Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-327/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 və Maraqlı şəxs iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 6329,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 12 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 6329.32 manat məbləğində borcu vardır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyi vergi öhdəliyinin icrasını təmin etməyərək müvafiq ödənişləri DSMF-nin büdcəsinə ödəməmişdir. Belə olduğu halda ərizəçi inzibati orqan olaraq 12 saylı ƏVBİ Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyin şəxsi hesab vərəqəsindəki borcun ödənilməsini təmin etmək üsulu olaraq nümayəndəliyin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin Respublikası Maliyyə Nazirliyi yanında X2 20 saylı Regional Xəzinadarlıq İdarəsinin xx.xx.2024-cüil tarixli, 3-23-2/20-217/2024 nömrəli məktubuna istinad etməsi halı da əsaslı deyildir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbəsi üzrə nümayəndəliyinə (VÖEN: **********) aid olan şəxsi hesab vərəqəsindəki məlumatları qəbul etməli idi. Məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018-ci il tarixə kimi ödənilmiş borcların Nümayəndəliyin hesabına mədaxil edilməməsi ilə bağlı dəlil də müvafiq sübutlarla öz əksini tapmır. Belə vergi ödəyicisinə məxsus olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixə mövcud olmuş mdss üzrə 4098.88 manat məbləğində əsas borc, 1007.82 manat məbləğində isə faiz borcu saldo şəklində şəxsi hesab vərəqəsinə mədaxil edilmişdir. Qeyd olunan məlumatlar şəxsi hesab vərəqəsinin “Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə) hissəsində əks olunmuş və saldo şəklində şəxsi hesab vərəqəsində göstəri lmiş 4098.88 manat məbləğində əsas borc, 1007.82 manat məbləğində isə faiz borcu Nümayəndəlik tərəfindən ödənilmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə kolegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, nümayəndəlik tərəfindən ödəniş edilsə belə DSMF onlara yazılı şəkildə məlumat verməli idi. Hesab edir ki, burada səhv DSMF-nindir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsinin ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə kolegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, nümayəndəlik tərəfindən vəsait ödənilmiş və sənədlər də məhkəməyə təqdim edilmişdir. DSMF-yə ödəniş tapşırıqları göndərilmiş və aydınlaşdırılmışdır ki, borcları yoxdur. Hesab edir ki, günah DSMF-də olubdur ki, silinmə olmayıb. Bununla bağlı vergiyə məktub göndərsələr də, həll olunmayıb.Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki işə əlavə edilmiş: Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin (VÖEN:**********) ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna 6329,32 manat borcu olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhər İcra Hakimiyyətinin Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi şöbədə qeydiyyatda olub və fəaliyyət göstərdiyi xx.xx.2018-ci ilə müəssisənin şöbəyə məcburi dövlət sığorta haqqı üzrə 4098,88 manat və həmin məbləğə hesablanmış 987,72 manat penya borcu yaranmışdır. Həmin borcun yaranması aşağıdakı səbəblərdən baş vermişdir. Belə ki, 2013-cü ildə müəssisə 1842,91 manat, 2016-cı ildə isə 551,97 manat ödədiyi məcburi dövlət sosial sığorta haqları ƏƏSMN-in yanında DSMF-in Gəncə şəhər Nizami rayon şöbəsinin hesablaşma hesabına köçürülmüşdür. Nizami rayon hesablama hesabına düşən 2394,88 manat müəssisənin hesabına əlavə edilməyib və hesabdan silinməyib. Həmin ödənişlər məcburi dövlət sığorta haqları hesabata əlavə edilməyib və hesabından silinməyib. Bundan başqa 2015-ci ilin İİ rübündə müəssisə tərəfindən Kəpəz rayon şöbəsinin hesablaşma hesabına ödənilmiş 1775,09 manat məcburi dövlət sığorta haqqı hesabata əlavə edilməyib və hesabından silinməyib. Ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabından silinməyib.Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc üzrə 4098,88 manat və 987,72 manat penya borcu yaranmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X1 20 saylı Regionlar Xəzinədarlıq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-23-2/20-217/2014 nömrəli məktubundan görünür ki, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna bütün tutmalar hər ay vaxtı-vaxtında ödənilmişdir və heç bir borc qalmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 25 dekabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, nümayəndəlik tərəfindən 2015-ci il 29 may tarixində ödənilmiş1775 manat 9 qəpik məcburi dövlət sosial sığorta haqqı səhvən 4 saylı uşaq evi sosial xidmət müəsisəsinin hesabına işlənildiyindən, 2013-cü il 29 oktyabr tarixində ödənilmiş 1842 manat 91 qəpik və 2016-cı il 2 mart tarixində ödənilmiş 551 manat 97 qəpik məcburi dövlət sosial sığorta haqları isə Nazirliyin sığortaolunanların fərdi şəxsi hesabları üzrə bölüşdürülməmişdir.Bildirilir ki, nümayəndəlik tərəfindən ödənilmiş 4169 manat 97 qəpik məcburi dövlət sosial sığorta haqqının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə işlənilməsi təmin edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 6329,32 manat yaranmış borcunun ödənilmədiyini göstərsə də, məhkəmə iclasında maraqlı şəxsin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olnmuşdur ki, qeyd olunan nümayəndəlik tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər həyata keçirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanlanmış xx.xx.2019- cu il tarixli məktubunda da qeyd edilmişdir ki, ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabından silinməmişdir. Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc üzrə 4098,88 manat və 987,72 manat penya borcu yaranmışdır. Bununla belə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X1 20 saylı Regionlar Xəzinədarlıq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-23-2/20-217/2014 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna bütün tutmalar hər ay vaxtı-vaxtında ödənilmişdir və heç bir borc qalmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 25 dekabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, nümayəndəlik tərəfindən 2015-ci il 29 may tarixində ödənilmiş1775 manat 9 qəpik məcburi dövlət sosial sığorta haqqı səhvən 4 saylı uşaq evi sosial xidmət müəsisəsinin hesabına işlənildiyindən, 2013-cü il 29 oktyabr tarixində ödənilmiş 1842 manat 91 qəpik və 2016-cı il 2 mart tarixində ödənilmiş 551 manat 97 qəpik məcburi dövlət sosial sığorta haqları isə Nazirliyin sığortaolunanların fərdi şəxsi hesabları üzrə bölüşdürülməmişdir. Bildirilir ki, nümayəndəlik tərəfindən ödənilmiş 4169 manat 97 qəpik məcburi dövlət sosial sığorta haqqının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə işlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və ya dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(125)-5668/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-327/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-327/2025
16.01.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver