Məhkəmə qərarları › İş №2(104)-33/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-33/2023

31.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-33/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-545/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı 10 avqust 2012-ci ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Şəhadətnamənin surətindən görünür ki, X9 11 noyabr 2013-cü ildə vəfat etmişdir. Reyestr nömrəsi **********78 saylı çıxarışın surətindən görünür ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi 02 oktyabr 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində X5 və X1 adına qeydə alınmışdır. JN-186 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X5 və X1 adına Tovuz rayon AİK tərəfindən 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə 0,44 ha torpaq sahəsi verilmişdir. 0008754 saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,091805 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0008755 saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,083267 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0008756 saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,1502 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0008757 saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,036998 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0008758 saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,03705 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, X5 13 noyabr 2013-cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X9 ilə X1 birgə mülkiyyətlərində olmuş 0,1502 ha, 0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X5 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh (hər birisinin payı ümumi əmlakın ¼ hissəsindən ibarət olmaqla) vərəsəliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 may 2017-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Tovuz Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(062)-1197/2019 saylı qətnaməsinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-654A saylı şəhadətnamə xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X6 məxsus (aid) olması, həmin şəhadətnamədə yanlışlığa yol verilərək X5 ata adının "Nağı" kimi səhv yazılması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh və maraqlı şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz rayon Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum əri X6 məxsus MH seriyalı ******* saylı AR DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,3705 ha torpaq sahəsindən JN-186 KOD 50300188 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,44 ha torpaq sahəsindən, o cümlədən orada yerləşən 0,1140 ha torpaq sahəsindən və JN-654A KOD 50300188 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında DƏDRX- nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsindən ərinin vərəsəsi kimi tanınmağına və ərinə düşən mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə X9 ilə evlənib ailə qurmuşdur. Nikahlarını 10 avqust 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Evləndikdən sonra ərinə məxsus Tovuz rayonu Xatınlı kəndində yerləşən evdə yaşamışlar. Əri 11 noyabr 2013- cü ildə vəfat etmişdir. Onun ölümündən sonra da həmin evdə yaşayır. Əri vəfat etdikdən sonra qeyd etdiyi yaşayış evini və yerləşdiyi həyətyanı torpaq sahəsinin ona aid hissəsinin, eləcə də mərhum ərinin adına DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı 008758 nömrəli, 16 dekabr 2008-ci il tarixli dövlət reyestrindən çıxarışla ailə üzvləri ilə birgə mülkiyyət kimi dövlət qeydiyyatına alınmış 0,03705 ha torpaq sahəsinin ərinə aid hissəsini o və mərhum ərinin oğlu Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Mərhum ərinə məxsus olmuş Tovuz rayonu Xatınlı kəndində yerləşən evə və digər daşınmaz əmlaklara miras payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə mərhum ərindən miras qalmış digər 0,1502 ha, 0,083267 ha, 0,036998 ha və 0,091805 ha torpaq sahələrinə mərhum ərinə düşən ½ hissəsinin ¼ hissəsinə payı müəyyən edilmişdir. Odur ki, MH seriyalı ******* N-li AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mərhum ərinə məxsus 0,3705 ha torpaq sahəsindən, JN-186 KOD 50300188 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,44 ha torpaq sahəsindən, o cümlədən orada yerləşən 0,1140 ha torpaq sahəsindən və JN-654A KOD 50300188 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsindən ərinin vərəsəsi kimi tanınmağına və ərinə düşən mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-545 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia tələbi qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********78 reyestr nömrəli çıxarışa əsasən qeydə alınmış 0,13 ha torpaq sahəsindən X5 payına düşən hissədən İddiaçı 1/2 hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli əlavə qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışda göstərilən 0,03705 ha torpaq sahəsindən X5 payına düşən hissədən İddiaçı ½ hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, mərhum əri X5 adına şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 144 nömrəli çıxarışda qeyd olunan 0,13 ha torpaq sahəsinə vərəsə tanınması və mirasın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Tovuz rayon Məkəməsində Cavabdeh qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi vermişdir, Tovuz rayon Məhkəməsi iddianın qismən təmin olunması barədə qətnamə çıxarmışdır. İddiaçı həmin qətnamə ilə razı deyil, ona görə ki, Tovuz Rayon Məhkəməsi işə baxarkən iddiaçının iddia ərizəsində göstərilənlər barədə tam araşdırma aparmamış, prosessual qaydaları pozmuş, iş üzrə ekspertiza keçirməmiş, torpaq sahəsində qanuna müvafiq yerində baxış keçirməmiş, cavabdehə məxsus özünün başqa yerdə torpaq sahəsi var, həmin torpaq sahəsində onun özünün yaşayışı vardır. İddiaçının əri X9 ilə 2004-cü ildə evlənib ailə qurmuşlar, rəsmi nikahları 10 avqust 2012-ci ildə rəsmiləşdirmişlər. Onlar birgə təsərrüfatı idarə etmişlər, cavabdeh özü ailəsi ilə birlikdə başqa yerdə yaşayıblar, iddiaçı isə əri ilə birgə ikisi həmin 0,13 ha torpaq sahəsini evdə özləri əkib becərmişlər, Cavabdeh ailəsi ilə birlikdə başqa yerdə yaşamışlar, əri X9 11 noyabr 2013-cü ildə vəfat etmiş, ərinin mərasimi həmin evdə keçirilmişdir. İddiaçının məhrum əri X5 adına Şəhadətnamə əsasında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 144 nömrəli reyestr nömrəli çıxarış ilə 0,13 ha torpaq sahəsində ərinin vərəsəsi kimi tanınıb və mirası iddiaçı tərəfində qəbul edilməli, ona görə ki, həmin torpaq sahəsini məhrum əri ilə iddiaçı idarə etmişlər. Belə hesab edir ki, Tovuz Rayon Məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının qanunvericiklərinə əməl etməyib, prosessual qaydaları pozub, ona görə ki, əsas vərəsə oddiaçı özüdür, məhrum əri ilə birgə həmin 0,13 ha torpaq sahəsini istifadə etmişlər, cavabdeh özü ayrı yerdə yaşayırdı ançaq Tovuz Rayon Məhkəməsi tam əsassız olaraq iddianının qismən təmin olunması barədə qətnamə çıxarmış, həmin qətnamə qanunsuz və əsasız çıxarıldığı üçün ləğv olunmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, uşaq, arvad (ər) valideynlər(övladlığa miras qoyanın ölümündən sonra doğulmuş götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə gürə, vərəsə mirasın azıldığı yer ğzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğv olunması tələb olunduğuna görə qətnamə tam yoxlanmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mərhum X4 qalmış mirasa dair vərəsəlikdən əmələ gələn mübahisədir və mübahisənin həllinə yuxarıda göstərilən normalar tətbiq olunmalı və mübahisə həmin normaların tələblərinə uyğun həll edilməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, İddiaçı ilə X9 2004-cü ildə evlənib ailə qurmuş, nikahları 10 avqust 2012-ci ildə qeydə alınmışdır. Birgə nikahlarından uşaqları olmamış, evlənən gündən iddiaçı əri ilə birgə Tovuz rayonu Xatınlı kəndində ərinə məxsus evdə yaşamışdır. Şükür Həsənov 11 noyabr 2013-cü ildə vəfat etmişdir, onun ölümündən sonra ərinə məxsus miras mülkü faktiki olaraq İddiaçı və Cavabdeh qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 02 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********78 saylı çıxarışla müəyyən olunur ki, 0,13 ha torpaq sahəsi Tovuz rayonu Xatınlı kəndində yerləşməklə daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabını 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışda X5 və X1 adları göstərilmişdir. 0,13 ha torpaq sahəsi Şükür Həsənovun və Səkinə Həsənovanın ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsində onların bərabər payları vardır. X12 Şükür Həsənovun atasının adı Nağı kimi göstərildiyindən iddiaçı vərəsəlik barədə müraciət edə bilməmişdir. Sonradan məhkəmə qətnaməsi ilə bu hal aradan qaldırılmışdır. Miras mülkün kütləsinə reyestr nömrəsi **********78 saylı çıxarışda göstərilən 0,13 hatorpaq sahəsinin ½ hissəsi daxildir. İş üzrə Cavabdeh və İddiaçı mərhum X5 birinci dərəcəli vərəsələridir. Mərhum sağlığında hazırkı miras mülklə bağlı vəsiyyətnamə verməmişdir. İddia tələbinin JN 186 KOD 50300188 saylı Dövlət Aktında göstərilən 0,44 ha hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X8 ilə İddiaçı vərəsəliyi müəyyən olunmuşdur. Həmin 0,44 ha torpaq sahəsinə aid olan 0,1502 ha, 083267 ha, 0,036998 ha və 0,091805 ha torpaq sahəsindən mərhum Şükür Həsənovun payına düşən ½ hissəsinə Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2016cı il tarixli, 2(104)-2772/2016 saylı qətnaməsinə əsasən müvafiq olaraq həmin torpaq sahələrinə çıxarış verilmiş, onlar qeydiyyata alınmışdır. İddia tələbində göstərilən 0,1140 ha torpaq sahəsi göstərilsə də, JN-186 saylı Dövlət Aktının planında sahə 1140,48 kv. metr qeyd edilmişdir. 1140,48 kv.metr torpaq sahəsi də 0,44 ha pay torpaq sahəsinə daxildir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, JN-186 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı və Ələddin Həsənovun payları müəyyən olunduğundan iddia tələbinin həmin hissəsi təmin olunmamalıdır. Eyni zamanda iddiaçının tələb etdiyi MH seriyalı ******* N-li Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, miras qoyana məxsus 0,3705 ha torpaq sahəsinin iddiaçı göstərdiyi qədər olmaması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. İş materiallarında olan mövcud çıxarışla, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin məktubu ilə, eyni zamanda qanuni qüvvədə olan qətnamədə müəyyən edilmiş hallarla həmin sahənin 0,3705 ha deyil, 0,03705 ha olması təsdiq edilmişdir. Məhkəmə kollegiyası göstərir ki, iddianın düzgün həlli üçün ilk növbədə müəyyən edilməli hal, mərhum X4 qalmış mirasın kütləsinin nədən ibarət olmasıdır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). İş materiallarında olan reyestr nömrəsi **********78 saylı Çıxarışın surətindən görünür ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi 02 oktyabr 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində X5 və X1 adına qeydə alınmışdır. İş materiallarında olan ******* saylı çıxarışdan görünür ki, X9 və X1 adına 0,03705 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, müəyyən olunur ki, mərhum X4 qalmış miras əmlak, İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, miras mülkün kütləsinə reyestr nömrəsi **********78 saylı çıxarışda göstərilən 0,13 ha torpaq sahəsinin hissəsi və 0,03705 ha torpaq sahəsinin ½ hissəsi daxildir. Tərəflərin izahatları və işə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, mərhumun vərəsələri yalnız İddiaçı və Cavabdehdur. Vəsiyyətnamə olmadığından mirasdan qanun üzrə vərəsələr arasında paylar müəyyən olunmalıdır. Eyni zamanda vərəsələrin dairəsi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında müəyyən edildiyindən məhkəmə bu halı müzakirə etmir. Göstərilənlərə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********78 reyestr nömrəli Çıxarışa əsasən qeydə alınmış 0,13 ha torpaq sahəsindən və **********47 reyestr nömrəli Çıxarışa əsasən qeydə alınmış 0,03705 ha torpaq sahəsindən X5 payına düşən hissədən İddiaçı 1/2 hissədə (ümumi əmlakın ¼ hissəsində) miras payı müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə və mübahisənin həlli zamanı tətbiq etdiyi normalar işin həqiqi hallarına uyğundur. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(125)-545 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci müştərək qaydada İddiaçı və Cavabdeh aid edilməklə, 50 manat pul iddiaçıdan, 50 manat pul isə cavabdehdən tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar