Məhkəmə qərarları › İş №2(104)-323/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-323/2025

17.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-323/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, çəkilmiş xərcin qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 129/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır.

2. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, Yusubov Vüqar ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Tovuz regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində və sahibliyində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin keçmiş ərinin dayısıdır. Cavabdehin hazırda yaşadığı evinin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini Vüqar Yusubovun xahişinə əsasən, istifadə etmək üçün cavabdehə və onun ailə üzvlərinə verilmişdir. Həmin vaxt cavabdeh onun bacısı oğlu Vüqarla evli olmuşdur. Hazırda onlar ayrılmışlar və o, cavabdehin ona məxsus torpaq sahəsində yaşamağını istəmir. Ona görə də, ona məxsus 0,08 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq təhvil verilməsini istəyir. Odur ki, Cavabdeh onun mülkiyyətində və sahibliyində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh həmin evə köçən zaman orada tikili və hazır vəziyyətdə olan yaşayış yeri olmuşdur. Orada hər hansı təmir işi görmüşdürsə, bu barədə onun xahişi olmamışdır. Eyni zamanda cavabdeh heç bir yerdə işləməmiş, heç bir yerdən gəliri olmamışdır. Əri ilə hər hansı mübahisələri varsa, öz aralarında həll edə bilərlər.

5. Bundan sonra ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşadığı evə çəkdiyi xərcin geri qaytarılması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Vüqar Yusubov ilə evlənməmişdən qabaqdan dayısı, yəni İddiaçı 0,08 ha torpaq sahəsini onlara ev tikib köçmək üçün vermişdir. Əslində torpaq sahəsi ərinə məxsus olmuş, o, Gürcüstan vətəndaşı olduğuna görə öz adına torpaq sahəsi əldə edə bilməmiş, iddiaçı olan dayısı İddiaçı adına almışdır. Onun toyu olan zaman həmin torpaq sahəsində 1 otağı hazır olan evə gəlin köçmüşdür. Evli olduqları müddətdə keçmiş əri ilə birlikdə evi yenidən təmir etdirmiş, xeyli miqdarda həmin evə xərc qoymuşlar. Vüqar xaricdə işləyərək pul göndərmiş, o isə özünün və uşağının boğazından kəsərək evi təmir etdirmişdir. Belə ki, həmin evin tikintisinə 20000 manatdan artıq pul xərclənmişdir. Həmin vaxt alınan ləvazimatlar, materialların əksəriyyətinin fakturası və sənədləri, həmçinin şəkilləri vardır. Həmin sübutları da ərizəyə daxil etmişdir.

7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-129/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev), iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh İddiaçı məxsus 0,08 ha torpaq sahəsi və həmin sahədə olan tikilidən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinin təmin edilməməsi, 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulması qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.8-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı evdən çıxarılma tələbi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mülki iş materiallarından görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ilkin iddiaçının mülkiyyət hüququ vardır. Şəxsin gözlənilən mülkiyyət hüququnun olması mütləq mülkiyyət hüququ kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən sübut kimi Tovuz rayon PŞ-də qəbul edilmiş 27 aprel 2021-ci il tarixli qərara istinad etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar yalnız cinayət işinin olub-olmaması hissəsində preyudisial əhəmiyyət daşıyır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda ilkin İddiaçı evi o tikmiş izahatı heç bir halda mülki məhkəmə icraatına fərdi yaşayış evinin onun tərəfindən tikilməsi qənaətinə gəlinməsi üçün əsas hesab edilə bilməz. Həmçinin, İddiaçı evin qarşılıqlı iddiaçının mülkiyyətinə verilməsi izahatında şərt qoyur. Şərtin məzmunu isə aşağıdakılardan ibarət olmuşdur: Vüqarla Günel evin onların adlarına qeydiyyatda olmalarını istəyirlərsə, nikahda olmalarının vacibliyi vurğulanmış, əks halda Türkiyədə olan bacısı Əskinazın gəlməsini və o gəldikdən sonra kimə məsləhət bilərsə, onun adına keçiriləcəyini bildirmişdir. İddiaçı qeyd olunan şərti birmənalı olaraq evin onun tərəfindən tikilmədiyini təsdiq edir. Əgər evi sən tikmisənsə, niyə evin mülkiyyətə verilməsi ilə bağlı Əskinaz adlı şəxsin verə biləcəyi hər hansı şərtdən asılı edirsən. Qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən məhkəmənin gəlmiş olduğu nəticə odur ki, evin təmirinə çəkilmiş xərclərin konkret olaraq kimin tərəfindən çəkilməsi qeyri-müəyyəndir. Belə ki, iddiaçı həmin evə köçərkən evin bir otağının hazır olmasını bildirir, qalan hissələri isə evin içində yaşayarkən əri Vüqarın göndərdiyi vəsaitlə boğazından kəsərək təmir etdiyini bildirir. Belə olan halda məhkəmə hesab edir ki, ümumi evə ekspert tərəfindən müəyyən edilmiş xərcin nə qədər hissəsinin cavabdeh tərəfindən çəkilməsi qeyri-müəyyəndir. Cavabdeh evə xərcin onun tərəfindən çəkilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir. İşdə olan qaimələr isə heç bir möhürlə təsdiq olunmadığından məhkəmə tərəfindən sübut kimi qəbul olunmur. Məhkəmənin bu yanaşması da, həqiqəti əks etdirmir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi Vüqarın göndərdiyi vəsait hesabına tikilmiş, həmin vəsaitin göndərilmə vaxtı tərəflərin birgə nikah dövrünə düşür. Bu isə o deməkdir ki, məhkəmə ən azından ekspert rəyi ilə müəyyən edilmiş çəkilmiş xərcin yarısını qarşılıqlı iddiaçıya ödəməli idi.

