Məhkəmə qərarları › İş №2(104)-326/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-326/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-326/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qazax rayon Kosalar Bələdiyyəsinin sədri (“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Canalı, Hüseynbəyli və Kosalar kəndləri Qazax rayon Kosalar Bələdiyyəsinin ərazisinə aid edilmişdir) X1 iştirakı ilə, İddiaçı Qazax rayon Canalı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-367/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-367/2024 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddianın təmin edilməsi, Qazax rayonunun Hüseynbəyli kəndi ərazisində yerləşən və Canallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarının sökülməsi, həmin torpaq sahəsinin Cavabdeh zəbtindən azad olunması və torpaq sahəsinin Qazax rayonu Canallı Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qazax rayon Canalı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş İddiaçı mülkiyyətinə verilmiş Qazax rayonu Hüseynbəyli kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarının sökülməsi, həmin torpaq sahəsinin zəbtdən azad olunması və həmin torpaq sahəsinin İddiaçınə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11 yanvar 2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi ilə Qazax rayonu Hüseynbəyli kəndində monitorinq keçirilən zaman müəyyən olunmuşdur ki, Qazax rayonu Hüseynbəyli kənd sakini Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla sərhəddən kənarda mülkiyyət, istifadə və icarə hüququ olmadan çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı tikintisi işləri aparıldığı məlum olmuşdur. Qeyd edilən ərazi bələdiyyənin ümumi istifadəsində olan torpaqlara aiddir. Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etmiş və həmin ərazidə qanunsuz tikinti işləri aparmışdır. Qanunsuz tikililərin sökülməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq və təklif edilsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olmamasını, cavabdehlərin dairəsini aydınlaşdırmamış, bunun nəticəsində ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı subyektiv hüququnun olmasına dair heç bir sübut təqdim etməmiş,cavabdeh kimi ondan başqa kimlərin olmasını aydınlaşdırmamışdır və beləliklə digər cavabdehlərin də hüquq və mənafelərinin pozulmasına səbəb olmuşdur. İddiaçı Qazax Rayon Canallı Bələdiyyəsi iddia etdiyi torpaq barədə hər hansı mülkiyyət sənədi təqdim etməmişdir. Mülki Məcəlləyə görə daşınmaz əmlaka mülkiyyət hüququ həmin hüququn dövlət reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 156-cı maddəsinin tələbinə görə, mülkiyyət hüququ ilə mənsub olan əmlak bələdiyyənin mülkiyyətidir. Ona görə də hesab edir ki, məhkəmə iddiaçının hər hansı bir sənədinin olub-olmamasını müəyyənləşdirməli idi. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirimiş və işin uzadılmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən gələməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qazax rayon Kosalar Bələdiyyəsinin sədri X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin torpaq sahəsinin uzun müddətdir istifadələrində olduğunu, zəbt sahənin adlarına sənədləşdirilməsi üçün bələdiyyəyə müraciət etmiş olsalar da nəticəsi olmadığını, digər mülkiyyətçi X2 anası olmaqla çoxdan vəfat etdiyini, zəbt torpaq sahəsində tikilmiş su anbarından qonşuların da istifadə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)- 367/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evinin Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə 501-3/178 inventar nömrə ilə X4 və Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ümumi birgə Cavabdeh, fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi ümumi birgə X2 mülkiyyətindədir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində monitorinq keçirilən zaman baxış keçirilmiş, təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti ilə ölçülmüş və Qazax rayonu Hüseynbəyli kənd sakini Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla sərhəddən kənarda mülkiyyət, istifadə və icarə hüququ olmadan çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı tikintisi işləri aparıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **********57-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Hüseynbəyli kəndində yerləşən Cavabdeh məxsus torpaq sahəsinin koordinatları müəyyən edildi. Baza məlumatlarına əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin xaricində, ümumi istifadədə olan torpaq sahəsində, əlavə tikililər - hamam və yeraltı su hovuzu mövcuddur. Məhkəmə kollegiyasının xx.xx.2025-cil tarixli 2(104)-326/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/1762 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-903/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışla Cavabdeh və X2 paylı mülkiyyətində olan Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0.0999 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edildi. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-903/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən RX ******* nömrəli xx.xx.2016-cı ii tarixli, ********** qeydiyyat nömrəii, **********57-10301 reyestr nömrəli çıxarışla Cavabdeh və X2 paylı mülkiyyətində olan torpaq sahəsinin koordinatları onların faktiki istifadəsində olan torpaq sahəsinin 1001 kv.m hissəsinin koordinatları ilə üst-üstə düşür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-903/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən Cavabdeh məxsus hamam və ona bitişik üstü betonla bərkidilmiş yeraltı su anbarı 36.7 kv.m ölçüdə İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Cavabdeh məxsus hamam və ona bitişik üstü betonla bərkidilmiş yeraltı su anbarı 36.7 kv.m ölçüdə İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcələnin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən:

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur, bütün mülkiyyətçilərin, o cümlədən bələdiyyələrin hüquqları eyni bərabərdə müdafiə olunur. Bələdiyyənin ümumi istifadədə olan torpaq sahələri alğı-satqı predmeti ola bilməz və həmin torpaq sahələri ümumi istifadədə olduğundan torpağın mülkiyyətçisinin, eləcə də həmin torpaq sahəsindən istifadə hüququ məhdudlaşan hər bir şəxsin məhdudlaşmanın aradan qaldırılması üçün müraciət etməkdə subyektiv hüququ vardır. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən hansı hissədə zəbt edildiyini araşdırmadan iddia tələbini tam təmin etmişdir. Belə ki, mütəxəssis və ekspert araşdırması ilə cavabdehin iddiaçıya məxsus ümumi istifadədə olan 55,0 kv.m (37 kv.m (4.2 x 8.9 m) +18 kv.m (4.2 x 4.4 m)) topaq sahəsində yox, 36.7 kv.m torpaq sahəsində qanunsuz tikinti işləri apardığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə iş üzrə hərtərəfli araşdırma aparmadan qeyri dəqiq yekun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılaraq Qazax rayonunun Hüseynbəyli kəndi ərazisində yerləşən Qazax rayonu Kosalar (köhnə Canalı) Bələdiyyəsinə məxsus ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş olunmuş hamamın və ona bitişik üstü betonla bərkidilmiş yeraltı su anbarının 36.7 kv.m hissəsi cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-in 385.1, 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-367/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Qazax rayonunun Hüseynbəyli kəndi ərazisində yerləşən Qazax rayonu Kosalar (köhnə Canalı) Bələdiyyəsinə məxsus ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş hamamın və ona bitişik üstü betonla bərkidilmiş yeraltı su anbarının 36.7 kv.m hissəsi Cavabdeh hesabına sökülsün. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi Kod 210005, VÖEN 140155071, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar