Məhkəmə qərarları › İş №2(104)-321/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-321/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-321/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-1361 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu İddiaçıdur. Miras əmlak mərhuma məxsus Tovuz rayonu, Qandallar kəndində yerləşən 0,52 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 106.5 kv.m. olan fərdi yaşayış evindən ibarətdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Qandallar kəndində 0,52 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,50 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona məxsus olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2019-cu ildə evlənib ailə qurmuş və nikahlarını 2021-ci ildə rəsmi qeyd etdirmişlər. Sonradan xasiyyətlərində uyğunsuzluq yarandığı üçün ayrılmışlar və nikahları qarşılıq razılıq üzrə qeydiyyat şöbəsində xx.xx.2024-cü ildə pozulmuşdur. Mərhum anası X1 adına Tovuz rayonu, Qandallar kəndi ərazisində yerləşən fərdi yaşayış evi qeydə alınmışdır. Anası xx.xx.2020ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra miras əmlakı o qəbul etmişdir və xx.xx.2021-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hazırda cavabdeh ilə aralarında olan ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh ona məxsus fərdi yaşayış evindən çıxmır. Nəticədə onun mülkiyyət hüquqları məhdudlaşır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qandallar kəndində 0,52 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,50 kv.m. olan fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik və ondan istifadə etməkdə sərbəst olduğundan, onun pozulmuş mülkiyyət hüququnun bərpa və müdafiəsinin təmin edilməsi baxımından cavabdehin ona məxsus mübahisəli daşınmaz əmlakdan çıxarılması qanuni və ədalətli olar.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsinə əsasən, iddiaçının onu evdən çıxarmaqla bağlı iddiası təmin olunmuş, İddiaçı xüsusi mülkiyyətində olan Tovuz rayonu Qandallar kəndində 0.52 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.50 kv/m olan fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Həmin qətnamə ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə verilmişdir. Lakin o, məhkəmənin həmin qətnaməsindən narazıdır. Belə ki, o, iddiaçı ilə 6 ildir ki, ailə qurmuş və həmin evdə yaşamışdır. Uzun illər iddiaçının yataq xəstəsi olan anasına qulluq etmiş, əvvəllər aralarında heç bir narazılıq olmamışdır. İddiaçı mütəmadi alkoqollu içkilər qəbul etmişdir, demək olar ki, hər gün yaşadıqları evdə dostları ilə bəzən də, səhərə qədər davam edən içki məclisləri təşkil etmişdir. O, iddiaçıya bu barədə irad tutarkən o, onu təhqir edib, onu boşayacağını demişdir. Belə də olmuşdur. Bundan sonra da, iddia qaldırıb onu evdən çıxartmağa çalışır. Qeyd edir ki, onun 2-ci, iddiaçının isə 3-cü evliliyidir. O, bu yaşında başqa adamların evinə sığına bilmir, başqa yerdə yaşamağa maddi imkanı da yoxdur. Maddi vəziyyəti aşağıdır, kreditləri var. Hesab edir ki, iddiaçı ilə aralarında yaranmış mübahisə 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları ilə tənzimlənməlidir. Mənzil Məcəlləsinin 30.4cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunun mənasından belə başa düşür ki, onlar arasında nikah pozulmuşsa, hesab olunur ki, ailə münasibətlərinə xitam verilmişdir və iddiaçının keçmiş ailə üzvü olduğundan onun istifadə hüququ saxlanmır. Lakin, keçmiş gəlinin başqa yaşayış sahəsi əldə etməyə imkanı, yəni gedəsi və qalası yeri olmadıqda, çıxılmaz vəziyyətdə qalarsa, bu zaman evə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsaslanaraq, “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun tanınması” barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, onun da başqa yerdə yaşamağa imkanı yoxdur və həqiqətən də çıxılmaz vəziyyətdə qalmışdır. Tovuz rayon məhkəməsi onun başqa yerdə yaşamaq imkanının olub-olmamasını araşdırmamışdır.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ondan sosial yardım almaq üçün boşanmışdır. Aralarında heç bir problem olmamışdır. İddiaçının əmisioğlu onların ailəsini dağıtmışdır. Ev iddiaçının anasının evi olmuşdur. 2019-cu ildə evlənmişlər. Hazırda qohumlarına məxsus evdə yaşayır. Həmin evdən müvəqqəti yaşamaq hüququ istəyir.

13. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, xeyli vaxtdır evinə girə bilmir. Cavabdehin müdaxiləsi onun mülkiyyətindən istifadə etməsinə maneə yaradır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:

14. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə İ hissəsi:

15. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

19. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

20. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərarı:

21. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum anası X1 adına Tovuz rayonu, Qandallar kəndi ərazisində yerləşən fərdi yaşayış evi qeydə alınmışdır. Anası xx.xx.2020-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra miras əmlakı o qəbul etmişdir və xx.xx.2021-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ccavabdeh ilə 2019-cu ildə evlənib ailə qurmuşdur. Xasiyyətlərində uyğunsuzluq yarandığı üçün ayrılmış və nikahları qarşılıqlı razılıq üzrə qeydiyyat şöbəsində xx.xx.2024-cü ildə pozulmuşdur. Lakin cavabdeh ilə aralarında olan ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmaq istəmir və müvəqqəti istifadə hüququ tələb edir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Hazırki mübahisə üzrə cavabdehin özünün xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil vardır. Yəni cavabdeh özünü başqa yerdə yaşayış sahəsi ilə təmin etməyə imkanına malikdir. Odur ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət saxlanılmasına zərurət deyildir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehin başqa yerdə yaşayış imkanının olub-olmamasını araşdırmaması ilə dəlilinə dair qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin başqa yerdə yaşayış yerinin olmasını araşdırmış, cavabdehin mülkiyyətində başqa yerdə evinin olmasını nəzərə alaraq, iddianı təmin etmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Ona görə də, kollegiya hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət saxlanılması zərurət deyildir.

37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2066/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar