Məhkəmə qərarları › İş №2(104)-336/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-336/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-336/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh Dilən oğluna qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6 və Cavabdeh Dilən oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(058)-48/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-0083 KOD 50703038 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu Qara Arx kənd sakinləri İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, X5 və X6 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.49 hektar torpaq sahəsi verilmişdir;

2. JN-0082 KOD 50703038 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu Qara Arx kənd sakinləri X7, X1, X3, X13, X10, X11 və X4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.94 hektar torpaq sahəsi verilmişdir;

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Qara Arx qəsəbəsində yerləşən 3.94 ha torpaq sahəsi Cavabdeh Dilən oğlu, X8, X9, X13, X10, X11 və X4 ümumi birgə mülkiyyət hüququ ilə adlarınadır;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3783 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il qeydiyyat tarixli **********53 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Dilən oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0083 KOD 50703038 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) AZCAD məlumatlarında öz əksini tapmış 3.49 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dilən oğlunun onların mülkiyyətində olan 3.49 ha torpaq sahəsinin özbaşına zəbt etdiyi 1.50 ha torpaq sahəsindən çıxarılması və həmin 1.50 ha torpaq sahəsinin onların istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 05 may tarixli 08 nömrəli qərarı ilə onların mülkiyyətinə 3.49 ha pay torpaq sahəsi verilmiş, onlara JN 0083 Kod 50703038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onlar hazırkı vaxta kimi paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmişlər, lakin cavabdeh son bir ildir ki, onların mülkiyyətlərində olan 3.49 ha pay torpaq sahələrini 1.50 ha hissəsini özbaşına zəbt edərək istifadə etmiş, həmin sahənin otunu biçib aparmışdır. Onlar dəfələrlə cavabdehi torpaq səhələrindən çıxarmaq istəmişlər, lakin cavabdeh torpaq sahələrindən çıxmamış, həmin torpaq sahəsinin onun torpaq sahəsi olduğunu bildirmişdir. Onlar Samux rayon Polis şöbəsinə şikayət etmişlər, Polis şöbəsindən onlara mülki xarakterli iş olması və məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Cavabdeh onların mülkiyyət hüququnu pozduğuna görə onlar məhkəmədə iddia qaldırmışlar.

7. Samux Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(058)-48/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı “torpaq sahəsindən çıxarılmaya” dair iddia tələbinin təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi; İş üzrə məhkəmə ekspertiza xərcinin 100 (yüz) manat İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1 və 157.2-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 68 və 111.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 05 may tarixli 08 saylı Qərarı ilə o və ailə üzvlərinin mülkiyyətinə 3.49 ha pay torpaq sahəsi verilmişdir. O və ailə üzvlərinin mülkiyyətinə verilmiş bu 3.49 ha pay torpaq sahəsindən tam olaraq son bir ilə kimi, yəni 2023-cü ilin may ayına kimi istifadə etməklə əkib becərmişlər. Ancaq, 2023-cü ilin may ayından cavabdeh o və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.49 ha pay torpaq sahəsinin 1.50 ha hissəsini zəbt edib istifadə etməyə başlamışdır. Bu barədə Cavabdeh Dilən oğluna irad tutub zəbt etdiyi 1.50 ha torpaq sahəsindən çıxmasını tələb etsə də, o, bundan imtina etmiş və bildirmişdir ki, «xx.xx.2023-cü il tarixdə o, öz pay torpaqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almış və çıxarış alan zamanda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin işçiləri onun istifadə etdiyi torpaq sahəsinin 1.50 ha hissəsində onun torpaq sahəsi olduğunu bildirib ölçüləri həmin torpaq sahəsinin də, üzərinə vurub Çıxarış vermişlər». Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları onun mülkiyyət hüququnu pozaraq cavabdeh və onun ailə üzvlərinə çıxarış verərkən onların mülkiyyətində olan 3.49 ha pay torpaq sahəsinin 1.50 ha hissəsinin üstünə ölçülər vuraraq cavabdeh və onun ailə üzvlərinə mülkiyyət hüququ haqqında çıxarış verməklə faktiki olaraq onların mülkiyyətinə verilmiş 1.50 ha torpaq sahəsindən məhrum etmişdir. Əgər eksperiza rəyi və mütəxəssis rəyi onların torpaq sahəsinə dair Dövlət Aktı ilə və cavabdeh və ailəsinə verilmiş Dövlət Aktının ölçüləri və koordinatları əsasında aparılsaydı, cavabdehin onların torpaq sahəsinin 1.50 ha hissəsini zəbt etməsi tam aydın olardı.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edir. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Ancaq, verilən ekspert rəyində cavabdehin torpaq sahəsini zəbt etmədiyi göstərilmişdir. Cavabdeh və onun ailə üzvülərinə verilmiş torpaq sahəsi reyestrdə düzgün qeydiyyata alınmamış, əslində onlara məxsus torpaq sahəsində koordinantalr işlənilmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, cavabdehin adına verilmiş çıxarışı məhkəmədə mübahisələndirməmişlər. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsinin 1 ha-dan artıq hissəsini zəbt edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehin adına çıxarış tərtib edilərkən qanunsuzluğa yol verilmişdir. İddiaçı3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı6 da digər İddiaçı3 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Dilən oğlu apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ona məxsus torpaq sahəsinə dair əvvəlcə Dövlət Aktı verilmiş, daha sonra isə həmin sənəd əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. O, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh Dilən oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu Qara Arx kəndində yerləşən 3.49 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Bundan əlavə, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu Qara Arx kəndində yerləşən 3.94 ha torpaq sahəsi cavabdeh X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ kimi adlarına qeydə alınmışdır. İddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

37. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

38. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

39. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3783 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki,“Torpağa mülkiyyət hüququna dair” JN-0083 KOD 50703038 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Samux rayonu Qara Arx kəndində yerləşən 3.49 ha torpaq sahəsi Cavabdeh Dilən oğlu tərəfindən istifadə olunmur.

40. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

41. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə verilmiş və rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

43. Göründüyü kimi iddiaçıların iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. «Cavabdeh və ailə üzvlərinə torpaq sahəsinə dair çıxarış verilərkən onların mülkiyyətində olan torpaq sahəsinin 1.50 ha hissəsinin koordinatlarının da cavabdeh və ailə üzvlərinə mülkiyyət hüququ haqqında çıxarışa əlavə edildiyi; Eksperiza tədqiqatının onların torpaq sahəsinə dair Dövlət Aktı ilə cavabdeh və ailəsinə verilmiş Dövlət Aktının ölçüləri və koordinatları əsasında aparılması» barədə apellyatorun dəlilləri də kollegiya tərəfindən əsassız sayılmışdır.

45. Belə ki, cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Samux rayonu Qara Arx kəndindəki 3.94 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Nəzərə almaq lazımdır ki, xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.94 ha torpaq sahəsinin ölçüləri də (koordinatları) həmin çıxarışa əsasən hazırda mövcud olan baza məlumatlarında eyni konfiqurasiyada qeydə alınmışdır. Odur ki, mövcud elektron baza məlumatlarına istinadən verilmiş ekspert rəyinin mötəbərliyinə hər hansı şübhə yoxdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(058)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar