Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-392/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Gədəbəy rayonu Arıxdam kənd bələdiyyəsinə qarşı “su xəttinin bərpa edilməsinə edilən müdaxilələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 882/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Gədəbəy rayonu Arıxdam kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, kəndin yuxarı hissəsində qurumuş çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn su xəttinin onun tərəfindən bərpa edilməsinə Cavabdeh yaratdığı hər cür müdaxiləyə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-882/2022 saylı (hakim M.Kazımov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “su xəttinin bərpa edilməsinə edilən müdaxilələrə son qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Həmin kənddə ona məxsus fərdi yaşayış evi vardır. 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 1500-2000 metr məsafədən mərhum əri X4 yaşadıqları evə su boruları ilə su çəkdirmişdir. Mərhum əri bulağın mənbəyində su hovuzu tikmişdir. Suyun mənbəyi Qaradağ kəndinin yuxarı hissəsində qurumuş çay yatağında yerləşir. Həmin vaxtdan 2019-cu ilədək özü və ailə üzvləri həmin sudan istifadə etmişlər. 2019-cu ilin iyun ayında yağış suları nəticəsində çaydan gələn sel daşqını su hovuzunun bir hissəsini dağıtmışdır. Bundan sonra, o, ailə üzvləri və həmkəndlisi X21 ilə birlikdə 10 gün işləyərək həmin bulağın mənbəyində su hovuzunu bərpa etmək üçün çala qazmışlar. Çala qazıldıqdan sonra gecə ilə onların xəbəri olmadan Cavabdeh özbaşına olaraq həmin suyun mənbəyində betondan kiçik həcmli su hovuzu tikdirmişdir. Sonuncu onlar qazdıqları çalada su hovuzunu tikərək orada iki ədəd rezin boru ilə su xətti qoymuşdur. Su xəttinin birini özü üçün, digərini isə onlar üçün qoymuşdur. Lakin həmin vaxtdan, yəni 2019-cu ildən hazıradək Cavabdeh tərəfindən onlar üçün ayrılmış su xəttindən su gəlməmişdir. Bulağın mənbəyində iş aparıb onların yaşadıqları evə çəkilmiş su borusu ilə suyun bərpa olunmasına cəhd etsə də, cavabdeh dava-dalaş salıb münaqişə yaradaraq buna imkan verməmişdir. Bu gün də cavabdeh ona və ailə üzvlərinə su xəttinin bərpa edilməsinə imkan vermir. Nəticədə o və ailə üzvləri sudan məhrum olmuşlar. Qaradağ kənd İƏD üzrə nümayəndəliyi və Arıxdam bələdiyyəsinin də məsul şəxsləri bundan xəbərdardır. Mülki iş materiallarında olan: X1, X2, X12, X8, X13 və X5 iştirakları ilə tərtib edilmiş qonşuluq aktından görünür ki, onlar təsdiq etmişdir ki, Cavabdeh və ailə üzvləri evlərinin yanında olan bulaqdan 1976-cı ildən istifadə etmişdir. Həmin vaxtdan həmin bulaq Cavabdeh məxsusdur. Həmin bulağı sel dağıtmış və Cavabdeh öz vəsaiti hesabına həmin bulağın başına baseyn düzəltmişdir. Hazırda həmin bulaqdan qonşular da istifadə edir; Gədəbəy Rayon İHB-nin Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 45 nömrəli məktubundan görünür ki, iddianın baxılmasına etiraf edirlər. Bildirirlər ki, kəndin yuxarı hissəsində, çay yatağının sağ tərəfində İddiaçı mərhum əri İbrahim Hüseynov 30 il əvvəl su anbarı düzəldib fərdi yaşayış evinə su xətti çəkərək istifadə etmişdir. 2019-cu ilin yay aylarında kəndin ərazisinə yağan güclü leysan yağışları nəticəsində İddiaçı yaşadığı evə gedən su xəttini dağıtmışdır. Həmin vaxt İddiaçı oğlu X14 əraziyə texnika gətirmiş bir nəfər fəhlə və ailə üzvləri çay yatağında qazıntı işləri apararaq su xəttini bərpa etmək istəmişdir. Bu zaman həmkəndlisi Cavabdeh isə bildirmişdir ki, həmin ərazidə olan sudan onlar da istifadə edirlər. Buna görə də hər iki vətəndaş arasında mübahisə yaranmışdır. Mübahisə ilə əlaqədar olaraq nümayəndəliyin işçiləri və Arıqdam bələdiyyəsinin sədri X28 həmin ərazidə olaraq qanunvericiliyin tələblərini hər iki vətəndaşa izah etmişlər. Həmin ərazidə Cavabdeh tərəfindən su anbarı qurularaq iki su xətti qoyulmuşdur. O, bildirmişdir ki, su xəttinin birindən özü, digərindən isə İddiaçı istifadə edəcəkdir. Lakin həmin vaxt İddiaçı oğlu Rövşən Hüseynov bununla razılaşmamış, müxtəlif dövlət orqanlarına müraciət edərək su anbarının hamısından istifadə edəcəyinə köməklik olunmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq RİH başçısı aparatının nümayəndələri dəfələrlə ərazidə olaraq həmin su anbarından hər iki vətəndaşın istifadə edəcəklərini məsləhət bilmişlər. X14 bu məsləhətlə razılaşmamışdır. 2022-ci ilin may ayında İddiaçı nümayəndəliyə müraciət edərək onun yaşayış evinə su xəttinin bərpa edilməsini xahiş edir. Bu gün isə Cavabdeh bununla razılaşmayaraq həmin sudan təkcə özü istifadə edəcəyini bildirir. Rövşən Hüseynov tərəfindən fərdi yaşayış evinə su xəttinin bərpası ilə əlaqədar olaraq əraziyə texnika aparılmış, lakin qarşı tərəf Cavabdeh texnikanın işləməsinə imkan verməmişdir. Həmin vaxt nümayəndəliyin işçiləri və Arıqdam bələdiyyəsinin sədri həmin ərazidə, mübahisə yerində olaraq qanunvericiliyin tələblərini bir daha hər iki vətəndaşa izah edilmişdir. Gədəbəy rayon Arıqdam kəndi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03 nömrəli müqavilədən görünür ki, Arıqdam bələdiyyəsinin ərazisində “Məmmədəliyev Əliyə, Qurbanov Hüseynə, Məmmədəliyeva Zümrüdə, İsgəndərov Mamedə, Cavabdeh gedilən yolun üstündə, Cavabdeh dərəsi, Məmmədov Vahidin dərəsi adlanan yerdən yolun mərkəzindən 35 metr yuxarı” adlanan ərazidə yerləşən su mənbəyi 15 il müddətinə X22 nun istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli qonşuluq aktından görünür ki, X1, X3, X12, X8, X15 və X17 həmin aktı tərtib edirlər ondan ötrü ki, Cavabdeh evlərinin yanında olan bulaqdan 1966-cı ildən istifadə edir. O eləcə də onun ata və anası da həmin bulaqdan istifadə edib. Həmin vaxtdan bulaq Cavabdeh məxsusdur. Həmin bulağı sel aparıb Cavabdeh öz vəsaiti hesabına bulağın başına baseyn düzəldib. İndi həmin bulaqdan qonşular da istifadə edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. İddiaçının tanıyır. İddiaçı ilə 400 manat məbləğində Qaradağ kəndinin yuxarı hissəsində qurumuş çay yatağında yerləşir su mənbəyində çala qazılması və su mənbəyinin bərpa edilməsi barədə razılaşmışlar. Bundan sonra o həmin su mənbəyində 10 gün müddətində işləmiş və su mənbəyinin bərpa edilməsi üçün çala qazmışlar. 10 gün tamam olduqdan sonra cavabdeh ona bir də burda işləməməsini bildirmişdir. Daha sonra isə cavabdeh onların çala qazdıqları yerdə kiçik həcmli su baseyni inşa etdirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Cavabdeh onun bibisinin əridir. Mübahisəli su mənbəyindən hamı istifadə etmişdir. Su mənbəyində çalanı iddiaçının qazdırdığını bilmiş, lakin, özü görməmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 1500- 2000 metr məsafədən yaşadıqları evə su boruları çəkdirdiklərini, 2019-cu ildən cavabdehin su xəttinin bərpasına imkan vermədiyini nəzərə almadan və mübahisəli su mənbəyinə yerli baxış keçirtmədən qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2019-cu ildən indiyə qədər onlara su gəlmir. Onlar ehtiyacları üçün suyu maşınla evlərinə gətirirlər. Anası yataq xəstəsidir və suyun olmamağı onların yaşayışına təsir edir. Cavabdehin isə özünün ayrıca başqa mənbədən su xətti mövcuddur, onun həmin bulağa ehtiyacı yoxdur. Cavabdehin oğlu sonradan bulağın yerləşdiyi əraziyə köçdüyü üçün, o, onlara məxsus olan su xəttindən suyu oğlunun evinə çəkmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin su iddiaçıya məxsus deyildir. Belə ki, mübahisəli bulaqdan aşağıda da bulaq yerləşir. İddiaçı istəsə oradan özünə su götürə bilər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, onun nümayəndəsi, üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Gədəbəy rayonu Arıxdam kənd bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin 11-ci maddəsinə əsasən, su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və.s) pulsuz istifadə edirlər. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən ətraf mühitin mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır. Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşadığını, həmin kənddə ona məxsus fərdi yaşayış evi olduğunu, 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 1500-2000 metr məsafədən mərhum əri X4 tərəfindən yaşadıqları evə su boruları ilə su çəkildiyini, mərhum ərinin bulağın mənbəyində su hovuzu tikdirdiyini, həmin vaxtdan 2019-cu ilədək özü və ailə üzvlərinin həmin sudan istifadə etdiyini, 2019-cu ilin iyun ayında olan yağış suları nəticəsində çaydan gələn sel daşqını su hovuzunun bir hissəsini dağıtdığını və bundan sonra, o, ailə üzvləri və həmkəndlisi X21 ilə birlikdə 10 gün işləyərək həmin bulağın mənbəyində su hovuzunu bərpa etmək üçün çala qazdıqlarını, çala qazıldıqdan sonra Cavabdeh həmin suyun mənbəyində betondan kiçik həcmli su hovuzu tikdirdiyini, bulağın mənbəyində iş aparıb onların yaşadıqları evə çəkilmiş su borusu ilə suyun bərpa olunmasına cəhd etsə də, cavabdehin dava-dalaş salıb münaqişə yaradaraq buna imkan vermədiyini, cavabdehin ona və ailə üzvlərinə su xəttinin bərpa edilməsinə imkan vermədiyindən ailə üzvləri ilə birlikdə sudan məhrum olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının iddia üzrə subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdən müəyyən olunur ki, mübahisəli su mənbəyinin yerləşdiyi qurumuş çay yatağı bələdiyyənin mülkiyyətindədir və yaşayış məntəqələri daxilində ümumi istifadədə olan su mənbəyidir. Nəzərə alınmalıdır ki, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla, bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Göründüyü kimi yaşayış məntəqələri daxilində olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər ümumi istifadədəyə verilmişdir. Belə olan təqdirdə iddiaçı X18 ümumi istifadədə olan sudan istifadə hüququ vardır. Ona görə də kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin iddiaçının iddia üzrə subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bələdiyyə tərəfindən iddia qaldırılmaması, hazırkı mübahisə ilə bağlı iddiaçının özü tərəfindən iddia verməsinə mane olan hal deyildir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. İddiaçı əvvələr həmin mənbədən öz yaşadıqları evə su xətti çəkərək ailə üzviləri ilə birlikdə istifadə etmişdir. 2019-cu ildə güclü yağışların nəticəsində sel həmin xətti sıradan çıxartmış və sudan istifadə dayanmışdır. Bundan sonra iddiaçı həmin su xəttini bərpa etdirmək məqsədilə bulağın mənbəyində su hovuzu düzəltdirmək üçün çala qazdırmış, lakin çala qazıldıqdan sonra Cavabdeh həmin su hovuzunun üzərini betonlayaraq iddiaçının evinə gedən su xəttinin bərpasına imkan verməmişdir. Həmçinin işdə iştirak edən şəxslərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. Həmin ərazidə bir-birinidən qısa məsafə zolağında iki su hövzəsi vardırdır. Həmin su hövzələrinin hər ikisinin üstü betonlanmış vəziyyətdə olmuşdur. Həmin hövzələrin birindən iddiaçının evinin həyətinə boru vasitəsilə gedən su xətti mövcud olmuşdur. Cavabdehin istifadəsində olan su quyusuna mənbədən su yığılır, lakin iddiaçının su quyusuna mənbədən su yığılmır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı evin həyətində torpağı altından çıxan borudan su xətti vardır, lakin həmin borudan suyun gəlməsi müəyyən olunmamışdır. İddiaçının deməsinə görə bu boru ilə gələn su xətti mübahisəli mənbədən gələn su xəttidir və 2019-cu ildən suyun gəlməsi dayanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının su quyusuna müdaxilə olunması ilə onun istifadəsində olan su quyusuna mənbədən gələn suyun hamısı yığıldığından, iddiaçının su quyusuna axan suyun axımı tamamilə kəsilmişdir. Bu isə, mülki qanunvericilikdə təsbit olunmuş qonşuluq hüququnun ümumi prinsiplərinə ziddir. Ona görə də, mübahisəli su mənbəyindən iddiaçının yaşadığı evin həyətinə gələn su xəttinin iddiaçı tərəfindən bərpa edilməsinə Cavabdeh yaratdığı müdaxilə qanuna ziddir və bu müdaxiləyə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4. maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən, bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-882/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməli, mübahisəli su mənbəyindən İddiaçı yaşadığı evin həyətinə gələn su xəttinin onun tərəfindən bərpa edilməsinə Cavabdeh tərəfindən yaradılan müdaxilələrə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-882/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, kəndin yuxarı hissəsində qurumuş çay yatağında yerləşən bulağın mənbəyindən İddiaçı yaşadığı evin həyətinə gələn su xəttinin onun tərəfindən bərpa edilməsinə Cavabdeh tərəfindən yaradılan müdaxilələrə son qoyulsun. İşə baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №2(104)-392/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-392/2023
14.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver