Məhkəmə qərarları › İş №2(104)-357/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-357/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-357/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 vəkili Vəkil1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2702/2022 nömrəli qətnaməsindən Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı qızı 20 iyun 2018-ci il tarixdə doğulmuş X6 Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2702/2022 nömrəli (hakim: F.Babaşov) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 xx.xx.2018-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi; Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 09 avqust 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(061)-925/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və Fatimə adlı uşaq onun himayəsində saxlanılmışdır. 02 sentyabr 2019-cu il tarixdə 31000 manata Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən ev almışlar və həmin vaxtdan o evdə yaşamağa başlamışlar. Hal-hazırda da bütün əşyaları həmin evdədir. Tərtər rayonuna valideynlərinin yanına 2-3 günlük qonaq gəlib qayıtdıqdan sonra evin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onu və azyaşlı qızını evə buraxmamışdır. Uşağın və onun bütün paltarları həmin evdə qalmışdır və ev hazırda cavabdehin istifadəsindədir. Cavabdehlə birgə təsərrüfat apardıqları üçün, habelə evi birgə aldıqları üçün həmin evdə onun və azyaşlı uşağının yaşamaq hüquqları vardır. Mübahisəli yaşayış sahəsi mülkiyyət hüququ əsasında onun və ya cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikinti hesab olunur. Lakin ev onların birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına alınmışdır və evi satan adamla cavabdeh arasında öz xətləri ilə yazılaraq imzaları ilə təsdiq edilmiş yazılı razılaşma var. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron rayonu Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən mübahisəli yaşayış sahəsi onların sahibliyində deyil. Həmin evi satmışlar və hazırda evdə yaşamırlar. İddiaçının əşyalarının Bərdə rayonu Türkmən kəndində onlara məxsus evdə olmasını təsdiq edən sübutlar təqdim etmişlər. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi təqdim edilən aktın notarial qaydada təsdiq edilməməsini, iddiaçının təqdim etdiyi şahid məlumatlarının notarial təsdiq edildiyini əsas gətirərək onlar tərəfindən verilmiş sənədləri sübut olaraq qəbul etməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının cehiz əşyalarının guya mübahisəli ünvanda olmasını fotoşəkillərin olması ilə qəbul etmişdir. Ancaq həmin əşyaların məhz iddiaçının cehiz əşyaları olması sübut edilməmişdir. Özbaşına tikilmiş daşınmaz əmlak mülki dövriyyənin tərkib hissəsi hesab edilmir. Özbaşına tikilinin kimin sahibliyində olması faktiki olaraq həmin evdə kimin yaşaması ilə müəyyən edilir. Bu kimi tikilinin alqı-satqısı notarial qaydada mümkün olmadığı üçün qanunsuz tikili bir şəxsin mülkiyyətindən və ya sahibliyindən digərinə keçmir və qanunsuz özbaşına tikili ilə bağlı mülkiyyət hüququnun müdafiəsi mümkün deyildir. Məhkəmə mübahisəyə baxarkən mübahisələndirilən ev başqa şəxsin sahibliyində olmuşdur. Eləcə də iddiaçının cehiz əşyalarının Xırdalan şəhərində yerləşən evdə və ya Bərdə rayonu Türkmən kəndində yerləşən evdə olmasını aydınlaşdırmamışdır. Onlar tərəfindən təqdim edilmiş sübutları təkzib edən hallar isə məhkəmə qətnaməsində göstərilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzili o almış, sonra isə başqa şəxsə satmışdır. İddiaçı həmin evdə oğlu ilə birlikdə müvəqqəti yaşamışdır. İddiaçı gəlin köçəndə onun Bərdə rayonunda yerləşən evinə gəlmiş və sonuncuya məxsus cehiz əşyaları həmin evə yığılmışdır. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X9 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli yaşayış sahəsi 02 iyun 2019-cu il tarixdə alınmışdır və iddiaçı həmin evdə yaşamamışdır. Evi cavabdehin atası Nümayəndə2 2019cu ildə almışdır. Sonuncu 28 dekabr 2021-ci il tarixdə isə evi başqa şəxsə satmışdır. Hazırda mübahisəli evin qaz, su və işıq sayğacları həmin alıcının adınadır. Evi satdıqları şəxsi tapa bilmədiklərindən evin satılması ilə bağlı sənədi birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər. Nümayəndə (vəkil) X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Tərtər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(061) 925/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X7 aralarında Bərdə Rayon Regional Asan Xidmətinin Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 09 avqust 2017-ci il tarixli, 853 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X10 anası X2 himayəsində saxlanılmış, 20 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyul 2020-ci il tarixdən hesablanılmaqla hər ay 140 manat məbləğində aliment Cavabdeh1 tutularaq X3 verilməsi qət edilmişdir; Abşeron Rayon İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 08 iyun 2020-ci il tarixli, 2529 nömrəli arayışından görünür ki, İddiaçı1 qonşuların aktına əsasən Xırdalan şəhəri, Quşçuluq massivi, S.Rüstəmov küçəsi, dalan 6-da yaşamışdır; Abşeron rayonu, Quşçuluq massivi, 6-cı küçə, ev 26-da qeydiyyatda olan X5 və İsmayıllı rayonu, Basqal qəsəbə ərazi dairəsində qeydiyyatda olan X8 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəmov küçəsi, dalan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır; Ödəniş qəbzindən görünür ki, 20 noyabr 2020-ci il tarixdə müştəri Nümayəndə2 334004F26D670970 nömrəli karta 50 kub.m üçün 5 manat ödəniş etmişdir; Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yaşayan abunə kodu **********02325 olan Cavabdeh1 qaz sayğacına 13.82 manat borc hesablanmışdır; "xxxx" ASC Abşeron Sukanal İdarəsinin 08 iyun 2020-ci il tarixli hesab fakturasından görünür ki, ünvan 2 ünvanında abonent kodu **********012 olan Nümayəndə2 63.50 manat borc hesablanmışdır; Abşeron Rayon İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli, 3248 nömrəli arayışdan görünür ki, İddiaçı1 yaşadığı ünvan 3 ünvanında yerləşən evə dair 4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsində hər hansı sənəd qeydiyyatdan keçməmişdir; 02 iyun 2019-cu il tarixdə tərtib edilmiş alqı-satqı haqqında razılaşmadan görünür ki, X13 mülkiyyətində olan daşınmaz əmlakı - 1,5 sot torpaq sahəsi, 95 kv.m olan evi 31000 manata alıcı Cavabdeh1 satmağı alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Razılaşma tərəflər, eləcə də şahidlər tərəfindən imzalanmışdır; 22 may 2022-ci il tarixli Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olan və daimi yaşayan Nümayəndə2, X14, X11 və X17 tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, İddiaçı1 cehiz əşyaları hal-hazırda Türkmən kəndində Nümayəndə2 məxsus olan fərdi yaşayış evindədir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci, 180.1 və 180.2 maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh1 09 avqust 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(061)-925/2020 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və Fatimə adlı uşaq İddiaçı1 himayəsində saxlanılmışdır. İddiaçı1 cavabdehin 02 sentyabr 2019-cu il tarixdə 31000 manata Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi aldığını və həmin vaxtdan cavabdehlə birlikdə həmin evdə yaşamağa başladıqlarını, sonra isə evin açarlarının dəyişdirildiyini, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdehin onu və azyaşlı qızını evə buraxmadığını, mübahisəli yaşayış sahəsi mülkiyyət hüququ əsasında onun və ya cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikinti hesab olunduğunu, ancaq ev onların birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına alındığından və evi satan adamla cavabdeh arasında öz xətləri ilə yazılaraq imzaları ilə təsdiq edilmiş yazılı razılaşma olduğundan himayəsində olan uşaqla birlikdə həmin yaşayış sahəsində yaşamaq ixtiyarı olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan 02 iyun 2019-cu il tarixdə tərtib edilmiş alqı-satqı haqqında razılaşmadan görünür ki, X13 mülkiyyətində olan daşınmaz əmlakı - 1,5 sot torpaq sahəsi, 95 kv.m olan evi 31000 manata alıcı Cavabdeh1 satmağı, alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Razılaşma tərəflər, eləcə də şahidlər tərəfindən imzalanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Göründüyü kimi, Cavabdeh1 İddiaçı1 ilə birgə nikahda olduqları dövrdə 31000 manat müqabilində mübahisəli yaşayış sahəsini faktiki olaraq almışdır. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli yaşayış sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edildiyindən İddiaçı1 həmin tikilidə yaşamaq hüququ vardır. Kollegiya gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olmasa da, lakin həmin hal şəxsin daimi olaraq yaşadığı evdən qanunsuz olaraq çıxarılmasına əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin ev iddiaçının və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh1 iddiaçının mübahisəli yaşayış sahəsində yaşamasını istəmədiyi halda onun həmin yaşayış sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etməli idi. Belə ki, hər hansı bir təzyiq vasitəsi ilə şəxsin evdən çıxarılması həmin şəxsin mənzil hüququnun pozulmasına səbəb olar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli evə köçürülməsinə məhdudiyyət qoyula bilməz və onun hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. Bundan əlavə işin faktiki halları ilə müəyyən olunur ki, tərəflər birlikdə mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu gerçəkləşdirmişdir. Kollegiya həmçinin qeyd edir ki, özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı verilməsə də, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin köçürülməsinə qadağalar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də, hüquqi qiymət verəərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Kollegiya ilkin olaraq cavabdeh tərəfin mübahisəli yaşayış sahəsinin cavabdehin atası tərəfindən alınması dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan 02 iyun 2019-cu il tarixdə tərtib edilmiş alqı-satqı haqqında razılaşmadan görünür ki, X13 mülkiyyətində olan daşınmaz əmlakı - 1,5 sot torpaq sahəsi, 95 kv.m olan evi 31000 manata alıcı Cavabdeh1 satmağı, alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Razılaşma tərəflər, eləcə də şahidlər tərəfindən imzalanmışdır. Göründüyü kimi, mübahisəli yaşayış sahəsinin alqı-satqı haqqında razılaşması Cavabdeh1 ilə bağlanmışdır və sonuncu 31000 manat pul ödəməyi öhdəsinə götürmüşdür, habelə həmin vəsaiti ödəmişdir ki, evi sahiblik və istifadəsinə qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası mübahisəli yaşayış sahəsinin başqa şəxsə satılması dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, bundan əvvəldə qeyd edilyi kimi mülki qanunvericiliyə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan onun barəsində sərəncam verilməsi, yəni başqa şəxsə satılması istisna təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, həmin hal İddiaçı1 mübahisəli yaşayış sahəsinə köçürüməsinə maneə yarada biləcək hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(021)-2702/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar