Məhkəmə qərarları › İş №2(104)-329/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-329/2025

27.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-329/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Şəmkir rayon Zəyəm- Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinə(bundan sonra – məktəb) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 01 oktyabr 1985-ci il tarixdə məktəbə müəllim təyin edilmiş və məktəbin direktorunun 03 iyul 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, məktəbə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrin ləğv edilməsi və onun Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982–1985–ci illərdə X1 ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır. 1985–ci ilin yayında həmin texnikomu bitirdikdən sonra xx.xx.1985–ci il tarixdən 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi olaraq pedoqoji fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən orta məktəbdə müəllim işləmişdir. 1995-ci ildən pedoqoji fəaliyyət göstərdiyi 2 nömrəli Zəyəm–Cırdaxan kənd orta məktəbinin adı dəyişdirilərək Coşqun Abdıyev adına tam orta məktəb olmuşdur. O, uzun illərdir eyni məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi müddətdə nə məktəbin kollektivi arasında, nə də ki pedoqoji fəaliyyəti ilə bağlı heç bir narahatçılıqları olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən 23 iyun 2023-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmişdir. O, həmin imtahanda 29 bal topladığı üçün onun 1 il müddətində iş yeri saxlanılmışdır. Sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri üçün 08 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmişdir. Lakin o, səhhətində olan narahatçılıqlarla bağlı 01 iyun 2024–cü il tarixdə Bakı şəhərində yerləşən “Premium Clinic” xəstəxanasına müraciət etmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicə olunduqdan sonra ambulator müalicə olunmaq üçün səhhəti kafi vəziyyətdə evə buraxılmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar, xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2024–xx.xx.2024–cü il tarixlərdə ambulator müalicələrdə olduğundan həmin tarixlərdə işdən azad edilmişdir. Səhhəti ağır vəziyyətdə olduğundan, həmçinin həmin vaxt ambulator müalicədə olduğuna görə 08 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilmədiyi nəzərə alınmadan o, Şəmkir rayon Zəyəm–Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda barəsində olan həmin əmri əsassız hesab edir. Belə ki, o, 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdənhəmin vaxt səhhətində olan ciddi narahatçılıqlar səbəbindən stasionar və ambulator müalicələrdə olduğu üçün iştirak etməmişdir. Lakin onun təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməməyi nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”–nın 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Onun isə 10 aprel 2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. O, 2023–cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilməsə də, hesab edir ki, 10 aprel 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının da könüllü olması nəzərə alınmalı idi. Hesab edir ki, onun 60 yaşı tamam olduğu halda, həmçinin üzrlü səbəbdən təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyildir. Məktəbin direktoru Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 23 iyun 2023-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, iddiaçı həmin imtahanda iştirak etmişdir. Lakin iddiaçı keçid balı olan 30 balı yığa bilməmiş, 29 bal toplamışdır. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”-nın 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması nəzərdə tutulsa da, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 23 iyun 2023-cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 3157/2024 nömrəli iş üzrə qəbul etdiyi 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı 23 iyun 2023–cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bənidə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Şəmkir rayon Zəyəm- Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Həmçinin iddiaçı 10 aprel 2024-cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 23 iyun 2023-cü il tarixdə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 79, 80, 84, 187 və 189-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə işin hallarını nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Məktəb apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh məktəbin direktoru Cavabdeh iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 11 "b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 68.2 "a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 70. “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə 2 nömrəli Zəyəm-Cırdaxan kənd orta məktəbində ibtidai sinif müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən xx.xx.2023-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, məktəbin ibtidai sinif müəllimi olan iddiaçı həmin imtahanda iştirak etmişdir. İddiaçı həmin iimtahanda ixtisas üzrə keçid balı olaraq müəyyən edilmiş 30 baldan 29 bal toplaya bilmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilməklə, o, vəzifəsinin icrasına davam etmişdir. 08 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh məktəb arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. İddiaçı bildirir ki, o, 2024-cü ilin iyun ayının 02-dən 30-dək ambulator müalicədə olduğu üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir və bununla bağlı bildirir ki, 2024cü ilin iyun ayının 03-dən 21-dək olan dövr ərzində əmək qabiliyyətsizliyi vərəqəsinin verilməsi üçün əsas olan “eroziv qastrit” xəstəliyinin iddiaçıda olmasının sonuncunun xx.xx.2024-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirakına mane olan hal kimi çıxış etməsi iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. İddiaçının istinad etdiyi digər dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda 60 yaşı olan şəxslərin imtahanda iştirakının könüllülük əsasında olmasıdır ki, iddiaçı da artıq 60 yaşındadır. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Çünki, istinad olunan Qaydaların 1.5-ci bəndinə görə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İşdə olan sənədlərə əsasən məlum olur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2023–cü il tarixdə ilk dəfə keçirilmiş sertifikatlaşdırma imtahanı zamanı 59 yaşı olmuşdur. Bundan sonra iddiaçıya təkrar imtahanda iştirak etmək üçün şərait yaradılsa da, iddiaçı bu imtahanda iştirak etməmiş, nəticə etibarı ilə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Beləliklə də göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halları aşkar edilməmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmr qanuni və əsaslıdır və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bu da öz növbəsində onun ləğv edilməsi barədə tələbin, habelə bu tələbə münasibətdə törəmə tələb olan işə bərpa tələbinin təmin edilməməsini şərtləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar