Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-312/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh X10 İdarəsinin etibarnamə üzrə nümayəndsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X10 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(013)-2571/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, X3 İstismarı İdarəsinin İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli, 19 saylı əmri ilə həmin idarəyə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq elektrik montyoru vəzifəsindən azad edilmiş və işlə təmin olunması üçün yeni yaradılmış X10 İdarəsinin sərəncamına göndərilmiş, xx.xx.2015-ci il tarixdə elektrik montyoru işinə qəbul edilmiş və Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin 19 aprel 2024-cü il tarixli Əmri ilə ƏM-nin 70-ci maddəsinin «Ç» bəndinə uyğun olaraq onunla əmək müqaviləsinə xitam verilmişdir;
2. X10 İdarəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaradağlı kəndi üzrə elektrik montyoru işləyən İddiaçı işini buraxaraq Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləyir, idarəyə aid işini başlı-başına buraxaraq uzaq məsafədə yerləşən, həmin əraziyə gedibgəlmək üçün DİN xüsusi icazə forması ehtiyac olduğu halda necə keçməsi naməlum olaraq qaldığı halda ərazini tərk etmiş, işlədiyi subartezian quyusunu sahibsiz qoyaraq xeyli vaxtdır ki, iş yerində olmamış, sudan istifadə edən vətəndaşlar idarəyə gələrək və zəng edərək narazılıqlarını bildirmişlər. Onunla əlaqə saxlamaqlarına və işə dəvət olunmasına baxmayaraq o, geri, işinə qayıtmamış və 10 aprel 2024-cü il tarixdə sahə rəisi B.Zeynalova söz verməsinə, yaxınları ilə söhbət aparılaraq nizam-intizama dəvət edilməsi heç bir müsbət nəticə verməmişdir;
3. X10 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin baş mühəndisi X6 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, sahə rəisi işlədiyi Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı nizam-intizam qaydalarına əməl etmədiyini, üzrsüz səbəblərə görə mütəmadi olaraq iş yerində olmadığını, ona təhkim olunmuş subartezian quyularına xidmət etmək əvəzində maddiyyət müqabilində aşbazlıq işi ilə məşğul olduğunu, onun bu hərəkətlərinə görə dəfələrlə xəbərdarlıqlar edilsə də müsbət nəticə əldə etmək mümkün olmadığını, növbəti dəfə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq xx.xx.2024-cü ildə icazəsiz olaraq Xankəndi şəhərinə getdiyini və Meydan Restoranında aşbazlıqla məşğul olduğunu və subartezian quyularının iş rejiminin pozulduğu bildirilmişdir;
4. X10 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X4 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, elektrik montyoru işləyən İddiaçı onu saymadığını, günlərlə subartezian quyularına nəzarət etmədiyini, nəticədə kənd caamatının ondan və idarədən narazı qaldığını, Səbuhinin dəfələrlə icazəsizi olaraq Xankəndi şəhərinə, Şuşa şəhərinə aşbazlıq etmək üçün getdiyini, son dəfə xx.xx.2024-cü ildə kənd caamatının artezian quyusunun yiyəsiz qaldığını ona dediklərini bildirmişdir;
5. X10 İdarəsinin 18 mart 2024-cü il tarixli, 24 saylı əmrindən görünür ki, İddiaçı (elektrik montyoru) əmək intizamını pozduğuna və sahə rəisi tərəfindən verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-a bəndinə əsasən ona töhmət verilmişdir;
6. X10 İdarəsinin 11 aprel 2024-cü il tarixli, 30 saylı əmrindən görünür ki, İddiaçı (elektrik montyoru) üzrlü səbəb olmadan işə gəlmədiyi, töhmət elan edilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir;
7. X10 İdarəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı xidmət etdiyi 10/1065, 10/273, 10/301, 10/301 A, 10/1212 saylı subartezian quyularını nəzarətsiz buraxaraq Xankəndi Şəhərində aşbaz işləmək üçün getmiş, onu nizam-intizama dəvət etmək üçün çağırmışlar, İddiaçı onlara Meydan Restoranında işlədiyini, gələ bilməyəcəyini, müdirə tapşırılacağını, onunla heç kimin işi olmayacağını bildirmiş, ona nə qədər başa salsalar da işə qayıtmalıdır, ancaq geri qayıtmamış, vətəndaşların su ehtiyaclarını və onun geri qayıtmamasını nəzərə alaraq barəsində rəhbərlikdən tədbir görülməsini xahiş etmişlər;
8. X10 İdarəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı təhkim olunduğu subartezian quyularına su istifadəçiləri arasında narazılıq olduğuna görə yerinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, İddiaçı haqqında müvafiq tədbirlər görülməsinə baxmayaraq təkrar olaraq Xankəndi şəhərinə maddiyyət müqabilində getmiş və ona təhkim olunmuş subartezian quyularını nəzarətsiz qoymuş, onunla telefon əlaqəsi yaradılaraq iş yerini üzürsüz səbəbə görə niyə tərk etdiyi soruşulduqda İddiaçı orada ayda 1500 manat pul aldığını, ona görə də quyulara baxmaq ona sərf etmədiyini bildirmiş, bundan sonra nə qədər çalışsalar da o, iş yerinə qayıtmayacağını bildirmişdir;
9. X10 İdarəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən S.İddiaçı yenə də üzürsüz səbəblərə görə iş yerini tərk edərək Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləməyə getmiş, ona təhkim olunmuş subartezian quyuları nəzarətsiz qalmış, quylar vaxtında açılıb-bağlanmamış, nəticədə su istifadəçiləri arasında narazılıq yaranmış, yenə də onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edilərək niyə işdə olmadığı soruşulduqda o, "mən burada pul qazanmağa gəlmişəm, subartezian quyularına baxmaq mənə sərf etmir" bildirmişdir, nə qədər çalışsalar da o, geri iş yerinə gəlməmişdir;
10. X10 İdarəsinin rəisi H.Əzimzadəyə baş mühəndis X6 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, sahə rəisi işlədiyi Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı nizamintizam qaydalarına əməl etmədiyi, idarə tərəfindən verilən tapşırıqları yerinə yetirmədiyi, üzürsüz səbəblərə görə işlədiyi vaxt iş yerini tərk etdiyi, ona təhkim olunmuş subartezian quyularını vaxtında açıb-bağlamadığı, nəticədə su istifadəçiləri ilə idarə arasında ciddi narazılıqlar yarandığı, edələn xəbərdarlıqlara baxmayaraq İddiaçı Xankəndi şəhərinə aşbaz işləməsi üçün üzürsüz səbələrə görə gedərək ona təhkim olunmuş subartezian quyularını tam nəzəratsiz qoyduğu bildirilmişdir;
11. X10 İdarəsinin rəisi H.Əzimzadəyə Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X4 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, Qaradağlı kəndində elektrik montyoru işləyən İddiaçı idarə tərəfindən verilən tapşırıqların yerinə yetirmədiyi və icazəsiz olaraq ərazini tərk etdiyi bildirilmişdir;
12. X10 İdarəsinin xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı dəfələrlə olduğu kimi yenə də iş yerini tərk etmiş, təhkim olunduğu subartezian quyularını nəzarətsiz qoymuş, vətəndaşlarla idarə arasında narazılıq yaratmış, Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləməyə getmiş, onunla telefon əlaqəsi yaradılaraq niyə işdə olmadığı, ona təhkim olunmuş subartezian quyularına xidmət göstərmədiyini soruşmuşlar, cavabında İddiaçı bildirmişdir ki, Xankəndi şəhərində işləyir, idarədə işləmək, subartezian quyularına baxmaq ona sərf etmir;
13. X10 İdarəsinin rəisi H.X1 Komitəsinin sədri H.Əmirzadəyə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, X10 İdarəsinin Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı işində ciddi noqsanlara yol vermiş, işinin öhdəsindən gələ bilməmiş, ona təhkim olunmuş subartezian quyularının iş rejiminə nəzarət etməmiş, nəticədə suvarmaya ciddi təsir göstərərək su istifadəçiləri ilə idarə arasında gərginlik yaratmış, İddiaçı işində yol verdiyi nöqsanların müzakirəsi, işinə davam və ya xitam verilməsinin müzakirəsi üçün Həmkarlar İttifaqının yığıncağının keçirilməsi və qərar qəbul edilməsi xahiş olunmuşdur;
14. X10 İdarəsi Həmakrlar İttifaqı Təşkilatının xx.xx.2024-cü il tarixli yığıncağın 04 saylı Protokolundan görünür ki, əmək və icra intizamını dəfələrlə pozduğuna, verilən tapşırıqları yerinə yetirmədiyinə, İddiaçı intizam hərəkətləri haqqında yazılan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatları, 09-10-11-12-15- 16-xx.xx.2024-cü il tarixli aktları, xx.xx.2024-cü il tarixli töhmət, xx.xx.2024-cü il tarixdə şiddətli töhmət və elektrik montyoru İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli izahatlarına baxmayaraq heç bir nəticə çıxarmadığına görə Qaradağlı ərazisi üzrə elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir;
15. X10 İdarəsinin 19 aprel 2024-cü il tarixli, 33 saylı əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı – əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna və sahə rəisi tərəfindən verilmiş tapşırıqları yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir;
16. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 avqust 2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh X10 İdarəsinə iddia ərizəsi ilə müraciət edərək, X10 İdarəsinin 19 aprel 2024-cü il tarixli 33 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi və X10 İdarəsində elektrik montyoru işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 İstismarı İdarəsinin xx.xx.2011-ci il tarixli 19 saylı əmri ilə həmin idarəyə elektrik montyoru vəzifəsinə təyin edilmiş, həmin idarə 2015-ci ildə ləğv edilərək yerinə X10 İdarəsi yaranmışdır. İdarənin xx.xx.2015-ci il tarixli, 04 saylı Əmri ilə elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə vacib işi olduğu üçün sahə rəisi Bədrəddin Zeynalova işə gəlməyəcəyi ilə bağlı məlumat verərək ondan icazə almış, 2024- cü ilin may ayının sonunda bilmişdir ki, işdən azad edilmişdir. Çünki aprel ayı da əmək fəaliyyətini davam etdirmiş və həmişə aldığı (340 manat) məbləğdə maaş almışdır. İşdən azad edilməsini eşitdikdən dərhal sonra idarənin rəhbərliyinə işdən azad edilməsi ilə bağlı əmrin qanunusuz olduğunu bildirmiş və müvafiq orqanlara müraciət etmək üçün əmrdən çıxarışın və əmək kitabçasının ona verilməsini tələb etmiş, çox çətinliklə işdən azad edilməsi ilə bağlı əmrdən çıxarışı xx.xx.2024-cü il tarixdə almışdır. İdarənin xx.xx.2024-cü il tarixli, 33 saylı Əmri ilə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud surətdə pozduqda) xitam verildiyi göstərilmiş, əsas kimi sahə rəisinin məlumatları göstərilmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilən X10 İdarəsinin sahə rəisi X4 ifadəsində göstərmişdir ki, idarənin elektrik montyoru İddiaçı icazəsi olmadan iş saatlarında işdə olmur. Hətta 10 günlərlə işinə gəlmir. İddiaçı Xankəndi şəhərinə gedərək orada Meydan Restoranında işləmişdir. Ona zəng edib işinə dəvət etmiş, İddiaçı ona bildirmişdir ki, işə gəlməyəcək. İddiaçıla söhbətlər aparılıb, lakin faydası olmayıb.
20. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, 2008-ci ildən idarənin baş mühəndisidir. İdarədə hamı öz işi ilə məşğuldur. Öz işi ilə məşğul olan işçilərə həmişə diqqət olunur. İddiaçı xidmət etmək üçün 5 ədəd su quyuları verilib. Həmin quyulara İddiaçı vaxtında qulluq etmir, suyu açıb-bağlamır. İddiaçı Xankəndi şəhərinə gedib orada aşbazlıq edir. Dəfələrlə onunla söhbətlər aparılıb, lakin nəticəsi olmamışdır. İşinin öhdəsindən gəlmədiyi üçün hətta İddiaçı idarənin təmir sexində başqa iş təklif edilmiş, o, yenə razılaşmamışdır.
21. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, 2015-ci ildən həmin idarədə işləyir, hazırda idarənin rəis müavini vəzifəsini icra edir. İddiaçı tərəfindən ona təhkim olunmuş su quyuları dəfələrlə sahibsiz qalıb. Sahə rəisi dəfələrlə bu barədə idarə rəhbərliyinə müraciət edib, İddiaçı işdə tapılmadığını və ayrı-ayrı yerlərdə aşbazlıq etməsini bildirib.
22. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, 2015-ci ildən idarənin anbardarıdır. İddiaçı xidmət etmək üçün həvalə edilmiş su quyuları sahibsiz qalır, əhali narazılıq edir. Həmin quyulara İddiaçı vaxtında qulluq etmir, açıbbağlamır. Sahə rəisi telefonla zəng edir, İddiaçı Xankəndi şəhərində olmasını, aşbazlıq etməsini bildirir, işə gəlməyəcəyini bildirir. İddiaçı idarə müdirinin çağırışlarına gəlmir.
23. Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(013)-2571/2024 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələbinin təmin edilməməsi; İddiaçı - X10 İdarəsi üzrə barəsində verilmiş 19 aprel 2024-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinin təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 9, 68.1, 70-ci maddəsinin “ç” bəndinə, həmçinin 72-ci və 80-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icazə almağına baxmayaraq işdən azad olunmağı ona qarşı qərəzli hərəkətlərin nəticəsidir. Cavabdehin müdafiəsində göstərdiyi xüsusatlardan ona edilən telefon zəngləri ilə əlaqədar hissəsi əmək qanunvericiliyinə ziddir və məhkəmə tərəfindən diqqətə alına bilməz. Həmçinin, özü də izahat verməkdən imtina etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2011-ci ildən cavabdeh təşkilatda elektrik vəzifəsində işləmişdir. Yalnız 1 gün işdə olmamışdır. Hesab edir ki, işdən çıxarılmağı barədə əmr qanunsuz olmuşdur. Belə ki, 09 aprel 2024-cü il tarixdə işə çıxmamışdır. Həmin günlər üçün sahə rəisindən icazə almışdır. Lakin, daha sonra cavabdeh təşkilat bunu etiraf etməmişdir. İş materiallarına əlavə edilmiş aktlar saxtadır. Cəmi 1 gün icazə ilə işə getməmişdir. Həmin günişə getməməsinə səbəb Ramazan Bayramında iftar üçün Xankəndi şəhərinə getməsi olmuşdur. İş qrafiki səhər 09:00-dan 18:00-dək olduğu halda, o və digər işçilər gün ərzində 20 saat işləmişlər. Bundan əlavə hər üç aydan bir onlara mükafat yazılsa da, sonradan həmin pul onlardan geri alınmışdır. May ayı ərzində işləsə də, əmək haqqı yazılmadığına görə cavabdeh təşkilata müraciət edərkən işdən azad edildiyini bildirmişlər. Rəsmi olaraq bayram günlərində işləməsə də, lakin istehsalat sahəsi olduğundan hər hansı problem olduqda işə çıxmışlar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yeganə çıxış yolu iddiaçının telefonunun anten məlumatlarının çıxarılmasıdır ki, həmin məlumatlardan iddiaçının iş saatlarında işdə olduğu müəyyən edilsin. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 İdarəsinin etibarnamə üzrə nümayəndsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı rəsmi olaraq işdə olmadığına görə bu barədə müvafiq aktlar tərtib edilmişdir. İddiaçı işə gəlmədiyinə görə təşkilatın məsul şəxslərindən icazə aldığını bildirsə də, əslində onun belə bir müraciəti olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 18 mart 2024-cü il tarixli əmrlə iddiaçının barəsində tətbiq edilmiş töhmət ləğv edilməmişdir. İşçilər sahə rəisinə təhkim olunur, onun vasitəsilə işə çağırılsa da, iddiaçı işə gəlməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
32. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
33. 70-ci maddənin ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
34. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
36. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
37. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
38. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
39. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
40. Maddə 186. İşəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
41. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
42. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, işçi İddiaçı ilə X3 İstismarı İdarəsinin İstismar Sahəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi İddiaçı idarəyə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq elektrik montyoru vəzifəsindən azad edilmiş və işlə təmin olunması üçün yeni yaradılmış X10 İdarəsinin sərəncamına göndərilmiş, xx.xx.2015-ci il tarixdə də qeyd olunan təşkilatda elektrik montyoru vəzifəsində işə qəbul edilmişdir. İşçi İddiaçı əmək intizamını pozduğuna və sahə rəisi tərəfindən verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etmədiyinə görə X10 İdarəsinin 18 mart 2024-cü il tarixli, 24 saylı əmri ilə ona töhmət verilmişdir. Bundan sonra işçi İddiaçı xx.xx.2024-cü il tarixdə hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün cavabdeh təşkilatın səlahiyyətli subyektləri tərəfindən bu barədə akt tərtib edilmiş, həmçinin təşkilatın 11 aprel 2024-cü il tarixli 30 saylı əmri ilə işçi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Daha sonra İddiaçı 12, 15, 16 və 17 aprel 2024-cü il tarixlərdə işə gəlmədiyi üçün yenə bu barədə akt tərtib edilmişdir. Cavabdeh təşkilat tərəfindən işçi İddiaçı işdən çıxarılması barədə həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və həmin təşkilat tərəfindən işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tövsiyə edilmişdir. Bundan sonra cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 33 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İşçi İddiaçı həmin əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
56. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, xx.xx.2015-ci il tarixdə müvafiq əmrlə cavabdeh təşkilatda elektrik vəzifəsində işə qəbul edilmiş, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 33 saylı əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.
57. İşin müəyyən olunan digər halına görə, İddiaçı (elektrik montyoru) əmək intizamını pozduğuna və sahə rəisi tərəfindən verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-a bəndinə əsasən ona 18 mart 2024-cü il tarixli, 24 saylı əmrlə töhmət verilmişdir. Bundan sonra İddiaçı (elektrik montyoru) üzrlü səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə əsasən sonuncu xəbərdarlıqla ona 11 aprel 2024-cü il tarixli, 30 saylı əmrlə şiddətli töhmət verilmişdir.
58. İş materiallarından həmçinin aydın olur ki, işçi İddiaçı 12, 15, 16 və 17 aprel 2024-cü il tarixlərdə yenidən işə gəlməməklə əmək müqaviləsi üzrə üzərində düşən vəzifələlərini icra etməmişdir.
59. İş materiallarında olan, “X10 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12, 15, 16 və 17 aprel 2024-cü il tarixli aktlardan aydın olur ki, iddiaçı həmin tarixlərdə heç bir səbəb göstərmədən işə gəlməmiş, telefon zənglərinə (070 942 20 09) cavab verməmişdir.
60. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, “X10 İdarəsi Həmakrlar İttifaqı Təşkilatının xx.xx.2024-cü il tarixli, qərarına əsasən, İddiaçı əmək və icra intizamını pozduğuna və üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.
62. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Elnur Həsənova 18 mart 2024-cü il və 11 aprel 2024-cü il tarixlərdə əmək intizamını pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə iki intizam tənbehi verilmiş və bununla belə 12, 15, 16 və 17 aprel 2024-cü il tarixlərdə işə gəlməmişdir.
63. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçıya əvvəlcə töhmət və şiddətli töhmət, sonradan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, üzürlü səbəb olmadan işə gəlməməsi, habelə əvvəllər də intizam tənbehi aldığı əsas götürülmüşdür.
64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(013)-2571/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.