Məhkəmə qərarları › İş №2(104)-320/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-320/2025

25.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-320/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunun açılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-1335/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 25 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu Əlibəyli kəndində xüsusi mülkiyyət hüququ üzrə 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Tovuz RKCİ-yə məxsusdur;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda Tovuz rayonu Əlibəyli kəndində yerləşən Tovuz RKCİ-yə məxsus 95,4 kv.m. ümumi sahəsi olan mağazanın hüquq subyekti kimi İddiaçı göstərilmişdir;

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Əlibəyli və Hacallı kəndləri Ermənistanla sərhəd boyunca yerləşdiyindən həmin kəndlərdə islahat aparılmamışdır. Ona görə də ƏMDX-nin bazasında həmin kəndlər barədə hər hansı elektron xəritə materialları mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin şimal və cənub tərəfinə Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulmuş və 50.5 metrə qədər daş hasara alınmışdır. Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və baza məlumatlarında da hər hansı məlumat mövcud deyil. Qeyd: Rəyin tərtib edilməsi Əlibəyli və Hacallı kəndlərində islahat getmədiyinə görə və həmin kəndlər barədə ƏMDX-nin elektron bazasında hər hansı məlumat olmadığına görə yalnız ortofoto görüntülərinə və faktiki istifadəyə istinad edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Hacallı kəndində yerləşən cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yolun açılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Hacallı kəndində qeyriyaşayış binası həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeyri-yaşayış binası qeydə alınmışdır. Hacallı kəndi Ermənistan Respublikası ilə sərhəd olduğu üçün islahat aparılmamışdır. Həyətyanı torpaq sahələrinə müvafiq şəhadətnamə verilməmişdir. Cavabdehə də məxsus Hacallı kəndində fərdi yaşayış evi vardır. Cavabdeh ona məxsus evin, həyətyanı torpaq sahəsinin və qeyriyaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolu tutmuşdur. Yolun eni əvvəllər 8-10 metr olmuşdur. Lakin cavabdeh ümumi istifadədə olan yolu tutaraq öz istifadəsində olan həyətyanı torpaq sahəsinə birləşdirmiş və daş hasarla əhatəyə almışdır. Cavabdeh həmin torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi istifadə edir. Hətta orada inşaat işləri apararaq çardaq tikdirmişdir. Bu barədə Hacallı bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etmişdir. Hətta Tovuz rayon İcra Hakimiyyətində belə yolun açılması ilə bağlı məsələ qaldırmışdır. Lakin şikayətləri nəticə verməmişdir. Cavabdehin apardığı tikinti işlərinə heç bir icazə alınmamışdır. Cavabdeh onun evinə, həyətyanı torpaq sahəsinə və qeyri-yaşayış binasına gediş-gəliş yolunu zəbt edərək gediş-gəlişini məhdudlaşdırmışdır

6. Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-1335/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) İddiaçı Cavabdeh qarşı «yolun açılması və özbaşına tikilinin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 180.1 və 180.4-cü maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 47-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra nümayəndəliyinə, həmçinin bələdiyyəyə müraciət etməklə yolun açılması məsələsini qaldırmışdır. Bundan başqa, ona məxsus əmlaka gediş-gəliş yolunun bağlanmasından söhbət gedir. Mülkiyyətində başqa torpaq sahəsindən və ərazidən yolun olması o demək deyil ki, Cavabdeh yolu özbaşına bağlamalıdır. Mülkiyyətimdə olan torpaq sahəsinə və fərdi yaşayış sahəsinə sərbəst şəkildə getməyinin qarşısı kiminsə tərəfindən məhdudlaşdırıla bilməz. Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmaması və onun yol üzərində özbaşına tikili inşa edərək oraya darvaza qoyması məhkəmə tərəfindən müəyyən edilsə də, lakin buna heç bir məhəl qoyulmaması işin ədalətli həll olunmadığını göstərir. Amma məhkəmə hər şeydən öncə ədaləti təmin etməli idi. Məhkəməyə yerində baxış keçirilməsini təklif etsə də, onun fikrinə heç bir məhəl qoyulmamışdır. Halbuki, torpaq sahəsinə yerində baxış keçirilsəydi, bir çox hallar üzə çıxa bilərdi. Bundan başqa, gediş-gəliş yolunun mövcud olması ağlabatanlıqla deyil, müvafiq sənədlərlə müəyyən olunur. Yol olsa belə həmin yolla əlaqəsinin olmaması fikri isə yəqin ki, məhkəmənin həmin ərazini görməməsi ilə bağlıdır. Axı yol ona məxsus sahənin qarşısından keçir və yolun birbaşa həmin əmlakla əlaqəsi mövcuddur. Məhkəmədə Cavabdeh ona məxsus olmayan torpaq sahəsində tikinti aparması öz təsdiqini tapmışdır. Əgər daşınmaz əmlaka gediş-gəliş yolunda hər hansı mane mövcuddursa, bu hal da mülkiyyətin toxunulmazlığının pozulması kimi qiymətləndirilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin evinin yerləşdiyi torpaq sahəsi yola düşür. Evindən əlavə onun həyətyanı sahəsi də yola düşür. Kənddə islahat getmədiyinə görə evlərin heç birinin sənədi yoxdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, qeyri-yaşayış obyektinin magistral yola çıxışı var. Lakin, cavabdeh orada heyvan saxlayır, həmin yerin tullantıları onun qapısının qabağını tutur, ətrafı bürüyən qoxudan orada yaşamaq mümkün deyildir. Qeyriyaşayış yerinin yanında yaşayış yeri də var. Mağaza ilə cavabdehin tikdirdiyi yer arasında yol qalmamış, 12 metrlik yoldan cəmi bir cığır qalmışdır. Evlərin sənədləri yoxdur, anbarın və mağazanın isə texniki pasportu vardır.

12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun evinin iddiaçının iddia etdiyi yola, ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. İş üzrə ekspert rəyi var ki, iddiaçı qapısını onun anbarının yerinə qoymuşdur. Bakı şəhərində olarkən onun dəmir çəpərini sökmüşlər. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçının evi əvvəlcədən var idi, evindən 30 metr aralıda qapı qoyub.

13. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Kənddə islahat getmədiyinə görə evlərin heç birinin sənədi yoxdur. Cavabdehə məxsus darvaza götürülərsə ümumi istifadədə olan yola gediş-gəlişi mümkün olar. Cavabdehin axırıncı inşa etdirdiyi tikiliyə görə əraziyə yük maşını vasitəsilə su gətirilməsi mümkün olmamışdır. Verilmiş suala cavab olaraq İddiaçı bildirmişdir ki, Tovuz rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi var kürəkəninə məxsusdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

15. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

16. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

17. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

18. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Tovuz rayonu Əlibəyli kəndində xüsusi mülkiyyət hüququ üzrə 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Tovuz RKCİ-yə məxsusdur. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda Tovuz rayonu Əlibəyli kəndində yerləşən Tovuz RKCİ-yə məxsus 95,4 kv.m. ümumi sahəsi olan mağazanın hüquq subyekti kimi İddiaçı göstərilmişdir. İddiaçı Cavabdeh ona məxsus evin, həyətyanı torpaq sahəsinin və qeyri-yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolu tutduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına gediş-gəliş yolu iddiaçının iddia etdiyi yerdən nəzərdə tutulmamışdır. Hansı ki, mütəxəssis rəyinə əlavə olunan ortofoto görüntülərə istinad edilərək tərtib edilmiş plan sxemindən bunu aydın görmək olur. Həmin plan sxemdən müəyyən edilir ki, gediş-gəliş yolu kimi nəzərdə tutulmuş Əlibəyli-Hacallı yolu cavabdeh tərəfindən zəbt edilməmişdir. Doğrudur ki, cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsi vardır. Ancaq həmin yer gediş-gəliş yolu üçün nəzərdə tutulmuş ərazi deyildir. Həmin torpaq sahəsinin gediş-gəliş yolu kimi olması yalnız iddiaçının özü tərəfindən iddia edilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən yol kimi iddia olunan torpaq sahəsi ilə ona məxsus qeyri-yaşayış binasının arasında başqa boş torpaq sahəsi də mövcuddur. Bu ona dəlalət edir ki, zəbt edilmiş ərazi ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının ümumiyyətlə birbaşa əlaqəsi yoxdur. Yəni birbaşa əlaqə olmadığından həmin ərazinin gediş-gəliş yolu olması ağlabatan deyildir. Plan sxemdən bu hallar aydın görünür. Zəbt edilən ərazinin ümumi istifadədə olması halı olsa belə, iddiaçıya məxsus qeyri-yaşayış binasına gediş-gəliş yolu oradan nəzərdə tutulmadığından iddianın təmin edilməsindən söhbət gedə bilməz. Zəbt olunan bir ərazi olsa belə ilk növbədə bu halların iddiaçının hüquqlarını pozması şəraiti baş tutmalıdır ki, onun həmin ərazinin zəbtdən azad edilməsi və orada olan tikililərin sökülməsini tələb etmək hüququ yaransın. Hazırkı mübahisə üzrə isə zəbt edilmiş ərazinin iddiaçının mülkiyyətində olması və ya onun mülkiyyətində olan əmlaklara gediş-gəliş yolunu məhdudlaşdırması halı yoxdur. Yəni, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa sahib deyildir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Məsələnin hərtərəfli və obyektiv həlli üçün ilk növbədə iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulmuşdursa da həmin yolun cavabdehin istifadəsində olan sahədən keçib-keçməməsi araşdırılmalıdır. Göstərilən halların araşdırılması bu sahədə ixtisaslı şəxslərin (mütəxəssis) rəyi ilə müəyyən oluna bilər. Bu isə MPM-nin 64-cü maddəsinə əsasən, işə baxılarkən mütəxəssis cəlb edilməsi zərurətini doğurur.

34. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mütəxəssis rəyi alınmış və rəyə əsasən müəyyən edilmişdir ki, Əlibəyli və Hacallı kəndləri Ermənistanla sərhəd boyunca yerləşdiyindən həmin kəndlərdə islahat aparılmamışdır. Ona görə də ƏMDX-nin bazasında həmin kəndlər barədə hər hansı elektron xəritə materialları mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin şimal və cənub tərəfinə Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulmuş və 50.5 metrə qədər daş hasara alınmışdır. Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və baza məlumatlarında da hər hansı məlumat mövcud deyildir.

35. Beləliklə, iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus (hüquq subyekti İddiaçı) qeyri-yaşayış binasına gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan yoldan deyil, iddiaçının adına verilmiş texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur.

36. Göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdi yol deyil, başqa bir yoldur (bax rəyə əlavə edilmiş ortofoto görüntülərə). Bu halda, iddiaçı cavabdehin faktiki istifadəsində olan sahənin gediş-gəliş yolu kimi istifadə məqsədilə açılmasını tələb etməkdə haqlı olmamışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Tovuz rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinə yolun açılmasını iddia etsə də, lakin işin hallarından göründüyü kimi həmin ev ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, İddiaçı hazırkı məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, sözügedən ev kürəkəninə məxsusdur (bax bu qətnamənin 13-cü bəndi). Göründüyü kimi, iddiaçı nə həmin tikilinin (evin) mülkiyyətçisi, nə də ki, tikiliyə sahiblik və istifadə hüquqları həyata keçirən şəxs deyildir. Belə olan təqdirdə, iddiaçı həmin tikiliyə gedən yolun açılması barədə tələb irəli sürməkdə subyektiv hüququ yoxdur.

38. Beləliklə, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, gediş-gəliş yol kimi iddia edilən ərazinin açılmasından irəli gələn digər tələb üzrə (orada yerləşən tikilinin sökülməsi) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki, yolun açılması hissədə tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. O cümlədən, mübahisə edilən ərazinin gediş-gəliş yolu olmaması, habelə iddiaçının həmin əraziyə nə mülkiyyət hüququ, nə də ki, qanundan irəli gələn hər hansı hüququnun mövcud olmaması barədə işin halları bir daha ona dəlalət edir ki, tikililərin sökülməsi barədə tələbin təmin edilməsindən söhbət gedə bilməz. 40 Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-1335/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar