Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-361/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1268/2024 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə X7 xx.xx.2013-cü ildə nikaha girmiş və onların nikahları xx.xx.2013-cü il tarixdə Tovuz Rayon Qeydiyyat Şöbəsində 278 nömrəli ilə qeydiyyata alınmışdır.
2. İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X8 doğulmuş və sonuncunun doğumu Rusiya Federasiyası Novosibirsk şəhər Qeydiyyat orqanlarında qeydiyyata alınmışdır.
3. 11.01.2024-cü il tarixli Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 hə həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 313.7 kv.m olan fərdi yaşayış evinə dair X1 adına tam mülkiyyət hüququ ilə 17 mart 2011-cı il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeydiyyatın aparılması üçün isə əsas kimi JN-3212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Tovuz rayon İNB-nin Qovlar qəsənəsi İHN-nin xx.xx.2011-ci il tarixli, 652 nömrəli arayışı göstərilmişdir.
4. İddiaçı ilə X7 arasında bağlanmış nikah Tovuz Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması xx.xx.2024-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 80 nömrə ili qeyd alınmış və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə Nikahın Pozulması haqqında şəhadətnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onu, yetkinlik yaşına çatmayan oğlu Ayazla birlikdə cavabdeh X2 faktiki istifadəsində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun baldızıdır. O cavabdehin qardaşı X6 ilə 2013-cü ilin aprel ayında rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Nikahları həmin vaxt Tovuz rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmışdır. Birgə rəsmi nikahlarından xx.xx.2014-cü ildə X11 adlı bir uşaqları doğulumuşdur.O, cavabdehin qardaşı Araz Qurban oğlu ilə ailə quranda cavabdehin yaşadığı evə gəlin köçmüşdur. O, həmin evə gəlin köçəndə mərhum qayınatası sağ olmuşdur. O, onu heç bir qeyd şərt göstərmədən ailəyə qəbul etmişdir. Hazırda o və uşağı həmin evdə pasport qeydiyyatındadır. Gəlin köçdüyü ev bir neçə otaqlı olmaqla, yaşayış və qeyri-yaşayış sahəsindən ibarətdir. Ona məxsus olan cehiz əşyaları toyları olan gün həmin evə yığılmışdır. Hazırda uşağına və ona məxsus olan bütün əşyalar həmin evdədir. 2023-cü ilin iyun ayına kimi həmin evdə mübahisəsiz yaşamışlar. 2023-cü ilin iyun ayında cavabdeh onunla dava etmiş, uşaqla birlikdə onu yaşadığı evdən qovmuşdur. Həmin vaxtdan o azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Çünki cavabdeh onları mübahisə predmeti olan evdə yaşamağına imkan vermir. Köçmək istədiyi fərdi yaşayış evi cavabdehin faktiki istifadəsindədir. Ona görə də, onun və yetkinlik yaşına çatmayan oğlu Ayazla birlikdə cavabdeh X2 faktiki istifadəsində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər.
8. Cavabdeh nümayəndəsi iddianı etiraf etməyərək izhatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, atası 2019-cü ildə vəfat etmişdir. Belə ki, həmin vaxt iddiaçı demişdir ki, o həmin evdə yaşamaq istəmir. Ona görə də, qardaşı Ayaz öz istəyi ilə evdən imtina etmişdi. Bacısı Fərqanə də, həmin evdən imtina etmişdir. İddiaçı Şəmkirdə yaşayır və uşağı rus sektorunda oxuyur, orada yaşamayacaqlar. Əgər iddiaçı həmin evdə daimi yaşayacaqsa orda yaşamağına etiraz etmir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1268/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi tərəflər biri-birinin ailə üzvləri deyildirlər. Cavabdeh miras qoyana münasibətdə mirasın açıldığı andan mülkiyyətçidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 124.2, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehlə aralarında olan mübahisə 2023-cü ilin iyun ayından sonra yaranmışdır. Deməli, aralarındakı mübahisə Azərbaycan Respublikasının MM-in 228.1-ci maddəsinə uyğun həll edilməlidir. Uşağı ilə o mübahisəli evdə pasport qeydiyyatında dururlar. Məhkəmə bu halı nəzərə almadan qətnamə çıxarmışdır. Qeyd etdiyi əsaslara görə hesab edir ki, məhkəmə iddianı təmin etməməklə həm maddi, həm də prosesual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı iş üzrə cavabdehin baldızıdır. İddiaçı cavabdehin qardaşı Arazla 2013-cü ildə evlənib və birgə nikahdan bir övladları doğulmuşdur. Evlənərkən mübahisəli evə gəlin köçmüş və həmin evə gəlin köçəndə Arazın atası Qurban kişi həyatda olmuşdur. İddiaçıya məxsus cehiz əşyaları həmin mübahisəli evdə yerləşir. Hazırda iddiaçı oğlu ilə birlikdə həmin mübahisəli evdə pasport qeydiyatındadırlar. Aralarında olan narazılığa görə 2020-ci ildə ayrılıblar. Mübahisə oluduğundan iddiaçının həmin evdə yamağına icazə vermir. İddiaçı evə gəlin köçərkən ev iddaiçının qayınatasının mülkiyyətində olmüşdur. Ailə quran zaman aralarında mübahisə olmadığından evin tərkib istifadə hüququ ilə bağlı müqavilə bağlamayıblar. O, ailə üzvü kimi şərtsiz qəbul olunmuşdur. Evləndikdən sonra tərəflər Rusiya Federasiyasına getmişlər. Orda təxminən 1.5 il yaşadıqdan sonra Azərbaycana qayıtmışlar. Təxminən 5-6 ay Tovuzda yaşadıqdan sonra ərinin işi ilə bağlı Bakıya getmişlər. 3-4 il gəlib getmişlər. Hazırda iddiaçının yaşamağa yeri olmadığına görə Bakıda yaşayır. İddiaçı hazırda özəl klinikaların birində resepsionda işləyir. Məhkəmə iddianı təmin edəcəyi təqdirdə Tovuz rayonuna köçüb yaşayacaqdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında izahatında bildirmişdir ki, həmin mübahisəli ev atasının adına olmuşdur. İddiaçı 2013-cü ildə qardaşı ilə nikaha daxil olduqdan sonra həmin evə gəlin gəlmişdir. Təxminən iki ay həmin evdə yaşadıqdan sonra onlar Russiyaya köçmüşlər və beş il Rusiyyada yaşamışlar. Beş ildən sonra Azərbaycana qayıtmışlar, qardaşı Bakı şəhərində işə qəbul olmuş və beş ildə Bakı şəhərində yaşamışlar. Sonradan orda münasibətləri kəskinləşmiş aralarındakı nikah pozulmuşdur. İddiaçı Tovuz şəhərində atasına məsxsus həmin evdə yaşamamışdır. Hazırda atasından qalan mirası qəbulu üçün o, Daşınmaz Əmlakın Reyestri Xidmətinə müraciət etmişdir. Lakin adına çıxarış verilməmişdir. Hazırkı vəziyyətdə ev atasının adınadır. O, iddiaçının həmin mübahisəli evə köçməsinə razı deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
19. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
20. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
21. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1268/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh X5 iddiaçının baldızıdır. İddiaçı cavabdehin qardaşı X6 ilə rəsmi nikaha daxil olmaqla 2013-cü il tarixdə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X11 adlı bir uşaqları doğulumuşdur. İddiaçı cavabdehin qardaşı Araz Qurban oğlu ilə ailə qurmuş və mərhum qayınatası olan X1 adına qeydə alınmış evə gəlin köçmüşdür. İddiaçı həmin evə gəlin köçərkən, mərhum qaynatası sağ olmuşdur. Daha sonra əri Araz Hüseyinli ilə aralarında olan narazılıqlara görə ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir, cavabdeh isə iddiaçının köçməsinə razılıq vermir.
40. İlk növbədə məhkəmə qeyd ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evin faktiki olaraq cavabdehin istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda cavabdeh miras qoyanın qızı olaraq mirası qəbul edəcəyi təqdirdə miras qoyanın vərəsəsi olacaqdır.
41. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
42. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan iddiaçının isə hazırki iddiası mülkiyyət (istifadə) hüquqlarından qaynaqlandığından sonuncunun evə dair istifadə hüququnun olubolmaması araşdırılmalıdır. İddiaçı cavabdehin qardaşı ilə 2013-cü il tarixdə rəsmi nikaha düşdüyü üçün onun fərdi yaşayış evinə dair hüququ qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.
43. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
44. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
45. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçının cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
47. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
48. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin baldızın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
49. Eyni zamanda iddiaçının nikaha daxil olduğu 2013-cü ildə mübahisə predmeti olan fərdi yaşayış evi üzərində qayınatasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış olsa da məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-3212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən sonuncunun mülkiyyətində olmuş və fərdi yaşayış sahəsi üzərində iddiaçının qayınatasının mülkiyyət hüququ 17 mart 2011-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.
50. Göründüyü kimi, iddiaçı qayınatasının mülkiyyətinə gəlin küçdüyü zaman belə mülkiyyətçinin ailə üzvü olmamış və işin müəyyən edilərək iddia tərəfinin də təsdiq etdiyi kimi iddiaçının qayınatası ilə evdən istifadəyə dair Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuş müqavilə bağlanmamışdır.
51. Bunlardan başqa məhlkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırda Bakı şəhərində yaşamaqla işləyir. İddiaçının vəkili məhkəmə iclasında iddianın təmin olunacağı təqdirdə iddiaçının Tovuz rayonu Qovlar qəsəbəsinə köçəcəyini bildirsə də iddia tərəfinin bu arqumenti inandırıcı deyildir.
52. İddiaçının hazırki iddianın irəli sürülməsində olan məqsədi yaşamaqla bağlı deyil, gələcəkdə həmin fərdi yaşayış evinin mülkiyyətçisindən kompensasiyanın alınmasına yönəlmişdir.
53. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehin ev üzərindəki gözlənilən hüquqları məhdudlaşdırılmamalıdır.
54. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(062)-1268/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.