Məhkəmə qərarları › İş №2(104)-391/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-391/2023

01.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-391/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakə qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli JN 222 KOD 50515018 saylı qərarı əsasında məxsus 0.77 ha (əkin və biçənək) pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi şəkildə çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən, JN 222 KOD 50515018 saylı Dövlət aktı əsasında kənd təsərrüfatı təyinatı məqsədi ilə ümumilikdə 0.77 ha əkin və biçənək üçün nəzərdə tutulan pay torpaq sahəsi verilmişdir. ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.15 ha hissəsini cavabdehlər qanunsuz olaraq zəbt edərək əkin sahəsi kimi 22 ildir ki, istifadə edirlər. Onlar bu məsələnin dinc yolla həll edilməsi üçün aidiyyəti qurumlara dəfələrlə yazlı və şifahi müraciətlər etmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehlər könüllü olaraq onlara məxsus olan torpaq sahəsini boşaltmaq istəmirlər. Ona görə də, cavabdehlərin onlara məxsus torpaq sahəsindən məcburi şəkildə çıxarılmasını istəyir. Eləcə də, onların müraciəti əsasında mütəxəssislər tərəfindən ona məxsus torpaq sahəsinin sərhədləri göstərilmiş və həmin mübahisəli torpaq sahəsinin ona məxsus torpaq sahəsi olması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş, JN-222 KOD 50515018 saylı saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.77 ha torpaq sahəsini tutduqları (istifadə etdikləri) hissəsindən çıxarılmaları və Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 onların yaxın qonşularıdır. Ona və onun ailə üzvlərinə Dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı 0.77 ha əkin və biçənək üçün nəzərdə tutulan pay torpaq sahəsi verilmişdir. İddiaçı iddia edir ki, guya onlar həmin torpaq sahəsinin 0.15 hissəsini qanunsuz olaraq zəbt etmişlər. Əslində isə iddiaçı ilə qonşuluqda yerləşən hazırda həyətyanı torpaq sahəsi kimi onların mülkiyyətlərində olan 0.48 ha torpaq sahəsi 1990-cı ildən onların istifadəsindədir. Onlar torpaq sahəsində ev tikib indiyənədək orada yaşayırlar. Torpaq islahatı aparılan zaman islahat kitabında 0,10 ha qərarla həyətyanı torpaq sahəsi, 0.38 torpaq sahəsi isə zəbt olunmuş torpaq sahəsi kimi göstərilmişdir. “Torpaq islahatı haqqında” Qanunun maddəsinə əsasən islahata qədər kim nə qədər torpaq sahəsindən istifadə edirdisə onun mülkiyyətinə verilirdi. Zəbt olunmuş torpaq sahəsinin əvəzinə digər kənd sakinləri kimi onlara ayrılmalı olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanunla nəzərdə tutulduğundan az verilmişdir. Ona görə də hazırda zəbt hesab olunan sahə də qanunla onların mülkiyyəti hesab olunur. İddiaçının müraciəti əsasında DƏDRX-nin əməkdaşları gəlib ölçü işləri apararaq mübahisəli torpaq sahəsinin guya iddiaçıya məxsus olmasını göstərmişlər. Onlar bununla razılaşmırlar. Əvvəla həmin torpaq sahəsi 1987-ci ildən həyətyanı torpaq sahəsi kimi onların istifadəsindədir. Necə ola bilər ki, iddiaçının əkin sahəsi həyətyanı torpaq sahəsində yerləşsin. Bunlar ayrı-ayrı kateqoriyaya məxsus torpaqlardır. Bundan başqa onların torpaq sahəsinin ətrafında yaşayan digər qonşulara verilən Dövlət aktı da iddiaçının Dövlət aktı ilə oxşardır. Onlar da eyni iddia ilə məhkəmədə iddia qaldırmaq niyyətindədirlər. Belə getsə onların evləri, həyətyanı torpaq sahələri qonşuların əkin sahəsi kimi onların arasında bölünməlidir. Sual olunur ki, bəs onlara AİK tərəfindən verilmiş həyətyanı torpaq sahəsi haradadır? Əgər doğrudanda onların istifadəsində olan mübahisəli torpaq sahəsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi iddiaçının Dövlət aktında göstərilən torpaq sahəsinin sərhədləri daxilindədirsə, deməli AİK islahat keçirilən vaxt onların ərazidə torpaq sahəsinin ayrılmasını düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi isə düzgün nəticəyə gəlmək üçün lazım olan araşdırmaları aparmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə əsassız olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu və həmin ərazinin faktiki vəziyyətdə cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş huquqmüəyyənedici sənədlərlə, yerində müayinə iclasının protokolu ilə, iddiaçının və cavabdehin izahatı ilə müəyyən edilir. Tərəflər mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilməsini mübahisələndirmədilər. Əslində onlar heç vaxt deməmişlər ki, istifadələrində olan torpaq sahəsinin 0.15 ha hissəsi iddiaçıya aiddir. Həmin hissə 1987-ci ildən onların sahibliyində və istifadəsindədir. Həmin sahənin iddiaçıya aid olması barədə heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Yerində müayinə protokolu isə sübut hesab edilə bilməz. Məhkəmə qətnaməsinin əvvəlində də qeyd edilmişdir ki, cavabdehlər iddia tələbini etiraf etmədilər. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını sübut edən mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tətbiq etdiyi qanunları ancaq iddiaçının xeyrinə şərh edərək, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdehlər savadsız eyni zamanda öz hüquqlarını qorumağı bacarmayan və maddi cəhətdən vəkil xidmətindən istifadə etməyə qadir olmayan kənd adamları olmasına baxmayaraq, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, cavabdehlərə görüləcək və görülməyəcək hərəkətlərin nəticələri barədə xəbərdar etməmiş, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Məhkəmə lazım olan sübutların toplanması üçün əlaqədar təşkilatlara və şəxslərə sorğular göndərib cavab alınmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci madəsinin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə mübahisəli sahənin həqiqətən də iddiaçıya və ya cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün, eləcə də işin hərtərəfli, tam və obyektiv həllinə nail olmaq üçün hər iki tərəfə torpaq sahəsinin ayrılmasına dair Gədəbəy rayon AİK-nın 04 dekabr 1997-ci il tarixli 13/1 saylı qərarını tələb edib öyrənməli, iddiaçıya və cavabdehlərə əkin üçün verilmiş torpaq sahəsinin natura şəklində harada hansı ölçüdə verilməsini, hansı səbəbdən iddiaçının əkin sahəsinin bir hissəsinin cavabdehin həyətyanı sahəsinə düşdüyünü (onlar ayrı-ayrı kateqoriyalı torpaqlardır), cavabdehlərə nəyə görə normadan az pay torpağının verilməsini öyrənməli idi. Məhkəmə qanunun tələblərinə əməl etmədiyi üçün düzgün olmayan qətnamə qəbul etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və prosses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavadbehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, məhkəməyə təqdim etdiyi JN:187 KOD 50515018 saylı Dövlət Aktında göstərilən 0,55 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşən və Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş kənd təsərrüfatı torpaq sahəsidir ki, məhz onun zəbtində 0,38 ha torpaq sahəsi olması səbəbindən ona torpaq islahatı zamanı 0,55 ha torpaq sahəsi verilmişdir. Hlabuki, ona 0,55 ha torpaq sahəsindən artıq torpaq sahəsi verilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Mülki işdə olan sübutlar: JN-222 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Düzyurd kəndində 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Kadastr və Yerquruluşu Layihə-X6 Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi İsmayılov Nizami, Gədəbəy rayonu, Düzyurd Bələdiyyəsinin sədri Aslanova Hicran və Gədəbəy rayonu, Düzyurd kənd sakini X3 iştirakları ilə tərtib edilmiş 09 iyul 2021-ci il tarixli aktdan görünür ki, X3 xx.xx.2021-ci il tarixl, müraciəti ilə bağlı JN-0222 saylı Dövlət aktına əsasən, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində mülkiyyətində olan 0.21 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 10 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı1 və qeyrilərinin mülkiyyətində olan JN-222 saylı KOD 50512018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı 0.77 ha torpaq sahəsinin 220Q saylı cizgi planında göstərilən 0.2058 ha hissəsinin yerin cənub tərəfindən 0.15 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş ərazidə hər hansı bir tikili mövcud deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3305 nömrəli ekpsert rəyinə əsasən İddiaçı1 və qeyrilərinin mülkiyyətində olan JN-222 saylı KOD 50512018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı 0.77 ha torpaq sahəsinin 220Q saylı cizgi planında göstərilən 0.2058 ha hissəsinin yerin cənub tərəfindən 0.15 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən olunur. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyi ərazidə hər hansı bir tikili mövcud deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 manat edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan JN-222 saylı KOD 50512018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı 0.77 ha torpaq sahəsinin 222Q saylı cizgi planında göstərilən 0.2058 ha hissəsinin, yerin cənub tərəfindən 0.15 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən olunmaqla, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilən həmin ərazidə hər hansı bir tikilinin mövcud olmadığı müəyyən edilmişdir ki, bununla da iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin cavadbehlərin qanunsuz sahibliyində olması öz təsdiqini tapmışdır. Birinci instnasiya məhkəməsi isə iddianı təmin etsə də, cavabdehlərin İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.77 ha torpaq sahəsinin tutduqları (istifadə etdikləri) hissəsindən çıxarılmalarını qət etməklə, cavabdehlərin çıxarılmalı oldğu torpaq sahəsinin ölçüsünü və yerini müəyyən etməməmişdir ki, bununla da qətnamənin nəticə hissəsi qeyri-müəyyən olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qətnməsi dəyişdirilərək, cavabdehlərin iddiaçıya məxsus 0,77 ha torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılması qət edilməlidir. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli ərazinin 1987-ci ildən onların faktiki istifadələrində olması, torpaq islahatı aparılan zaman islahat kitabında 0,10 ha qərarla həyətyanı torpaq sahəsi, 0.38 torpaq sahəsi isə zəbt olunmuş torpaq sahəsi kimi göstərilməsi və “Torpaq islahatı haqqında” qanunun tələbinə görə isə faktiki istifadə edilən torpaq sahəsinin həmin şəxsin mülkiyyətinə verilməli olması, zəbt olunmuş torpaq sahəsinin əvəzinə isə digər kənd sakinləri kimi onlara ayrılmalı olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunla nəzərdə tutulduğundan az verilməsi, buna görə də hazırda zəbt hesab olunan sahənin qanunla onların mülkiyyəti hesab olunması ilə bağlı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd edir ki, mübahsiəli torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətin olması təsdiq olunmaqla, qeyd olunan dəlillər ümumiyyətlə hazırkı mübahisənin predmetini təşkil etməməkdədir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(042)-62/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 JN-222 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı1 ümumibirgə mülkiyyətində olan, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.77 ha torpaq sahəsinin 222Q saylı cizgi planında göstərilən 0.2058 ha torpaq hissəsinin cənub tərəfində olan 0.15 ha hissəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar