Məhkəmə qərarları › İş №2(104)-347/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-347/2025

04.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-347/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və cavabdeh Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Məhkəmə kollegiyasına təqdim edilmiş, X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-24-10/2- 40/2025 saylı məktubundan görünür ki, Tovuz şəhər X8 adına Uşaq Musiqi Məktəbində direktoru İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi öz ərizəsinə əsasən, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin, f bəndinə uyğun olaraq müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu X8 adına Uşaq Musiqi Məktəbində direktor-müəllim vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz şəhər X8 adına Uşaq Musiqi Məktəbində direktor - müəllim kimi fəaliyyət göstərmiş, Nürədin Mehdiyev 2022-ci ildə X2 İdarəsinin rəisi təyin olunduqdan sonra məktəb direktorlarını yanına çağırıb büdcəyə pul keçirmələrini bildirmişdir. Onun direktoru olduğu məktəbə 2400 manat düşmüşdür. Bir müddət keçdikdən sonra səlahiyyətli nümayəndə Adil Həsənov gəlib 5000 manat pul istəmişdir. O, narazılıq etmişdir. Bundan sonra onu 22 iyun 2022-ci ildə işdən azad etmişlər. Onu qərəzli olaraq işdən azad etmişlər. 2 il ərzində məhkəməyə müraciət etməməsinin səbəbi çox streslər keçirməsi və səhhəti ilə bağlı müalicələr alması ilə əlaqədar olmuşdur. Hal-hazırda işinə bərpa olunmaq istəyir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir.

4. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən kənarlaşdırma haqqında əmri xx.xx.2022-ci il tarixdə qəbul olunub. Həmin əmr və əmək kitabçası isə iddiaçıya iki il bundan əvvəl təqdim edilib. Hazırkı işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ən geci xx.xx.2022-ci tarixdə həmin qərardan məlumatlı olub. İddiaçı məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə xx.xx.2024-cü il tarixdə, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddəti ötürülmüşdür.

6. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin qətnaməsi ilə razı deyil və hesab etmişdir ki, qətnamə əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, o, uzun müddət Tovuz şəhəri, X8 adına uşaq musiqi məktəbində direktor kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən direktor kimi əmək müqaviləsinə xitam verilmişdir. İlk baxışdan bu onun əmək müqaviləsinin başa çatması səbəbindən baş verdiyi görünsə də, əslində işdən çıxarılmağının səbəbi başqa cür olmuşdur. O, qərəzli şəkildə işdən çıxarılmışdır. Belə ki, əslində Ağstafa Mədəniyyət İdarəsinin nümayəndəsi X5 ondan qanunsuz tələb etdiyi 5.000 manat rüşvəti ona vermədiyi üçün işdən çıxarılmışdır. Bundan sonra o, Adil Həsənovun bu hərəkətləri ilə bağlı mətbuata müraciət etmək məcburiyyətində qalmışdır və işin ədalətli həllini gözləmişdir. Bununla əlaqədar Tovuz rayon Məhkəməsində və Adil Həsənovun müraciəti əsasında işin apellyasiya məhkəmələrində baxılmasını gözləmişdir. Ona görə də, ərizəsini verməyi müəyyən vaxt aparmışdır. O, işdən qərəzli şəkildə azad olunmuş, işdə heç bir nöqsana yol verməmiş, ona görə də, hesab etmişdir ki, öz işinə bərpa olunmalıdır.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddianı gec qaldırmağının səbəbi ona hədə-qorxu gəlmələri olmuşdur. Ona görə 7-8 ay gec müraciət etmişdir. Hazırda musiqi müəllimi kimi fəaliyyətini davam etdirir, lakin direktor kimi vəzifəsindən azad edilmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilməmişdir. Birinci instansiya məhkəməsində onların digər nümayəndəsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı çıxış etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

13. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

14. 68-ci maddısinin 2-ci hissəsinə b) bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

15. 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

16. 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

17. 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

18. 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

19. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

27. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mahiyyəti üzrə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli hüquq üzrə səhvə yol vermişdir. İş materiallarından görünür ki, İddiaçı Tovuz şəhər, X8 adına Uşaq Musiqi Məktəbində direktor-müəllim kimi təyin edilmiş, 22 iyun 2022-ci il tarixdə 95-k nömrəli əmrə əsasən müqavilə müddəti başa çatdığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq vəzifəsindən azad edilmişdir. İddiaçı əmri və əmək kitabçasını 2022-ci ildə alsa da, iddia verənədək əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bu hal mübahisəsizdir və həmin hal iş materialları, eyni zamanda məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının tutduğu vəzifədən könüllü olaraq çıxmamasına dair dəlili ilə bağlı qeyd edir ki, Tovuz şəhər X8 adına Uşaq Musiqi Məktəbində direktoru İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi öz ərizəsinə əsasən, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin, f) bəndinə uyğun olaraq müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-cvi maddəsində nəzərdə tutulmuş digər asalar mövcud deyildir. Lakin həmin maddənin f) bəndində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Qeyd edilən bəndin əsas elementi tərəflərin hüquq bərabərliyinin qorunmasıdır. Hazırkı iş üzrə apellyasiya şikayətinin dəlillərindən biri məhz iddiaçının iradə ifadəsinin olmaması olsa da, iddiaçı ilə xx.xx.2021-ci il il tarixdə müddətli əmək müqaviləsinin bağlanması və iddiaçının 22 iyun 2022-ci il tarixdə 95-k nömrəli əmrə əsasən müqavilə müddəti başa çatdığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq vəzifəsindən azad edilməsini və iddiaçının həmin vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı ilə xx.xx.2021-ci il il tarixdə müddətli əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə bağlanmışdır. Sonra isə iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Həmin normaya əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə bağlanan əmək müqaviləsinə işəgötürən şəxs tərəfindən xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini dəlillərini əsassız hesab edir.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar