Məhkəmə qərarları › İş №2(104)-38/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-38/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-38/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Torpağın zəbtdən azad edilməsi, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(030)-45/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********30 reyestr nömrəli, 27 oktyabr 2015-ci il tarixli AA 012772 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, 27 oktyabr 2015-ci il tarixdə X2nda qeydə alınmış həmin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən İddiaçı (iddiaçıya) yaşayış məntəqələri kateqoriyasına aid 0,06 ha torpaq sahəsi ayrılmışdır. Əsas: Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli 01 nömrəli qərarı, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 10 fevral 2014-cü il tarixli 30 nömrəli Torpaqların alqı-satqısına dair aktı.

3. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 20 dekabr 2018-ci il tarixli 15 nömrəli qərarının surətindən görünür ki, Xoşbulaq bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsində alqı-satqı qaydasında və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 və 16.4-cü maddələrinə əsasən, Cavabdeh on ildən artıq Xoşbulaq bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi 0,12 ha həyətyanı torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar satılması barədə müraciəti və müvafiq sənədləri nəzərə alınaraq və həmin torpaq sahəsini Cavabdeh satılması barədə qərar verilmişdir.

4. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 24 dekabr 2018-ci il tarixli 137 nömrəli “Torpaqların alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış Xoşbulaq bələdiyyəsi ərazisindən 0,12 hektar torpaq sahəsinin satılması barədə 20 dekabr 2018-ci il tarixli 15 nömrəli qərar qəbul edilmişdir. Bu müqavilə Daşkəsən rayon Xoşbulaq bələdiyyəsində 24 dekabr 2018-ci il tarixdə 137 nömrə ilə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin 30 iyun 2020-ci il tarixli **********90 saylı rəyindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahələrinə 23 iyun 2020-ci il tarixdə müayinə baxışı keçirilmiş, torpaq sahəsinin naturada sənəd üzrə göstərilmiş koordinatlarla yeri təyin edilmişdir. Müayinə aparıldıqdan sonra, müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin bütövlüklə, İddiaçı məxsus 0,06 ha torpaq sahəsinin cizgiləri daxilində inşa edilmişdir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2929 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-2785/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən, RX ******* seriyalı, **********30 reyestr nömrəli, çıxarışa əsasən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin 0.0288 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. Həmin torpaq sahəsi üzərində tikili inşa edilmişdir. Qərardadın 2-ci sualı üzrə Mütəxəssis rəyinə əsasən, Cavabdeh ilə, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi arasında bağlanmış, 24 dekabr 2018-ci il tarixli 137 nömrəli "Torpaqların alqı-satqı müqaviləsi" və həmin müqaviləyə əsasən satılmış 0.12 ha torpaq sahəsinə dair plan və ölçü sənədləri, daxil olmuş mülki iş materialları və idarənin arxiv sənədlərində aşkar edilmədi, bu səbəbdən də, 2-ci sualın cavablandiniması mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli 01 nömrəli Torpaq sahəsinin ayrılması barədə qərarına və 10 fevral 2014-cü il tarixli 30 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. Qeyd olunan sənədlərə əsasən həmin torpaq sahəsinə dair öz adına Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarış və Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2015-ci il tarixli, A 012772 nömrəli, **********30 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü almışdır. Maddi imkansızılıqla əlaqədar olaraq torpaq sahəsində tikinti işləri apara bilməmişdir. Bu yaxınlarda torpaq sahəsində tikinti işləri başlatmaq istərkən, ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edildiyini görmüşdür. Tikinti işləri gedərkən cavabdehə dəfələrlə torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri cavabdehə göstərsə də, cavabdeh onun sözlərinə əhəmiyyət verməmiş, qərəzli olaraq torpaq sahəsini boşaltmayacağını bildirmişdir. Cavabdeh ona 0,06 ha torpaq sahəsini 1500 manata satmağı təklif etmiş, o isə torpaq sahəsi üçün 5000 manat ödənilməsini təklif etdikdə, cavabdeh bundan qəti imtina etmiş, torpaq sahəsini boşaltmayacağını demişdir. Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi üçün Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsinin mütəxəssisələri tərəfindən torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilmiş, bu barədə ona məktub göndərilmişdir. Həmçinin, Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsi tərəfindən də torpaq sahəsinə baxış keçirilmiş və Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə müdaxilə edildiyi müəyyən edilmişdir. 3 saylı Ərazi İdarəsi tərəfindən yerində baxış keçirilib torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilsə də, bununla əlaqədar olaraq tərtib edilmiş akt və rəyin surətləri ona təqdim edilməmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin özünə məxsus 0,12 ha torpaq sahəsi olmasına baxmayaraq, ona məxsus torpaq sahəsində tikinti işləri aparmışdır.

9. Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(030)-45/2020 nömrəli qətnaməsi ilə (hakim Azad Əliyev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın və həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili Cavabdeh vəsaiti hesabına sökülsün. Torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Cavabdeh 2018-ci ildə Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Əvvəla, iş mteriallarından da göründüyü kimi, Xoşbulaq bələdiyyəsinin Cavabdeh satdığı torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən Daşınmaz Əmlakın Reyestrindən Çıxarış mövcud olmamışdır. Bələdiyyə tərəfindən torpaq sahələrinin alqısatqısına dair qaydalar pozulmuşdur. Odur ki, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq İddiaçı dövlət qeydiyyatına alınmış torpaq sahəsinə dair mülkiyyət hüquqları müdafiə olunmalıdır. İş üzrə Daşınmaz Əmlakın Reyestr Xidmətinin rəyindən də görünüdüyü kimi, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi bütövlüklə, İddiaçı məxsus 0,06 ha torpaq sahəsinin cizgiləri daxilində inşa edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.2, 153.3, 152.5, 157.4, 178.1, 180.1 və 180.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 67, 68 və 111-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(030)-45/2020 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, o, özünə məxsus torpaq sahəsində ev tikdirmişdir. Buna görə də birinci instansiya məhkəməsi lazım olan araşdırmanı aparmaq üçün ekspertiza keşirilməsini təmin etməli idi. Peyk görüntüləri əsasında torpaq sahəsinin kimə məxsus olması dəqiqləşməli idi. Məhkəmə bu iş üzrə mütəxəssis olmadığı üçün onun yerində baxış keçirməsi heç nəyi həll etmir. Məhkəmə işə baxarkən onun iştirakını təmin etmədən qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edəərk, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

21. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

22. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsi

23. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

28. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

39. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 10 fevral 2014-cü il tarixli 30 nömrəli qərarı ilə Daşkəsən rayon Xoşbulaq kəndi ərazisindən bələdiyyə mülkiyyəti hesab edilən torpaq sahəsindən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş və X2 kitabında 27 oktyabr 2015-ci il tarixli AA 012772 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli çıxarış ilə, həmin torpaq sahəsi İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 24 dekabr 2018-ci il tarixli 137 nömrəli “Torpaqların alqı-satqı müqaviləsi” ilə Daşkəsən rayon Xoşbulaq kəndi ərazisindən bələdiyyə mülkiyyəti hesab edilən torpaq sahəsindən Cavabdeh 0,12 ha həyətyanı torpaq sahəsi satılmışdır. Lakin, torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır.

40. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,0288 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunur və onun həmin hissəyə sahibliyinin hüquqi əsası yoxdur.

41. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

42. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis, habelə ekspertin xx.xx.2023-cü il tarixli, 10/2929 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-32/2- 2785/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən, RX ******* seriyalı, **********30 reyestr nömrəli, çıxarışa əsasən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin 0.0288 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. Həmin torpaq sahəsi üzərində tikili inşa edilmişdir.

43. Lakin, birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin 30 iyun 2020-ci il tarixli **********90 saylı rəyindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahələrinə 23 iyun 2020-ci il tarixdə müayinə baxışı keçirilmiş, torpaq sahəsinin naturada sənəd üzrə göstərilmiş koordinatlarla yeri təyin edilmişdir. Müayinə aparıldıqdan sonra, müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin bütövlüklə, İddiaçı məxsus 0,06 ha torpaq sahəsinin cizgiləri daxilində inşa edilmişdir.

44. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

45. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

46. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya baxışı zamanı təqdim olunmuş rəylər əsaslıdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman alınmış mütəxəssis rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.06 ha hissəsini tutması qeyd olunmuşdur. Lakin, kollegiya Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin rəyini daha mötəbər hesab edir. Çünki, ekspertin rəyi daha dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində heç bir əsaslandırılma aparılmamış və mübahisəli ərazinin koordinatları göstərilməmişdir. Odur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt etdiyi 0,0288 ha hissəsindən çıxarılmalıdır.

47. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

48. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

49. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

50. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

53. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

54. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

55. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(030)-45/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia tələbi qismən təmin edilsin. Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0,0288 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikili cavabdehin vəsaiti heabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 (bir yüz) manat pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar