə direktor Nümayəndə3 ilə telefon əlaqəsi saxlayıb işdən çıxmamaq qərarına gəldiyini, ərizəsini geri götürdüyünü bildirmiş, hətda bu barədə ərizə yazmaq istədiyini bildirsədə, lakin Nümayəndə3 ona narahat olmamasını, ərizəyə də ehtiyac olmadığını deyərək onunla razılaşdığını bildirmiş, o, da arxayın olub uşağının müalicəsi ilə məşğul olmuşdur. 2024-cü ilin may ayının 15-17 məktəbə getmiş və həmin vaxt ona məlum olmuşdur ki,18 dekabr 2023-cü il tarixdən işdən azad olunmuşdur. İşdən çıxarılmasının əsassız olduğunu əsassız hesab etdiyi üçün də hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.

30. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Belə ki, İddiaçı işdən çıxması barədə 18 noyabr 2023-cü il tarixdə işəgötürənə ərizə yazması işin mübahisə olunmayan tərəfidir. Mübahisə İddiaçı ərizə verdikdən iki gün sonra məktəb drektoru Nümayəndə3 zənf edərək işdən çıxmaq qərarından daşındığını, hətda bu barədə ərizə yazmaq istədiyini bildirməsi və drektor Nümayəndə3 da öz növbəsində ona narahat olmaması, eləcədə ərizəyə ehtiyac olmasını bildirməsindədir. Çünki iddiaçı belə bir dəlil irəli sürsədə, lakin bunun təsdiq barədə məhkəməyə hər hansı bir möhtəbər sübut (telefon danışığına dair çıxarış və s.) təqdim etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı Nümayəndə3 Füsuli qızıda izahatında bildirmişdir ki, iddiaçı ərizəsinin geri götürülməsi ilə bağlı ona müraciət etməmiş, eləcədə bu barədə onlar arasında telefon danışığı olmamışdır.

32. Apellyasiya şikayətinin işdən çıxarılma əmrinin dekabr ayında deyil, 2024-cü ilin mart-aprel aylarında verilməsi, eləcədə əmrin 18 dekabr 2023-cü il tarixdə verilməsini təsdiq edəcək heç bir möhtəbər sübutun məhkəməyə təqdim edilməməsi dəlilinə münasibətdə, kollegiya qeyd edir ki, həmin dəlilərl iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məktəb üzrə əmr kitabından çıxarış alınmış və müəyyən olunmuşdur ki, əmrlər kitabında İddiaçı barəsində verilmiş 18 dekabr 2024-cü il tarixli 155 nömrəli əmr qeyd olunub.

33. Əmək kitabçasının vaxtında verilməməsinə münasibətdə isə qeyd olunmalıdır ki, iddia ərizəsinin qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətində verilməsi ilə bağlı cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, eləcədə iddia qeyd olunan bu əsaslə rədd edilməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin bu dəlilinidə qətnamənin ləğvü üçün əsas saymır.

34. 18 dekabr 2023-cü il tarixli əmrin surətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6-Tovuz Regional Təhsil İdarəsinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoruna göndərilməməsi dəlilinidə kollegiya əsaslı saymır. Əvvəla işdən müəyyən olunur ki, verilmiş əmrdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoru məlumatlı olmuşdur. Qeyd olunan əmrin surətinin hətda göndərilməməsi halında, belə nəticəyə gəlmək olmaz ki, əmr qanunsuzdur.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(076)-2937/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar