Məhkəmə qərarları › İş №2(104)-300/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-300/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-300/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bərdə rayonu bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1136 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır və qeydiyyatdadır.

2. Bərdə rayon Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 424 nömrəli arayışdan görünür ki, Quliyeva X4 rayonu, Ağyataq kəndində qeydiyyatdadır, lakin hal-hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır.

3. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli 1136 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı Bərdə rayonu Alaçadırlı kəndində müvəqqəti məskunlaşmışdır.

4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1569/2023 nömrəli qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, Cavabdeh və İddiaçı oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh ilə İddiaçı oğlu arasında xx.xx.2015-ci il tarixli 80 saylı aktla qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 12 dekabr 2017-ci il təvəllüdlü X8 və 03 iyun 2020-ci il təvəllüdlü X9 adlı övladlarının İddiaçı himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 3/1 hissəsi miqdarında aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Torpağın Mülkiyyətə verilməsinə dair JN-318A KOD 61008078 saylı şəhadətnamədən görünür ki, X6 Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayonu Alaçadırlı kəndində 0,13 ha torpaq sahəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı övladlarıyla birlikdə Cavabdeh məxsus Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 adlı övladları olmuşdur. Uzun müddət normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Nəhayət onlar faktiki olaraq ayrılmışlar, ər-arvad münasibətlərini kəsmişlər. Ailə qurduğu gündən son vaxtlara qədər uşaqlarıyla birlikdə mübahisəli evdə yaşamışdır. Bir neçə gündür ki, cavabdeh onun yaşadığı evdən istifadə etməyinə, orada yaşamaqlarına imkan vermir. Bütün əşyaları həmin evdədir. Hətta onu övladlarıyla birlikdə həmin evdən çıxarmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, birgə nikahlarından olmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı övladlarıyla birlikdə Cavabdeh məxsus Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməlidir.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı evə köçmə tələbinə dair mülki iş üzrə X10 cavabdeh qismində işə cəb edilməsi qərarı alınmışdır.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13, 17, 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4, 27.1, 152, 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun əşyalarının hələdə o evdə olmasını və həmin əşyaların cavadbehlər tərəfindən hüquqi yolla çıxara bilməmələri üçün evə dair mülkiyyət hüquqları olmadığından bunu bu günə qədər reallaşdıra bilməmə faktını da hüquqi cəhətdən qiymətləndirmədən kənarda saxlamışdır. Birinci instansiya məhkəməsinin cavabdeh Bəsti Quliyevaya məxsus torpaq sahəsinin mülkiyyət sənədinin olmasına dair evə münasibətdə apardığı ümumiləşdirmə də yanlışdır. Məhkəmə bir tərəfdən qeyd edir ki, ev heç kimə məxsus olmadığına görə həmin evə köçürülmə verə bilməz, digər tərəfdən isə cavabdeh Bəsti Quliyevaya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin mülkiyyət hüququnun mövcüdluğuna toxunmaqla onun iddiasının təminini mümkünsüz hesab edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə Yusif və xx.xx.2020-ci ildə Sevgi adlı iki övladları olmuşdur. Daha sonra aralarında narazılıqlar olduğu üçün ayrılmışlar və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1569/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Başqa yaşayış yeri yoxdur və hazırda mübahisəli evə köçmək istəyir. Həmçinin, cehiz əşyaları da həmin evdədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar və məhkəmə qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur. Hazırda isə onların birlikdə yaşamaqları mümkün deyildir. Torpaq sahəsi və ev anasına məxsusdur. İddiaçı mübahisəli evdə az yaşamışdır. İddiaçının onlarla bir evdə yaşamasına razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. İddiaçı onun sabiq gəlini olmuşdur. Onların nikahları pozulmuşdur, ayrı yaşayırlar. Torpaq və ev ona məxsusdur. O, Gülqızın onunla bir evdə yaşamasına razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

18. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı.

22. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Cavabdeh evləndikdən sonra gəlin kimi qaynanasına məxsus olmuş, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. İddiaçının cavabdehlə nikahından iki uşaqları doğulmuşdur. Daha sonra aralarında olan narazılıqlara görə tərəflər ayrılmış və məhkəmə qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir, cavabdehlər isə iddiaçının köçməsinə razılıq vermirlər. Torpağın Mülkiyyətə verilməsinə dair JN-318A KOD 61008078 saylı şəhadətnamədən görünür ki, X6 Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayonu Alaçadırlı kəndində 0,13 ha torpaq sahəsi verilmişdir. Mübahisəli fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

40. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli fərdi yaşayış evi cavabdeh Bəsti Quliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi olduğundan evə onun gözlənilən mülkiyyət hüququ vardır.

41. Məhkəmə kollegiyasının bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.

42. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

43. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

44. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X1rşı” işlər).

45. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

46. Məhkəmə kollegiyası göstərir ki, cavabdeh Bəsti Quliyevanın mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan iddiaçının isə hazırki iddiası mülkiyyət hüquqlarından qaynaqlandığından sonuncunun evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. İddiaçı cavabdeh Bəsti Quliyevanın oğlu Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha düşdüyü üçün onun fərdi yaşayış evinə dair hüququ qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.

47. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

48. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

49. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçının cavabdeh Bəsti Quliyevanın ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

51. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

52. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdeh Bəsti Quliyevanın ev üzərindəki mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır.

54. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

55. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

56. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

59. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1603/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar