Məhkəmə qərarları › İş №2(104)-30/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-30/2023

20.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-30/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(061)-126/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23 avqust 2016-cı il tarixli 083425 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 1,64 ha torpaq sahəsi Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin mülkiyyətindədir.

2. 06 iyul 2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsi tərəfindən 06 iyul 2032-ci il tarixədək illik 120 manat icarə haqqı ödəmək şərti ilə Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 1,64 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 sentyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və 07 sentyabr 2015-ci il tarixli A seriyalı 005195 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Tərtər rayonu Bəyimsarov kənd ərazisində yerləşən 4,4936 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, icarə müqaviləsinə əsasən ona verilmiş Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin balansında olan 1,64 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsi tərəfindən 06 iyul 2032-ci il tarixədək illik 120 manat icarə haqqı ödəmək şərti ilə Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 1,64 ha torpaq sahəsi ona icarəyə verilmiş və bu barədə 06 iyul 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Buna baxmayaraq Cavabdeh əsassız olaraq həmin torpaq sahəsini zəbt etmişdir. Halbu ki, Cavabdeh mülkiyyətində Tərtər rayonu Bəyimsarov kəndində 4,4936 ha torpaq sahəsi var.

6. Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(061)-126/2020 nömrəli (hakim E.Bayramov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Tərtər rayonunun Bəyimsarov kəndində qeydiyyatda olan İddiaçı 06 iyul 2017-ci il tarixdə Bəyimsarov Bələdiyyəsindən icarə müqaviləsi əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli Reyestr Çıxarışında nəzərdə tutulan 1,64 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 216-237 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, icarə müqaviləsində göstərilən torpaq sahəsi onun mülkiyyətindədir. Lakin birinci instansiya məhkəməsi onun torpaq sahəsinə dair çıxarışını nəzərə almadan tələbi təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, icarəyə götürdüyü torpaq sahəsini cavabdeh ailə üzvləri ilə birlikdə zəbt etmiş və istfadə etməsinə imkan vermirlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

17. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

20. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

21. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

23. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı istifadəsində (icarə müqaviləsi əsasında) olan Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 1,64 ha torpaq sahəsindən Cavabdeh çıxarmaqda düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İşdən müəyyən olunur ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsi tərəfindən 06 iyul 2032-ci il tarixədək illik 120 manat icarə haqqı ödəmək şərti ilə Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 1,64 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Buna dair tərəflər arasında 06 iyul 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı icarəyə götürdüyü torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

35. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mülkiyyətində olan və icarə müqaviləsi əsasında İddiaçı verilmiş 1,64 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən olunması üçün iş üzrə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizası təyin etmişdir. Mübahisəli əraziyə mütəxəssis tərəfindən baxış keçirilməsi üçün vaxt təyin olunmuş və bu barədə tərəflərə məlumat verilmiş, lakin Cavabdeh dəfələrlə ekspertizanın keçirilməsinə maneələr yaratmış və müətəxəssisə elektron ölçü cihazı (GPS) vasitəsilə ölçmə işlərinin aparmasına imkan yaratmamışdır. Ona görədə iş üzrə rəy verilməsi mümükün olmamışdır.

36. 17 noyabr 2023-cü il tarixdə mübahisəli torpaq sahəsinin zəbt-edilibedilməməsini müəyyən etmək üçün mütəxəssislər ölçmə işlərini aparmaq istəyərkən də Cavabdeh və onun gəlini, (özünü Zeynəb kimi qəqdim edən) ölçmə işlərinin aparılmasına qəti olaraq imkan verməyəcəklərini bildirdilər. Həmin vaxt iddiaçı Ağayev və Tərtər rayonu Bəyimsarov kənd İƏD üzrə nümayəndəsinin müavini Nadir Cəfərovdə mübahisəli ərazidə olmuşdur. Tərtər rayonu Bəyimsarov Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş 1,64 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə olunmaduğu müəyyən olunmuşdur.

37. Cavabdeh şikayətinin dəlilləri üzrə araşdırma aparılmasını və iş üzrə zəruri subutların toplanmasını qeyri mümkün etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

38. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı icarəyə götürdüyü 1,64 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh və onun digər ailə üzvlərinin istifadəsindədir. İddia tələbində isə cavabdeh qismində yalnız Cavabdeh göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(061)-126/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar