Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-377/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “zəbt olunmuş torpağın zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-182/2023 nömrəli qətnaməsindən Cavabdeh Məhəmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Torpağa mülkiyyət hüququna dair” JN 797, KOD 50210018 saylı Dövlət aktından görünür ki, Ağsatafa Rayon Aqrara İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2.017 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2, İddiaçı, X3, X1, Nümayəndə Əmraslan oğluna, X4 verilmişdir.
2. 25 noyabr 2022-ci il tarixli Aktın surətindən görünür ki, Nümayəndə müraciətinə əsasən İddiaçı mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin döngə nöqtələri TEKUİS məlumat bazasına əsasən yerində ölçülərək tanıdılmışdır.
3. Ağstafa rayon Köhnəqışlaq Bələdiyyəsinin arayışından görünür ki, İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı 0.20 ha torpaq sahəsi Köhnəqışlaq kənd sakini Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Məhəmmədəli oğlunun istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1502 kv.m-ə qədər hissəsinin, İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 0.40 ha hissəsi ilə ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmmədəli oğlu tərəfindən ona və ailə üzvlərinə məxsus zəbt olunmuş 0.20 ha torpaq sahəsinin zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, Ağstafa rayon X5 31 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisindən pay torpağı və şəhid ailəsi kimi verilmiş torpaq olmaqla, ümumilikdə 2,17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ölçü ilə az olduğunu gördükdən sonra iddiaçı Ağstafa rayon Köhnəqışlaq kənd bələdiyyəsinə torpağının nə üçün az olduğunu bildirmiş və bələdiyyə də müvafiq təşkilatdan torpaq sahəsinin döngə nöqtələrinin TEKUİS məlumat bazasına əsasən rüsum ödədikdən sonra ölçü işlərini həyata keçirmiş və akt tərtib edilərək onu öz qanuni torpaq sahəsi kimi göstərmişdir. Ondan sonra məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 20,00 ha hissəsi Cavabdeh Məhəmmədəli oğlunun zəbtindədir. Cavabdehə isə bunu bildirdikdə o, etiraz edib demişdir ki, həmin sahədən cıxmır və orada 10 ədəd meyvə ağacları əkmiş və oradan onu heç kim çıxara bilməz. Hətta kənd bələdiyyəsinin arayışı ilə də təsdiq olunur ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etmişdir. Hazırda həmin torpaq sahəsini 0,20 ha hissəsi Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt edilmiş və onun tərəfindən qanunsuz istifadə edilir. Cavabdehə torpaq sahəsinin boşaldılaraq azad edilməsi ilə əlaqədar dəfələrlə müraciət etsə də heç bir nəticə olmamışdir. Ona görə də, Cavabdeh Məhəmmədəli oğlu tərəfindən iddiaçıya və ailə üzvlərinə məxsus zəbt olunmuş 0,20 ha torpaq sahəsinin zəbtdən azad edilməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh Məhəmmədəli oğlu izahatında bildirmişdir ki, iddiaçının torpaq sahəsini zəbt etməyib, belə ki, həmin torpaq sahəsi həmişə ümumi istifadə də olmuşdur. Lakin torpaq sahəsinin onun istifadəsinə ayrılmasına dair rəsmi sənəd mövcud deyildir. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-182/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın qismən təmin edilməsi, Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt etilmiş 0.40 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh Məhəmmədəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 221-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Məhəmmədəli oğlu apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-182/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, qətnamənin əsas və nəticə hissəsində qeyd edilmiş “Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt edilmiş 0.40 ha torpaq sahəsi” tamamilə qanunsuzdur. Həmin sahənin zəbt edilməsi heç bir sübutla təsdiq edilmir. O, həmin torpaq sahəsində 1995-ci ildən məskunlaşmışdır. Müharibə veteranı olsa da, başqa heç bir yerdə torpaq sahəsi yoxdur. O, həmin torpaq sahəsində təsərrüfat qurmuş, ağaclar əkmişdir. İddiaçı torpaq sahəsinin 1998-ci ildən ona məxsus olduğunu bildirir. O isə, 1995-ci ildən həmin torpaq sahəsini istifadə edir. Həmçinin iddiaçı bügunə qədər onun olduğunu iddia etdiyi torpaq sahəsindən istifadə etməmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı tərəfindən daxil olmuş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Ağstafa rayon X5 31 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisindən ona ümumilikdə 2,17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ölçü ilə az olduğunu gördükdən sonra iddiaçı Ağstafa rayon Köhnəqışlaq kənd bələdiyyəsinə torpağının nə üçün az olduğunu bildirmiş və bələdiyyə də müvafiq təşkilatdan torpaq sahəsinin döngə nöqtələrinin TEKUİS məlumat bazasına əsasən rüsum ödədikdən sonra ölçü işlərini həyata keçirmiş və akt tərtib edilərək onu öz qanuni torpaq sahəsi kimi göstərmişdir. Ekspert rəyi ilə, hətta kənd bələdiyyəsinin rəyi ilə də təsdiq edilir ki, cavabdeh onun torpaq sahəsini zəbt etmişdir. Onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-182/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir.
23. Belə ki, iddia tələbindən göründüyü kimi, İddiaçı Cavabdeh Məhəmmədəli oğlu tərəfindən ona və ailə üzvlərinə məxsus cavabdeh tərəfindən zəbt olunmuş 0.20 ha torpaq sahəsinin zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbindən kənara çıxaraq Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt edilmiş 0.40 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı istifadəsinə qaytarılmasını qət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulduğu üçün qətnamə ləğv edilməlidir. Digər tərəfdən, iddianı tələb edildiyindən artıq həcmdə təmin etmiş birinci instansiya məhkəməsi təmin edilməmiş tələbin nədən ibarət olduğunu açıqlamamış, qeyd edildiyi kimi iddia tələb edildiyindən daha artıq təmin edildiyi halda, qətnamənin nəticə hissəsində onun qismən təmin edildiyi göstərilmişdir.
24. Məhkəmə kollegiyası mahiyyəti üzrə qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN 797 KOD 50210018 Dövlət aktından görünür ki, Ağstafa Rayon Aqrara İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə, 2.017 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2, İddiaçı, X3, X1, Nümayəndə Əmraslan oğluna, X4 verilmişdir. İddiaçı ona və ailə üzvlərinə məxsus ümumi mülkiyyətdə olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
25. Kollegiya ilk öncə qeyd edir ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN 797, KOD 50210018 saylı Dövlət aktına əsasən iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunubolunmamasını müəyyən etmək üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Məhəmmədəli oğlunun istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1502 kv.m-ə qədər hissəsinin, İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 0.40 ha hissəsi ilə ilə üst-üstə düşməsi müəyyən edilmişdir.
26. Göründüyü kimi, ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin 0.1502 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini əsaslı hesab edir və onu mötəbər sübut kimi qəbul edir. Belə ki ekspert tərəfindən qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır.
27. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-182/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Məhəmmədəli oğlu JN 797, KOD 50210018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.1502 ha hissəsindən çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh Məhəmmədəli oğlundan alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.