Məhkəmə qərarları › İş №2(104)-33/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-33/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-33/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; mülkiyyətə müdaxilə; torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma, eləcə də evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(076)-114/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 91 saylı qərarı ilə Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızına və onun ailə üzvləri X5, X6, X7, X2 və X3 Şəmkir rayonu Keçili kəndi ərazisində 0.12 ha torpaq sahəsi verilmişdir;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi **********53 daşınmaz əmlakın reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2057 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin koordinatları ilə JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi və qonşu torpaq sahələri olduğu müəyyən edilmişdir. 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin 0,0121 ha-dək hissəsi cavabdeh Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin üzərində (hüdudlarında) mübahisə predmeti olan 82,21 kv.m-dək (göstərilən) fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/2293 nömrəli ekspert rəyindən görünür ki, 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********53 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin koordinatları reyestr məlumatlarında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə həyətyanı kimi göstərilmişdir. Həmin koordinatlar əsasında torpaq sahəsi naturada müəyyən edilmişdir; JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin ümumi birgə mulkiyyətinə verilmiş Şəmkir rayonu Keçili kəndi ərazisində 0.12 ha torpaq sahasi kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə həyətyanı kimi göstərilmişdir. Həmin koordinatlar əsasında torpaq sahəsi naturada müəyyən edilmişdir; 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin koordinatları ilə JN-462A KOD 50411018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, qonşu torpaqlardır; 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin 0.0121 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan 174 kv.m-dək fərdi yaşayış evinin faktiki yerləşmə koordinatları naturada yerində müəyyən olunmuşdur; Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin 89.33 kv.m hissəsi 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********53 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı 0.12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış eyinin 83.44 kv.m hissəsi JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmiş Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Evin 32.56 kv.m hissəsi isə Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin istifadəsində olan 0.1355 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 21 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.12 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması və onun həmin ünvana köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ona məxsus Şəmkir rayonu Xuluf kəndi İstiqlal küçəsi 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən və həmin ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, eləcə də onun həmin ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin ünvanda yerləşən ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1982-ci ildə Şəmkir rayonu Xuluf kəndində 0.12 ha həyətyanı torpaq sahəsi almışdır. Həmçinin mərhum atası ona məxsus torpaq sahəsinin sol tərəfindən 0.12 ha həyətyanı torpaq sahəsini də cavabdeh (bacısı) Cavabdeh almışdır. O, 1983-cü ildə özünə məxsus 0.12 ha həyətyanı torpaq sahəsində 4 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh Novruzova X4 rayonu Meyniman kənd sakini Fərəməz adlı şəxslə ailə qurub Sabirabad rayonuna ərə getmişdir. O isə 1993-cü ildə Rusiya Federasiyasına getmiş, Cavabdeh da 1996-cı ildə ailə məsələsinə görə qayıdıb gəlib Şəmkir rayonu Xuluf kəndində ona məxsus 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib orada yaşamışdır. 2022-ci ildə ölkəyə geri qayıtmış və özünə məxsus torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqlarını dövlət qeydiyyatına aldıraraq çıxarış əldə etmişdir. Cavabdeh onun evini və torpaq sahəsini zəbt edib və orada əkdiyi meyvə ağaclarından istifadə edərək satır. Hazırda cavabdeh onu öz evinə və torpağına buraxmır.

8. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(076)-114/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.0121 ha-dək hissəsinin zəbtdən azad olunması; Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi; İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 4 və 66.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddianın təmin edilməsi üçün mütəxəssis rəyi əsas götürülmüşdür. Lakin, məhkəmə həmin rəyi verən mütəxəssisi yalan rəy verməyə görə məsuliyyət daşıması barədə xəbərdar etməmişdir. Ona görə də mütəxəssis rəyi ilə razı deyil və iş üzrə təkrar ekspertiza təyin edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi onun özünə məxsus torpaq sahəsində özü tərəfindən inşa edilmiş evdən çıxarılması, iddiaçının isə həmin evə köçürülməsi qənaətinə gəlmişdir. Halbuki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 91 saylı qərarı ilə onun və beş nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir və bu barədə JN 462A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Mübahisəli fərdi yaşayış evini əri ilə birgə nikahda olduqları dövrdə inşa etmişlər. İddiaçı da iddia ərizəsində qeyd etmişdir ki, o, 1983-cü ildə Rusiya Federasiyasına getmiş və ötən il ölkəyə geri qayıtmışdır. İddiaçı məxsus çıxarışda göstərilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinin üzərində tikili qeydə alınmamışdır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin qonşuluğunda yerləşir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində icraat:

13. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov iştirakı ilə 01 iyul 2024-cü il tarixdə mübahisəli əraziyə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli ev 1 mərtəbəli və 4 otaqdan ibarətdir. Evin 2 ədəd giriş-çıxış qapısı mövcuddur. Baxış zamanı 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov mübahisəli fərdi yaşayış evinin faktiki yerləşmə yerinə görə həm iddiaçı, həm də cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahələri üzərində yerləşdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq mütəxəssis İlqar Məmmədov həmçinin bildirmişdir ki, əvvəlki ekspertiza təyin olunması barədə qərardadda ekspertiza tədqiqatı qarşısında «mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarında yerləşib-yerləşməməsi» barədə sual qoyulduğundan, ilkin verdiyi mütəxəssis rəyində yalnız iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin yerləşdiyini göstərmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin üzərində tikili inşa edilməmişdir. Mübahisəli ev cavabdehə məxsus torpaq sahəsinin üzərində inşa edilmişdir. Tərəflər bacıqardaş olmaqla hasar-hasara qonşudurlar. Birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli fərdi yaşayış evinə baxış keçirilməmiş, habelə müvafiq ekspertiza təyin edilmədən işə baxılmışdır.

15. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, alınmış ekspert rəyi ilə razı deyildir. Çünki, ilkin verilmiş mütəxəssis rəyində boşluqlar mövcuddur, hazırkı ekspert rəyi də həmin mütəxəssis rəyinə əsasən verilmişdir. Ekspert rəyində mübahisəli yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyi qeyd olunmuşdur. Lakin həmin ev cavabdeh tərəfindən 1980-ci illərdə tikilmişdir. Həmin evin iddiaçıya heç bir məxsusluğu yoxdur.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev 1982-1983-cü illərdə inşa edilmişdir. Həmin ev onun tərəfindən inşa edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza rəylərinə əsasən də müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin çox hissəsi ona məxsus torpaq sahəsinə inşa olunub. Uzun illər Rusiya Federasiyasında yaşamış, lakin xəstə olduğu üçün yaşadığı kəndə qayıtmışdır. Buna baxmayaraq cavabdeh ona öz mülkiyyətindən istifadə etməsinə maneə yaradır. Onun yaşamağa başqa evi yoxdur. Ona görə də, evinə köçürülməsi barədər qərar qəbul olunmasını xahiş edir. İddiaçı sonda məhkəmə kollegiyasındna apellyasiya şikayətinin əmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən «Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 91 saylı qərarı ilə cavabdeh Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızına və onun ailə üzvləri X5, X6, X7, X2 və X3 Şəmkir rayonu Keçili kəndi ərazisində 0.12 ha torpaq sahəsi verilmişdir. Bununla yanaşı, ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahələri yanaşı olmaqla qonşu sahələrdir. İddiaçı ona məxsus 0,12 ha torpaq sahəsinin və həmin torpağın üzərində yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini, habelə həmin evdə yaşamasına cavabdeh tərəfindən mane yaradıldığını əsas göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, habelə onlara məxsus qonşu torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, mübahisəli evin hansı torpaqda yerləşməsi və s. halları aydınlaşdırmaq məqsədilə apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2057 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə qeyd edilmişdir ki, 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin koordinatları ilə JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür və qonşu torpaq sahələridir; İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin 0,0121 ha-dək hissəsi cavabdeh Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı tərəfindən istifadə edilir; İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsinin üzərində (hüdudlarında) mübahisə predmeti olan 82,21 kv.m-dək (göstərilən) fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir (rəyə torpaq sahələrinin ölçü planı əlavə edilmişdir).

36. Məlumdur ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (MPM maddə 101.3).

37. Ekspert rəyinə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti, habelə mübahisəli evin yerləşdiyi sahə sistemli şəkildə tədqiq edilmiş və mübahisəli evin yerləşmə vəziyyəti ilə bağlı uyğunsuzluq olması şübhə doğurmuşdur.

38. Ona görə də, məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov iştirakı ilə 01 iyul 2024-cü il tarixdə mübahisəli əraziyə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli ev 1 mərtəbəli və 4 otaqdan ibarətdir. Evin 2 ədəd giriş-çıxış qapısı mövcuddur. Baxış zamanı 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov mübahisəli fərdi yaşayış evinin faktiki yerləşmə yerinə görə həm iddiaçı, həm də cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahələri üzərində yerləşdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq mütəxəssis İlqar Məmmədov həmçinin bildirmişdir ki, əvvəlki ekspertiza təyin olunması barədə qərardadda ekspertiza tədqiqatı qarşısında «mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarında yerləşibyerləşməməsi» barədə sual qoyulduğundan, ilkin verdiyi mütəxəssis rəyində yalnız iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin yerləşdiyini göstərmişdir.

39. Beləliklə, tikinti-texniki ekspertizasının 01 aprel 2024-cü il tarixli rəyi natamam olduğundan kollegiya həmin rəyi mübahisənin obyektiv həlli üçün qənaətbəxş saymamış və iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/2293 nömrəli ekspert rəyi ilə (ikinci ekspert rəyi) müəyyən edilmişdir ki, 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********53 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin koordinatları reyestr məlumatlarında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə həyətyanı kimi göstərilmişdir. Həmin koordinatlar əsasında torpaq sahəsi naturada müəyyən edilmişdir; JN-462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin ümumi birgə mulkiyyətinə verilmiş Şəmkir rayonu Keçili kəndi ərazisində 0.12 ha torpaq sahasi kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə həyətyanı kimi göstərilmişdir. Həmin koordinatlar əsasında torpaq sahəsi naturada müəyyən edilmişdir; İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin koordinatları ilə JN-462A KOD 50411018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatları üstüstə düşmür, qonşu torpaqlardır; İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin 0.0121 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan 174 kv.m-dək fərdi yaşayış evinin faktiki yerləşmə koordinatları naturada yerində müəyyən olunmuşdur; Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin 89.33 kv.m hissəsi 21 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********53 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı 0.12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Şəmkir rayonu Xuluf kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış eyinin 83.44 kv.m hissəsi JN- 462A KOD 50411018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmiş Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Evin 32.56 kv.m hissəsi isə Novruzova (Vəliyeva) Məhluqə Qəmbər qızı və qeyrilərinin istifadəsində olan 0.1355 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

41. Məhkəmə kollegiyası ikinci rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti, habelə mübahisəli evin yerləşdiyi sahə aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.

42. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.0121 ha-dək hissəsi Cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Eyni zaman da, mütəxəssis tərəfindən tərtib olunmuş cizgi plandan açıq aşkar müəyyən olunur ki, cavabdeh tərəfindən zəbt olunmuş kimi göstərilmiş 0.0121 ha torpaq sahəsi mübahisə predmeti olan fərdi yaşayış evinin hüdudlarından kənarda yerləşir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh torpaqdan çıxarılma hissədə iddiaçının tələbini təmin etmişdir.

43. Lakin, məhkəmə Cavabdeh mübahisəli evdən çıxarılması hissədə iddianı təmin etməkdə haqlı olmamışdır. Ona görə ki, yuxarıda da göstərildiyi kimi tikinti-texniki ekspertizasının 29 aprel 2025-ci il tarixli (ikinci rəyi) rəyi ilə müəyyən edilmişdir ki, 174 kv.m sahədən ibarət mübahisəli evin 89.33 kv.m hissəsi iddiaçıya məxsus 0.12 ha torpaq sahəsində, evin qalan 83.44 kv.m hissəsi isə cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, İddiaçı iddia ərizəsində, habelə apellyasiya baxışı zamanı verdiyi izahatında mübahisəli evin 1983-cü ildə onun tərəfindən inşa edildiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş; cavabdeh tərəf isə bu arqumentə etiraz edərək evin əri ilə birgə nikah dövründə inşa edildiyini bildirmişdir.

45. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış olsa belə, lakin həmin ev yerləşdiyi torpaq sahələri ilə birgə vahid əmlakdır. Çünki, mülki qanunvericiliyə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3.7-ci maddəsi). Digər tərəfdən də məlumdur ki, sözügedən ev iş üzə tərəflərə məxsus torpaq sahəsinin üzərində yerləşməklə hər iki torpaq sahəsinin ayrılmaz təkrib hissəsidir.

46. Nəzərə alınmalıdır ki, 174 kv.m sahədən ibarət mübahisəli evin 83.44 kv.m hissəsi cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşir, bu halda cavabdehin evdən çıxarılması - onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarar. Çünki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Hazırkı işdə mübahisə predmeti olan ev dövlət qeydiyyatına alınmamış olsa da, lakin evin 83.44 kv.m hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Bir sözlə, cavabdehin həmin evdən çıxarılması, əslində, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını ehtiva etmiş olur.

47. Göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, 174 kv.m sahədən ibarət mübahisəli evin 83.44 kv.m hissəsi cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşdiyindən cavabdehin həmin evdən çıxarılması yolverilməzdir. Birinci instansiya məhkəməsi isə həmin hissədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gələrək qeyd olunan hissədə iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması» hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.

48. Kollegiya həmçinin İddiaçı mübahisəli evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ona görə ki, evin 89.33 kv.m hissəsi iddiaçıya məxsus 0.12 ha torpaq sahəsində yerləşdiyindən onun həmin evə mülkiyyətçi hüquqları mövcuddur və evə köçürülməsi barədə tələbi qanuni əsaslara söykənir.

49. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+50) 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(076)-114/2023 nömrəli qətnaməsi qismən «Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar