Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-305/2023 12.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Əbdüləzimova (Əliyeva) Səkinə Əhməd qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: cavabdehlər tərəfindən zəbt edilmiş giriş-çıxış yolundan cavabdehlərin çıxarılması, ərazinin təmizlənməsi və yol sahəsinin onların ixtiyarına verilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-325/2022 saylı mülki iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan JN-105 F Kod 61112005 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə Əbdüləzimova (Əliyeva) Səkinə Əhməd qızının, İddiaçı3 və İddiaçı2 mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan Tərtər rayon Bələdiyyəsində xx.xx.2022-ci ildə Tərtər rayon Soyulan Bələdiyyəsinin sədri Natella İbrahimovanın, Tərtər rayon Soyulan kənd İƏD-i üzrə nümayəndənin vəzifəsini icra edən Tofiq Ələkbərovun və kənd sakini İddiaçı2 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, İddiaçı2 müraciəti əsasında ona və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilməsini xahiş etmişdir. Birgə baxış zamanı məlum olmuşdur ki, kənd sakini İddiaçı2 yaşayış evinin giriş hissəsinin sol cinahında əl qapısı yerləşir. Həmin qapının bağlı olduğunun şahidi olmuşlar. İddiaçı2 əl qapısının qonşusu Cavabdeh1 tərəfindən bağlandığını bildirmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Tərtər rayon Soyulan kəndində Cavabdeh2 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə və yaşayış evinə verilmiş **********26-10301 reyestr nömrəli Texniki Pasportunda qeydiyyata alınmış torpaq sahəsinin sərhəddini 33 kv. metr artıraraq iddiaçının həyətyanı torpaq sahəsindən yola çıxan giriş-çıxış yolunu çəpərləyərək istifadə etmişdir. Tərtər rayonu Soyulan kəndində Cavabdeh2 torpaq sahəsinin sərhəddini 33 kv.metr artıraraq iddiaçının həyətyanı torpaq sahəsindən yola çıxan giriş-çıxış yolunu cəpərləyərək istifadə etdiyi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar Əbdüləzimova (Əliyeva) Səkinə Əhməd qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Tərtər rayon məhkəməsinə müraciət edərək Tərtər rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə onların xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayon Soyulan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən yola çıxan və cavabdeh tərəfindən zəbt edilmiş giriş-çıxış yolundan cavabdehlərin çıxarılması, ərazinin təmizlənməsi və həmin yol sahəsinin onların ixtiyarına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmənin icraatında olduğu zaman Cavabdeh2 cavabdeh kimi işdə iştiraka cəlb edilmişdir.
5. Tərtər Rayon Məhkəməsinin 2(061)-325/2022 saylı mülki iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tərtər rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə iddiaçılar Əbdüləzimova (Əliyeva) Səkinə Əhməd qızının, İddiaçı3 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Tərtər rayon Soyulan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən yola çıxan və özbaşına istifadə etdikləri giriş-çıxış yolundan çıxarılmaları, ərazinin təmizlənməsi, həmin yol sahəsinin iddiaçıların ixtiyarına verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat pul vəsaitinin müştərək qaydada alınıb, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)- 325/2022 saylı mülki iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm iddiaçıların ərazisində, həm də onların ərazisində zəbt olunmuş ərazi vardır. Lakin, hakim zəbt olunmuş ərazinin araşdırılması və zəbt olunmuş torpaq sahəsi ilə bağlı ekspertiza keçirilməsi ilə bağlı heç bir addım atmamış, əsassız qətnamə qəbul etmişdir. Belə ki, zəbt olunmuş ərazi tam açıqlanmamışdır. Sözügedən ərazinin zəbt ərazisinə aid olması barədə heç bir açıqlama və ya ekspertiza rəyi yoxdur. Buna görə də qətnaməni əsassız hesab edir və qeyd edi ki, qətnamənin ləğvi üçün kifayət qədər əsaslar var. Qeyd etmişdir ki, iddiaçının onlara qarşı qaldırdığı iddia əsassızdır, hakim tərəfindən qərəzli qətnamə qəbul edilmişdir. Belə ki, hakim iddiaçının sözlərini mötəbər sübut kimi qəbul etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ümumiyyətlə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdr.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin 2(061)-325/2022 saylı mülki iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iştirak etmiş, apellyasiya şikayətini müdafiə etmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar Cavabdeh1, həmçinin digər idiaçılar və digər cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
16. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
17. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
29. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
30. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılar Əbdüləzimova (Əliyeva) Səkinə Əhməd qızı, İddiaçı2 və İddiaçı3 mülkiyyətindədir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.
31. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə işə baxarkən ekspertiza təyin etməmiş, yalnız mütəxəssis rəyinə istinad edərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
32. Apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 10/5131 nömrəli rəyinə əsasən iddiaçılara məxsus həyətyanı torpaq sahəsindən yola çıxan giriş-çıxış yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəpərləndiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir.
33. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıların qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.
35. İrəli sürülən iddia əsaslı olduğundan və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri Cavabdeh1 aid edilməli və 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-325/2022 saylı mülki iş üzrə 03 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.