Apellyasiya instansiyası məhkəməsində icraat, a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, Vüqar Yusubov ilə evlənməmişdən qabaqdan Vüqarın dayısı, yəni İddiaçı 0,08 ha torpaq sahəsini onlara ev tikib köçmək üçün vermişdir. Əslində torpaq sahəsi onun ərinə məxsus olmuşdur. Əri Gürcüstan vətəndaşı olduğuna görə öz adına torpaq sahəsi əldə edə bilməmiş, həmin torpağı iddiaçı olan dayısı İddiaçı adına almışdır. Onların toyu olan zaman həmin torpaq sahəsində 1 otağı hazır olan evə gəlin köçmüşdür. Evli olduqları müddətdə keçmiş əri ilə birlikdə evi yenidən təmir etdirmiş, xeyli miqdarda həmin evə xərc qoymuşlar. Vüqar xaricdə işləyərək pul göndərmiş, o isə özünün və uşağının boğazından kəsərək evi təmir etdirmişdir. Belə ki, həmin evin tikintisinə 20000 manatdan artıq pul xərclənmişdir. Həmin vaxt alınan ləvazimatlar, materialların əksəriyyətinin fakturası və sənədləri, həmçinin şəkilləri vardır. Həmin sübutları da ərizəyə daxil etmişdir. Hazırda nikahları pozulduğu üçün ona qarşı iddia qaldırılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, həqiqətən də qeyd edilən evdə ilk iddia üzrə cavabdeh və əri tərəfindən təmir işləri aparılmışdır. Lakin, onun iddia etdiyi qədər məbləğdə deyil, təqribən 1000-2000 manat aralığında xərc sərf edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

44. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ilk iddia üzrə Cavabdeh iddiaçının bacısı oğlu Vüqar Yusubovla ailə quraraq, mübahisəli torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçəndən sonra Cavabdeh Vüqar Yusubo tərəfindən orada əsaslı təmir işləri aparılmışdır. Hazırda onlar ayrılmışlar və iddiaçı onun həmin torpaq sahəsində yaşamağını istəmir. Onlar evli olduqları müddətdə həmin evi təmir etdirmiş, evə xeyli miqdarda xərc qoymuşlar. Evin təmiri üçün təxminən 20000 manat vəsait xərclənmişdir. Hazırda ilk iddia üzrə Cavabdeh həmin məbləği ilk iddia üzrə iddiaçıdan tələb edir.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 izahatında göstərmişdir ki, həqiqətən də qeyd edilən evdə ilk iddia üzrə cavabdeh və əri tərəfindən təmir işləri aparılmışdır. Lakin, onun iddia etdiyi qədər məbləğdə deyil, təqribən 1000-2000 manat aralığında xərc sərf edilmişdir.

47. Belə olan halda kollegiya ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı məxsus torpaq sahəsində yerləşən evdə şəxsi vəsaitləri hesabına təmir-tikinti işləri aparması qənaətinə gəlir.

48. Lakin, burada işin mübahiləsi halı həmin təmir tikinti işlərinə hansı məbləğdə xərc çəkilməsidir.

49. Məhkəmə kollegiyası tərəfindən bu məqsədlə Tovuz rayonu Əyyublu kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin təmiri üçün nə qədər vəsait xərclənməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Ekspertin xx.xx.2025-ci il tarixli, G-07/25-115 nömrəli rəyi ilə, Tovuz rayonu Əyyublu kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin təmirinə çəkilən xərc 19700 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci olan 500 manat ilk iddia üzrə Cavabdeh tərəfindən ödənilmişdir.

50. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

51. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

52. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır.

53. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

54. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 88, 101.7 və 103cü maddələrinin tələblərini rəhbər tutmaqla, mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərcin ekspert rəyi əsasında müəyyən edilməsi qənaətinə gəlir.

55. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilk İddiaçı bacısı oğlu ilə ilk iddia üzrə Cavabdeh birgə nikah dövründə şəxsi vəsaitləri hesabına təmir edildiyindən, həmin çəkilmiş xərcin yarısı, yəni 9850 manat ilk iddia üzrə iddiaçıdan tutulub, ilk iddia üzrə cavabdehə verilməlidir.

56. Bundan başqa kollegiya birinci instansiya məhkəməsinin ilk iddia tələbini təmin etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

57. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk iddia üzrə İddiaçı məxsusdur. İlk iddia üzrə Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsi bir mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarıdır.

58. Artıq qedy edildiyi kimi ilk iddia üzrə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

59. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

60. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

61. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

63. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

64. Göründüyü kimi, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

65. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

66. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

67. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə iş üzrə yeni qətnamə çıxarılmaqla, qaşılıqlı iddia tələbi qismən təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

73. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qismən təmin edildiyindən ödənilmiş 500 manat ekspertiza xərci tərəflərə aid edilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1, 405-407 və 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-129/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin edilməməsi - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 9850 (doqquz min səkkiz yüz əlli) manat alınaraq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza (qiymətləndirmə) xərci olan 500 (beş yüz) manat məbləğində pulun 250 (iki yüz əlli) manat hissəsi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qalan 250 (iki yüz əlli) manat hissəsi isə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar