Məhkəmə qərarları › İş №2(104)-389/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-389/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-389/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Sərkis oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaqdan çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-252/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan X5 adına verilmiş JN-173 KOD: 61004018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12, X8 Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarına və JN-173 saylı, KOD: 61004018 olan Dövlət aktına əsasən Bərdə rayon Hüseynalılar kəndində 2,46 ha. torpaq sahəsi verilmişdir. İşdə olan X5 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,456 ha pay torpaq sahəsi X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12 və X6 ümumi birgə mülkiyyətində olmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 219 nömrəli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Hacallı kəndində yaşayır. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, İddiaçı1 və onun ailə üzvləri İddiaçı4 və İddiaçı3 Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 331 nömrəli arayışdan görünür ki, Orucov X13 rayonu Hüseynalılar kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2007-ci il tarixdə ölmüşdür və ölüm səbəbi kaxeksiya olmuşdur. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 866655 nömrəli arayışdan görünür ki, X5 ölümü xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır və ölüm səbəbi koma olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1478/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Tekuis məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş torpaq sahəsi bütünlüklə Cavabdeh Sərkis oğlu tərəfindən naturada istifadə olunur. Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi Cavabdeh Sərkis oğlu tərəfindən bütövlüklə istifadə olunur. Cavabdeh Sərkis oğlu tərəfindən Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Sərkis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hüseynallar kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 2,46 ha. pay torpaq sahəsindən Cavabdeh Sərkis oğlunun çıxarılmasına və JN-173 saylı Dövlət aktlarının alınaraq onlara verilməsinə, onların həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra ilk iddiа üzrə cаvаbdeh Orucov X7 Cəmilə Həsən qızı, İddiaçı4, İddiaçı2 və X8 qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və İddiaçı1, İddiaçı4, İddiaçı2 və X6 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12, X8 Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarına və JN-173 saylı, KOD: 61004018 olan Dövlət aktına əsasən Bərdə rayon Hüseynallar kəndində 2,46 ha. Torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara tanıdılmış, bir neçə illər 2,46 ha. pay torpaq sahəsini əkib-becərmişlər, dolanışacağını təmin etmişlər. 2012-ci ildə ailələrində problemlər yaşanmış, maddi durumları ağırlaşdığından 2,46 ha. torpaq sahəsini 2000 manat müqabilində Bərdə rayon Qaradırnaq kənd sakini Cavabdeh Sərkis oğlunun istifadəsinə vermişlər. Torpağı onun istifadəsinə verən zaman Cavabdeh onlara bildirmişdir ki, onun pulunu nə vaxt qaytarsalar, həmin vaxt torpaqlarını qaytaracaqdır. Təbii ki, bu şərt onlar üçün ədalətli olduğu üçün tərəflərindən qəbul edilmişdir. Ancaq xeyli vaxtdır ki, ondan şərtə əməl etməsini, yəni onlara verdiyi pulu alıb torpaqlarının qaytarmasını tələb etsələr də, Cavabdeh torpaqlarından çıxmamış, onlardan yüksək məbləğdə pul almaq sevdasına düşmüşdür. Məhz bu səbəbdən də yaşayışlarını təmin etmək üçün torpaq sahəsini əkib becərə bilmir və torpaq sahəsindən istifadə edə bilmirlər. Yəni torpaqdan istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmasını tələb etsələr də, bir nəticəsi olmamışdır. Bu da onların maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Əlavə olaraq JN-173 saylı Dövlət aktları Cavabdeh qalmışdır. Verilmiş 2,46 ha. pay torpaq sahəsindən Cavabdeh Sərkis oğlunun çıxarılması, JN-173 saylı Dövlət aktının alınaraq ona verilməsi, onların həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia isə belə əsaslandırmışdır ki, iddiaçıların iddiası əsassızdır. Belə ki, X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12, X6 istifadələrinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli, 10 saylı qərarına əsasən JN-173 saylı, KOD: 61004018 olan Dövlət aktı ilə Bərdə rayon Hüseynallar kəndində yerləşən 2,46 ha. torpaq sahəsi verilmişdir. İlkin iddiaçılar, həmçinin mərhum X11 və X12 istifadələrinə verilmiş həmin 2,46 ha. pay torpaq sahəsini 2012-ci ildə hər hektarını 2000 (iki min) manat müqabilində ona satmışlar. Onların danışıqlarında Bərdə RİH-nin Hüseynallar kənd İcra X1 da iştirak etmişdir. Bu faktı yuxarıda qeyd edilən şəxslərlə birlikdə orada iştirak etmiş X9 da təsdiq edə bilər. Sözügedən torpaq sahəsini 2012-ci ildə hər hektarına 2000 manata almağı barədə onun və cavabdehlərin, o cümlədən, şahidlər Hüseynalılar kənd icra X1nun, İddiaçı1, X4 və ilkin iddia üzrə iddiaçılardan İddiaçı4 iştirakı ilə şifahi “alqı-satqı” müqaviləsi bağlanmışdır. X11 vəfat etdikdən sonra qarşılıqlı iddia üzrə cavabdehlər torpaq sahəsini onun əlindən alacaqlarını bildirmişlər. Torpaq sahəsini ona satlmalarını bütün kən camaatı və onları tanıyanlar təsdiq edə bilərlər. Həmin vaxtdan bu günə kimi sözügedən torpaq sahəsini aqrotexniki qulluq edərək münbit hala gətirmiş və torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Onu da qeyd edir ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsinin ona satılmasını öz iddia ərizələrində qeyd etmişlər. Bundan başqa iddia ərizəsində qeyd etmişlər ki, “JN- 173 saylı Dövlət aktları Cavabdeh qalmışdır- buradan da aydın olur ki, o sözügedən torpaq sahəsini almış olmasa idi, həmin dövlət aktı onda olmazdı. Sadalananlara əsasən hesab edir ki, mərhum X11 və ailə üzvlərinə verilmiş Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2,46 ha. pay torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdə bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-252/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim: F.Babaşov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh Sərkis oğlunun Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçılar X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12, X6 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 2,456 ha torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-252/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Elə ki, mübahisəli torpaq sahəsini 2012-ci ildə hər hektarını 2000 manat müqabilində ona satmışlar. Onların danışıqlarında Bərdə rayon İH-nin Hüseynallar kənd icra X1 da iştirak etmişdir. Bu faktı X9 da təsdiq edir. Həmin vaxtdan bugünə kimi sözügedən torpaq sahəsini aqrotexniki qulluq edərək, münbit hala gətirmişdir. Torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Sadalananlardan göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Cavabdeh Sərkis oğlu məhkəməyə teleqram göndərərək işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh Sərkis oğlu məhkəmənin əvvəlki-xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasına da gəlməmiş və məhkəməyə teleqram göndərərək işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun xahişin nəzərə alaraq işin məhkəmə baxışının təxirə salsa da, Cavabdeh Sərkis oğlu yenə də məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, irəli sürülən ilk iddianı qismən təmin edib, qarşılıqlı iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni belə əsaslandırmışdır ki, ilkin iddia üzrə Cavabdeh Sərkis oğlu məhkəmə iclasında etiraf etdi ki, torpaq sahəsindən istifadə edir, lakin həmin torpaq sahəsini almış və sahənin özünə məxsus olduğunu qeyd etməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən də görünür ki, Tekuis məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş torpaq sahəsi bütünlüklə Cavabdeh Sərkis oğlu tərəfindən naturada istifadə olunur. Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi Cavabdeh Sərkis oğlu tərəfindən bütövlüklə istifadə olunur. Cavabdeh Sərkis oğlu tərəfindən Tekuis məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2,41 ha torpaq sahəsi istifadə olunur. Beləliklə, cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində olmaqla cavabdehin qanunsuz istifadəsində olması məhkəməyə məlum olur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməklə Cavabdeh Sərkis oğlu Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.20214-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçılar X11, İddiaçı1, İddiaçı4, İddiaçı2, X12, X6 ümumi birgə mülkiyyətində olan 2.456 ha torpaq sahəsindən çıxarılmalı və iddiaçıların həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları bərpa edilməlidir. Məhkəmə ilkin iddianın JN-173 saylı dövlət aktının alınıb onlara verilməsinə dair hissəsində hesab edir ki, iddia təmin edilməməlidir. Çünki hazırda sözügedən aktın Cavabdeh Sərkis oğlunda olması sübuta yetirilmir. Həmçinin, məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sərkis oğlu cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı2 və X6 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan şifahi alqı-satqı müqaviləsinin 2012-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də aralarında 2012-ci ildə bağlanmış şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilk iddia üzrə iddiaçılarin ümumi birgə mülkiyyətindədir və ilk iddia üzrə Cavabdeh Sərkis oğlu tərəfindən istifadə edilir. İşin bu halları mübahisəsizdir, çünki, işə birinci instansiya məhkəməsində baxılarkən bu hallar Cavabdeh Sərkis oğlu tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan başqa apellyator şikayətində qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı2 və X6 mülkiyyətində olan Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 2,46 ha torpaq sahəsinin ona satılmasına dair 2012-ci ildə şifahi alqı-satqı müqaviləsi bağlandığını iddia etsə də, kollegiya qeyd edir ki, 2012-ci ildə şifahi bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən bağlanmış sayıla bilməz. Belə ki, əqdin bağlanmış sayılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsi 24 iyun 2005-ci il tarixli Qanunla Məcəllədən çıxarılmışdır. Belə olan halda həmin qanun norması artıq onun qüvvədə olmadığı 2012-ci ildə tərəflər arasında yaranan hüquq münasibətlərinə tətbiq oluna bilməz. Həmin Məcəllənin 139-1.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinin əsaslarından biri kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrin olması müəyyən edilmişdir. Yəni, hazırki vəziyyətdə Cavabdeh Sərkis oğlunun irəli sürdüyü qarşılıqlı iddia tələbinin təmin olunması üçün qanuni əsaslar mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh Sərkis oğlunun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən qarşılıqlı iddianın təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-252/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar