Məhkəmə qərarları › İş №2(104)-363/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-363/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-363/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Bazar Store MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: Tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (vəkil) X8 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları “Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Hacıkənd qəsəbəsi 26 Bakı Komissarı küçəsi-13 ünvanda yerləşən, yaşayış sahəsi 21,3 kv metr, 38,2 kv metr ümumi sahədən ibarət olan 2 yaşayış otaqla ev X4 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir. 22 may 1996-cı il tarixli müqaviləyə əsasən X2 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv metr olan 2 yaşayış otağından, 13,7 kv metr örtülü eyvandan, 6,0 kv metr tamburdan ibarət yaşayış evini X1 . Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv metr torpaq sahəsi X5 istifadəsinə verilmişdir. AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 X9 tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2014-cü il tarixli, 1047 nömrəli sərəncamından görünür ki, Cavabdeh müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən 3350,0 kv,m torpaq sahəsində 72 yerlik 4 mərtəbəli mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon İHB-nın 17 iyun 2014-cü il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə 1 may küçəsinin kəsişməsində yerləşən 3350,0 kv.m toppaq sahəsində 72 yerlik 4 mərtəbəli mühmanxana binasınıln yerləşdirilməsi üçün Cavabdehnə icazə verilmiş, istifadəyə verilmiş torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamının ləğv edilməsunə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmədə Cavabdeh MMC-yə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Lakin hesab edir ki, sözügedən iddia ərizəsində tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma əvəzinə, ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etsə daha düzgün olar. Bu səbəbdən iddianı dəyişmək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən fərdi yaşayış evinin bazar qiyməti minimum 120000 (yüz iyirmi min) manat təşkil edir. Ona görə də hesab edir ki, bu məbləğ kompensasiya şəklində Cavabdeh MMC-dən alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh MMC-dən kompensasiya şəklində120000 (yüz iyirmi min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra isə iddiaçı təkrarən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh MMC-yə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəməyə ərizə təqdim edərək ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Lakin evi söküldüyünə görə evin bazar qiymətinə dair mütəxəssis rəyi verilməsindən imtina olunmuşdur. Ona görə də hesab edir ki, yenidən tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə ərizə verməlidir. Bu səbəbdən də iddianı yenidən dəyişərək əvvəlki tələbini irəli sürmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Fərdi yaşayış evi 2 yaşayış otağından, köməkçi sahələrdən, əl damından, hamamdan ibarət olmuş, ümumi torpaq sahəsi 1106,6 kvadratmetrdir. Sözügedən fərdi yaşayış evində yay aylarında istirahət məqsədi ilə qalmış, digər vaxtlarda isə Gəncə şəhərində yaşamışdır. Lakin 2013-cü ildə o, evə baş çəkməyə gedən zaman evinin yerlə-yeksan edildiyini və həmin ərazidə qeyriyaşayış sahəsi (otel) binasının tikildiyinin şahidi olmuşdur. Həmin vaxt nə qədər etiraz etsə də, ona hədə-qorxu gəlmişlər və o, məcburiyyət qarşısında bir müddət susmalı olmuşdur. Daha sonra dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində tikinti işlərinin dayandırılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 11 iyun 2021-ci il tarixli, 115 nömrəli rəy verilmiş, ekspertiza keçirilən zaman yerli baxışda cavabdeh tərəf iştirak etməmiş və torpaq sahəsinə dair MMC-yə aid sənədləri təqdim etməmişdir. Bu səbəbdən də, ekspertiza araşdırmaları zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi sahə, mülki iş materiallarına əlavə edilmiş 12847 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2006-cı il tarixli texniki pasport, ərazinin faktiki vəziyyəti və xəritə materiallarına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. İddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini müəyyən etmək ekspertin səlahiyyətlərinə aid deyildir. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evinyerləşdiyi torpaq sahəsi bütünlüklə, 1,022 ha (10220,0 kv metr) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilindədir. Tikili və qurğuların nədən ibarət olması, təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi ekspertin səlahiyyətlərinə aid deyildir. 23 iyul 2021-ci il tarixli, 10/340 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinin məlumatına əsasən Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə, 3-cü şəxs, yaxud şəxslər tərəfindn 1,022 ha (10220,0 kv metr) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin reyestr barədə arayışından görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə və Azərbaycan Respublikası üzrə Milli Qeydiyyat Sistemində aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 12847 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli ünvan 7 ünvanında fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 19-cu küçə, 59 saylı fərdi yaşayış evi, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 50 saylı binada yerləşən qeyri-yaşayış sahəsi, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli 0,4424 ha sahibkarlıq təyinatlı torpaq sahəsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən 17 noyabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları, sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olunmuşdur. 2. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kv,m, faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kvadratmetr) ölçüləri göstərilmişdir. 3. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsinin 318,0 kvadratmetr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kvadratmetr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kv,m hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 10/8576 nömrəli məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olundu. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olundu. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kvadratmetr faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kvadratmetr) ölçüləri göstərilmişdir. Beləliklə, müəyyən olundu ki, texniki pasportdakı planda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsinin 318,0 kvadratmetr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kvadratmetr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kvadratmetr hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin edilməsi, Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsi Cavabdeh MMC-nin zəbtindən azad edilməsi və həmin ərazinin İddiaçı təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş hotel binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 318,0 kvadratmetr hissəsi və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 8 kvadratmetr hissəsi Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsitərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və mübahisəli əraziyə İddiaçı adına xx.xx.2006-cı il tarixdə texniki pasport da işlənmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda torpaq sahəsinin sənəd üzrə 400,0 kvadrat metr, faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi sökülmüş və Cavabdeh MMC fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini zəbt edərək iddiaçının oradan istifadəsinə imkan verməmiş və orada qanunsuz olaraq qeyriyaşayış (otel) binası tikmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi altında yerləşən 400 kvadrat metr torpaq sahəsi ilə birlikdə iddiaçıya satılmışdır. Lakin Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında faktiki olaraq 1106,6 kvadratmetr torpaq sahəsinin mövcud olması qeyd edilmişdir. Mübahisəli ünvanda yerləşən və faktiki mövcud olan 1106,6 kvadratmetr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada tikililər (hotel binası və daş hasar) inşa etməsi işin mübahisəsiz halıdır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, qanuni istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin mövcudluğu onun iradəsinə ziddir. Cavabdehin tikilini sökməməsi və qeyd olunan torpaq sahəsini tərk etməməsi iddiaçının istifadəsində olan torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 152.11, 157.2, 157.4, 162, 163.1, 164.1, 170.2, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213 və 216-220-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Cavabdeh MMC apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirilən ərazi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə MMC-yə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Torpaq sahəsi Cavabdeh MMC-nə ayrılarkən həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Belə olan halda cavabdehin iddiaçıya məxsus olmuş hər hansı tikilinin sökülməsini təlb etmək hüququnun olmasından söhbət gedə bilməz. Məhkəmə qətnaməsində torpağın nə vaxt zəbt edilməsi məsələsi və eyni zamanda kimin tərəfindən zəbt edilməsi əsaslı dəlillərlə sübut olunmamışdır. Həmçinin, daş hasarın kimin tərəfindən və nə vaxt inşa olunması da müəyyən edilməmişdir. Ekspert rəyində mübahisəli torpaqsahəsinin xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı Torpaq sahəsinin planı və ölçüsü sənədindən istifadə olması nə rəydə, nədə ki məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtələrini) özündə əks etdirən plan ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, ilk növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən harada yerləşməsi və mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli idi. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Torpaq sahəsi qeyd olunan sərəncam əsasında cavabdehin qanuni istifadəsindədir. Əlavə olaraq bildirmək istəmişdir ki, mübahisəli tikili iş materiallarından və iddiaçının verdiyi məlumata əsasən 2011-ci ildə sökülmüşdür. Digər tərəfdən işə baxılarkən nəzərə alınmamışdır ki, torpaq sahəsinin mülkiyyət növü dövlətdir və üzərində heç bir tikili olmayan boş torpaq sahəsi Cavabdeh MMC-yə İcra Hakimiyyəti tərəfindən ayrılmış və mövcud sənədlər əsasında tikinti işlərinə başlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1314/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq qeyd etmişdir ki, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin hüquqmüəyyənedici sənədlər və İddiaçı adına tərtib olunmuş qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edilmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ qeydə alınmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və ya torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 146.1, 146.2, 146.2, 180.1, 180.2-ci və MPM-nin 14.2, 76.1, 77.1, 88ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı (Vəkil3 Məmmədəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin tam ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4019/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Əhməd Nurməmmədov, hakimlər Abiddin Hüseynov və Zəki Babayevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1314/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkil) X11 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçının aldığı ev 2011-ci ildə sökülmüş, evin yerləşdiyi torpağın isə sənədi olmamışdır. Evin sökülməsinin onlara aidiyyatı yoxdur. Belə ki, mübahisələndirilən ərazi onlara Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamı ilə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur.Həmin İnşaat pasportunda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Mübahisəli ev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Belə ki, orada həmin ərəfədə 7-8 ev sökülmüş, hamısı ilə razılaşdırılıb, torpaq sahəsi verilmiş, ona isə verilməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 49.

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 67.

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. M a d d ə 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hazırkı iddia tələbi Cavabdeh MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasından ibarətdir. İşin yuxarıda qeyd edilən halları və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4019/2023 saylı qərarında şərh edilən göstərişləri ilə müəyyən olunur ki, 400 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4019/2023 saylı qərarında şərh edilən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə hüququna dair göstərişləri ilə razılaşır. Lakin heç şübhəsiz iddiaçının güman edilən torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası üçün, ilk növbədə həmin torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilb-edilməməsi, onların planı və ölçüsünün tərtib edilib-edilməməsi, naturada yerləşmə koordinatlarının müəyyən edilməli, tələbin əsaslılığının aydınlaşdırılması üçün müvafiq ekspertiza keçirilməlidir. Hazırkı iş üzrə iddiaçının sahibliyində və istifadəsində olmuş torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməməsi, onun planı və ölçüsünün tərtib edilməməsi, naturada yerləşmə koordinatlarının müəyyən edilməməsi işin mübahisə edilməyən halıdır. Məhz bu səbəbdən, yəni İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən, iş üzrə təyin edilmiş ekspertiza araşdırması zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahədə texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunmuşdur.Ona görə də, iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehin istifadəsində olmasına dair əldə edilmiş ekspertiza rəyi iddianın təmin edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı onun evinin 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsini, ümumiyyətlə isə orada həmin ərəfədə 7-8 evin sökülməsini və evi sökülmüş şəxslərə torpaq sahəsi verilməsini göstərmişdir ki, belə olan halda, məhz onun istifadəsində olan torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində tikilmiş tikili altına düşməsini yuxarıda göstərilən əsaslara görə müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da nəzərə alır ki, qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır ki, bu da özlüyündə mübahisə edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dəlalət edir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunması qeyd edilmişdir.Bu isə onu ehtiva edir ki, sərəncamla üçüncü şəxsə icazə verilmiş torpaq sahəsinin konkret olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşməsi müəyyən edilməmiş, yanız iddiaçının naturada təqdim etdiyi sahə üzrə araşdırma aparılmışdır. Həmçinin, mübahisələndirilən ərazi Cavabdeh MMC-yə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının yuxarıda qeyd edilən sərəncamı ilə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda torpaq sahəsi haqqında məlumatda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Göründüyü kimi, torpaq sahəsi Cavabdeh MMC-yə ayrılarkən, həmin torpaq sahəsi boş olmaqla, orada hər hansı tikili mövcud olmamışdır. Belə olan halda, iddianın təmin edilməsi qanuni hesab edilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı evinin sökülməsi ilə bağlı həmin söküntünü həyata keçirmiş şəxsə və ya orqana qarşı kompensasiya tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüqiuqi əsaslarını düzgün müəyyən etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Ekspertiza xərci iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar