Məhkəmə qərarları › İş №2(104)-336/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-336/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-336/2024 04.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamına əsasən Mənzil Komissiyasının xx.xx.2023-cü il tarixli, 12 saylı protokolu nəzərə alınaraq 4 nəfər ailə tərkibi ilə birlikdə İddiaçı ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanmasının təmin edilməsi Ağstafa şəhər Mənzil- Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır.

2. 24 iyun 2023-cü il tarixli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"-ndən görünür ki, Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş direktoru X3 ilə bağlanmış müqaviləyə əsasən Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi təyinatlı mənzil fonduna aid ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzil 1 (bir) il müddətinə müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin hal-hazırda yaşadığı mənzil ona məxsusdur. Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzili Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə onun mülkiyyətinə istifadəsinə verilmişdir. Belə ki, o, 2022-ci ildə qardaşı X1 mənzil tapana qədər ailəsi ilə birlikdə həmin mənzildə qalmasına razılıq vermişdir. Hazırda qardaşı X6 onun mülkiyyətində olan Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən çıxmasına baxmayaraq Cavabdeh1 sözügedən mənzildən çıxmaqdan imtina edir. O, bununla bağlı cavabdehin evdən məcburi çıxarılması üçün Ağstafa rayon Polis şöbəsinə müraciət etmiş və ona mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin həmin mənzildə qeydiyyatı yoxdur və o da onun orada yaşamasına notarial qaydada razılığı olmamışdır.

5. Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 (hakim Z.Rəsulov) qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91, 91.3, 94, 99.1 və 102.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2, 216-220, 233, 234, 360-cı maddələrə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-772/2023-saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, cavabdeh qardaşı ilə nigahda olduğu üçün həmin sahəni müvəqqəti olaraq, iş və ev tapana kimi onların istifadəsinə vermişdir. Ağstafa rayon İcra Hakimiyyətinin Sərancamı və Mənzil X2 verdiyi faktiki sənədlərlə həmin mənzilə onun sahiblik hüququ mövcuddur. Mövcud sənədlər əsasında onun həmin mənzildən istifadə hüququ vardır.

9. Apellyasiya icraatı zamanı Ağstafa Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzil hələ sərəncam olmadan onun sahibliyində olmuşdur. Mənzilin işıq, qaz və su sayğaclarıda onun adınadır. Sərəncam 2023-cü ildə verilmiş və həmin ildə də onunla kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh onun qardaşı arvadı olub. Onun razılığı ilə qardaşı öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayıb. Hazırda mənzilə özünün ehtiyacı yaranıb, lakin baxmayaraq cavabdeh mənzildən çıxmır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndəda nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq övladlarının xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsi:

14. Maddə 66.1 və 66.1.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır.

15. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

17. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzili Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş və tərəflər arasında bu barədə 24 iyun 2023-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Həmin mənzildə hazırkı iş üzrə Cavabdeh1 (əvvəllər iddiaçının qardaşı arvadı omuş) yaşadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.

29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mübahisəli mənzil Ağstafa rayon İcra hakimiyyəti başçısının 14 iyun 2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş və tərəflər arasında bu barədə 24 iyun 2023-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə Cavabdeh1 Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında bağlanmış 24 iyun 2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab olunması barədə Ağstafa Rayon Məhkəməsində iddia qaldırsada, lakin sonuncunun iddiası həmin məhkəmənin 11 iyun 2024-cü il tarixli 2(015)-482/2024 nömrəli qətnaməsi ilə təmin edilməmişdir.

31. Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə, “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir.

32. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

33. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

34. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə, mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

35. Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri).

36. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidir.

37. Hazırkı işdə mübahisə predmeti olan , Ağstafa şəhəri Hüseyn Arif küçəsi 2 bloklu 5 mərtəbəli 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla Ağstafa İcra Hakimiyyətinin balansındadır. Mənzilin kirayəçisi isəİddiaçı və onun ailə üzvləridir.

38. Yuxarıda da qeyd olunduğu kimi Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

39. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

40. Qeyd olunan maddi hüquq normaların mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur.

41. İş üzrə Cavabdeh1 mübahisəli mənzilin kirayəçisinin ailə üzvü hesab olunmur, eləcədə kirayəçi ilə birgə təsərrüfat aparmamışdır. Belə olan təqdirda Cavabdeh1 mübahisəli mənzilə dair kirayəçi ilə bərabər hüquq və vəzifələr əldə etməsi özlüyündə istisna olunur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 özünə məxsus əşyaları ilə birlikdə Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən çıxarılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384-385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(015)-772/2023 nömrəli qətnaməs ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 özünə məxsus əşyalarla birlikdə Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar