Məhkəmə qərarları › İş №2(104)-362/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-362/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-362/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1917/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əmlakının onun mülkiyyətində olan Bərdə şəhəri F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evindən çıxarılması və X1nun hərbi biletinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1917/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 əmlakları İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, tam mülkiyyətində olan Bərdə şəhəri F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi var. Həmin ev isə Daşınmaz Əmlakın Dövlət Reyesterindən 03 iyun 2008-ci il tarixdə 00005853 nömrəsi ilə qeydiyyata alınmış, çıxarış da verilmişdir. X1 Cavabdeh1 ilə 28 fevral 2019-cu ildə qeyri rəsmi nikah münasibətinə girməklə evlənmişdir. Oğlu ona bildirmişdir ki, onlara müvəqqəti evdə sığınacaq verim, tezliklə çıxacaqlar. Onlara müvəqqəti yaşamaq üçün tam mülkiyyətində olan Bərdə şəhəri, F.B.Köçərli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evində sığınacaq vermişdir. Lakin cavabdehin əmlaklarının onun evinə yığılmasına baxmayaraq oğlu ilə cavabdeh Bakı şəhərinə çıxıb gedib, orada kirayədə yaşamışlar. Oğlu Arzuman cavabdehlə bir yerdə yaşadıqları müddətdə övladları olmamışdır. Hətta bu illər ərzində uşaqları olmamasına görə cavabdehi müxtəlif xəstəxanalarda, müxtəlif həkimlərdə müalicə etdiriblər. Lakin bir nəticəsi olmamışdır. X7 cavabdehlə bir yerdə yola getməmişdir və ailə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən də cavabdehlə ayrılıb Rusiya Fedarasiyasına getmişdir. Cavabdehin bacısı gəlib onu öz evinə aparmışdır. Cavabdeh özü onun evini tərk edib çıxıb getməsinə baxmayaraq əmlakı onun evində qalmışdır. Dəfələrlə desə də gəl cehiz əşyalarını apar, gəlib aparmamışdır. Cavabdehin bacı qardaşları onun oğlunu təhdid edir, hədələyirlər, cavabdeh özü isə bildirir ki, əgər ayrılsa özünü öldürəcəkdir. Böyük oğlu 2007-ci ildə ailə qurmuşdur, birinci qrup gözdən əlildir. Hal-hazırda ailəsi və övladları ilə birlikdə onun evində yaşayır. Bundan başqa dəfələrlə tələb etmələrinə baxmayaraq oğlunun hərbi biletini vermir, cehiz əmlakları evində bir otaqdadır, həmin otağı nəvələrinə yataq otağı etmək istəyir. Cavabdeh1 əmlakını könüllü aparmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mülki iş materiallarında olan: MH ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı1 mülkiyyətində Bərdə şəhəri, F.B.Köçərli küçəsində 0.05 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı, 50.8 kv.m yaşayış, 209.7 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən 2637 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə şəhəri A.Əhmədov küçəsi 2 nömrəli evdə yaşayır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun həmin evdən yaşama hüququ vardır. O evin təmirində və tikintisində iştirak etmişdir. İşə baxılan zaman evə mülkiyyət sənədinin nə vaxt alınmasına diqqət yetirməmişdir. Həmçinin, ona məxsus olan qızıl-zinət əşyalarına verməmişlər. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, iddiaçının X7la evlənib qeyri rəsmi nikahda olmuşlar. Evləndikdən sonra iddiaçının evində bir müddət yaşamışlar. O, evləndikdən sonra cehiz əşyalarını iddiaçının evinə gətirmişdir. Arzumanla münasibətləri pisləşdikdən sonra həmin evi tərk etsə də, onun cehiz əşyaları iddiaçının evində qalmışdır. Hazırda əşyalarını yığmağa başqa yeri yoxdur. O, iddiaçılara qarşı qızıl və cehiz əşyalarının alınıb verilməsi tələbinə dair məhkəmədə iddia qaldıracaqdır. Ona görə də hazırda cehiz əşyalarının iddiaçının evindən çıxarılmasına razı deyildir. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cavabdehi izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 2019-cu ildə iddiaçının X7la evlənmişlər, lakin nikahları rəsmiləşməmişdir. Həmin vaxtdan cavabdeh iddiaçının istifadəsində olan mübahisəli evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. Bir müddətdən sonra cavabdehlə iddiaçının X1nun ailə münasibətləri pozulduğuna görə cavabdeh mübahisəli evdən çıxmış və valideynlərinin yaşadığı evə köçmüşdür. Hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindədir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna, habelə yaşayış sahəsindən istifadəyə dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bərdə şəhəri, F.B.Köçərli küçəsi, 76 nömrəli fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğlu ilə 2019-cu ildə qeyri-rəsmi evlənmişlər və gəlin kimi iddiaçıya məxsus evə köçərək bir müddət birlikdə yaşamış, bir müddətdən sonra cavabdehlə iddiaçının X1nun ailə münasibətləri pozulduğuna görə cavabdeh mübahisəli evdən çıxmış və cavabdeh iddiaçıya məxsus evi tərk etsə də ona məxsus olan cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdehə məxsus əşyaların iddiaçının evində qalması onun mülkiyyət hüququndan istifadəsini məhdudlaşdırmaqdadır. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1917/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar