Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-393/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Ləyaqətsiz vərəsə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X10 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X24 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. XVİ-JQ № 490602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1992-ci il tarixdə Samux rayonu Səfərəliyev qəsəbəsində doğulmuşdur. Onun atası X25, anası Cavabdeh1dır.
2. Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ № 110080 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 159 nömrəli qeyd aparılmışdır.
3. Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1962-ci ildə Samux şəhərində anadan olmuşdur. Bu barədə xx/xx/1962 kitabında qeydiyyat aparılmışdır. X18 oğlu, anası-X14r.
4. Samux Rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1995-ci il tarixli, 13 saylı notarial qaydada təsdiq edilmiş sərəncamından görünür ki, X5 nəvəsi X8 qəyyumu təyin edilmişdir.
5. Samux Rayon İcra Hakimiyyəti Başçısının 22 mart 2002-ci il tarixli, 41 saylı notarial qaydada təsdiq edilmiş sərəncamından görünür ki, X5 16 fevral 2002-ci ildə vəfat etdiyi üçün X2 qaldığı nəzərə alınaraq, əmisi X11 qəyyumluğuna verilmişdir.
6. Samux Rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 2003-cü il tarixli, 83 saylı notarial qaydada təsdiq edilmiş sərəncamından çıxarışdan görünür ki, X8 qəyyumu X11 ruhi xəstə olmasını nəzərə alaraq, X19 bibisi İddiaçı1 qəyyumluğuna verilmişdir.
7. Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ № 560250 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.2012-ci il tarixdə Samux rayonunda kəskin ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 58 nömrəli qeyd aparılmışdır.
8. 480549 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1985-ci ildə anadan olmuş, onun atası X15r.
9. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.1961-ci il də anadan olmuş, onun atası X28, anası X6 olmuşdur.
10. İ-JQ № 295366 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1966-cı ildə anadan olmuş, onun atası X16r.
11. Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, İİ-JQ № 476938 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ağciyər vərəmi çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 32 №-li qeyd aparılmışdır.
12. Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ № 959823 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1997-ci il tarixdə Tərtər rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 22 №-li qeyd aparılmışdır.
13. Əsas təhsil haqqında şəhadətnamənin surətindən və Gəncə şəhər Təhsil İdarəsi 17 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, 1992-ci il təvəllüdlü X19 2003-cü ildən 2008-ci ilə kimi Gəncə şəhər 17 nömrəli məktəbdə təhsil almış və 2008ci ildə məktəbin 9-cu sinfini bitirmişdir.
14. xx.xx.2018-ci il tarixdə X19 tərəfindən tərtib edilmiş tərcümeyi-halın sürətindən görünür ki, ki, “o, xx.xx.1992-ci ildə Xanlar rayon Səfərəliyev qəsəbəsində anadan olmuş, 1999-cu ildə Samux rayon 2 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2003-cü ildən təhsilini Gəncə şəhər 17 nömrəli məktəbdə davam etdirmiş, həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2010-cu ilin iyul ayının 2-də Samux Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci il yanvar ayının 13-də hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun atası X25 1966-cı ildə Samux rayonunda anadan olmuş, 1999-cu il dekabr ayının 23-də vəfat etmiş, Samux rayonunda dəfn olunub. Anası Cavabdeh1 1973-cü ildə Gəncə şəhərində anadan olub, 2000-ci ildə vəfat edib, Gəncə şəhərində dəfn olunub”.
15. Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 325 nömrəli arayışından görünür ki, şəhid X19 xx.xx.2020-ci il tarixdə “44 günlük Vətən Müharibəsində” qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Mərhum şəhid xx.xx.1992-ci il tarixdə Samux rayon Samux şəhərində (keçmiş Nəbiağalı qəsəbəsi) anadan olmuşdur. Mərhum 6 aylığında olarkən atası mərhum X25 həbs olunmuş və həbsdə olarkən vəfat etmişdir. Mərhumun anası Cavabdeh1 mərhum oğlunu uşaq olarkən həqiqətən atıb getmişdir. Anası uşağını atıb gedəndən sonra ona mərhum babası X28 baxmış və himayə etmişdir. Həmin müddətdə mərhumun bibisi İddiaçı1 uşağın qayğısına qalmış və baxmışdır. Babası vəfat edəndən sonra mərhumun bibisi İddiaçı1 xx.xx.2003-cü il tarixdə onu qəyyumluğa götürərək, ona baxıb qulluq göstərmişdir. Mərhuma yetkinlik yaşına qədər bibisi İddiaçı1 baxmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2024/2022 saylı qərarından görünür ki, iddiaçı X9 cavabdehlər Cavabdeh1 və İddiaçı1 qarşı “miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddiası Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 mərhum X7 miras qalmış əmlaka münasibətdə məcburi qay almaq hüququndan məhrum edilmiş və qalan hissədə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv ediməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmiş, iddiaçı X9 həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X8 mülkiyyətində 0,7 ha torpaq sahəsinin ½ hissəsində əmlak vardır.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, Gəncə şəhəri, ünvan 1 ünvanında yaşayır və İddiaçı1 ilə qonşudur. Onunla münasibətləri daima yaxşı olmuşdur. X32 iddiaçının qardaşı oğlu olmuş və o, 15 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. X32 təxminən 11-12 yaşına kimi babası və nənəsi ilə birlikdə Samux rayonunda yaşamışdır. Onlar öldükdən sonra isə bibisi İddiaçı1 qəyyumluğuna verilmiş onun yanında qalmış və saxlanılması ilə bibisi məşğul olmağa başlamışdır. X8 bibisigildə yaşadığı müddət ərzində anası Cavabdeh1 həmin ünvana gəldiyini və onunla maraqlandığını heç vaxt görməmiş, bibisi İddiaçı1 daima uşağın anası barədə şikayətlənmiş və uşaqla maraqlanmadığını dəfələrlə onun və digər qonşuların yanında demişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, Samux şəhəri Cümə məscidinin imamıdır. X3 körpə vaxtından indiyədək həyatında baş verən hadisələr barəsində onun da məlumatı var. X3 15 oktyabr 2020-ci il tarixdə şəhid olmasına dair ilkin məlumat Samux Rayon İcra hakimiyyətinə və Cümə məscidinin axundu kimi ona bildirilmişdir. Şəhid ilk olaraq əmisi oğlu Ramingilin evinə gətirilmiş və oradan götürülmüşdür. Dəfn mərasimində şəhidin anası olduğu ona bildirilmiş və o, Pərvizn dəfn mərasimində anasının da iştirak etməsi üçün dəfn mərasimini Samux Rayon İcra Hakimiyyətinə məlumat verərək bir saat müddətinə yubatmışdır. Lakin həmin mərasimdə olan şəhidin qohumları bu mərasimdə Pərvizin anasının iştirak etməyəcəyini və onun, mərhum X12 doğulmasının iki aylığında tərk etdiyini və onunla indiyədək maraqlanmadığını bildirmişlər. Lakin o, bu məsələyə çox həssas yanaşaraq təkidlə şəhidin anası Cavabdeh1 məxsus mobil nömrəyə zəng edilməsini xahiş etmişdir. Bundan sonra Pərvizin anası Cavabdeh1 məxsus mobil nömrəyə zəng edilmiş və o, şəxsən Səadətə oğlu Pərvizin 15 oktyabr 2020-ci il tarixdə şəhid olmasına dair məlumat vermiş, bu səbəbdən də dəfn mərasiminin təşkil olunduğunu, həmin mərasimdə onun iştirak etməsi məqsədilə mərasimin bir saat müddətinə ləngidildiyini bildirmişdir. Cavabdeh1 ona cavab olaraq həmin dəfn mərasimində qətiyyən iştirak etməyəcəyini və onun iştirakı olmadan mərasimin keçirilməsini demişdir. Sonra mərasim keçirilmiş və şəhid X19 dəfn edilmişdir. Həmin vaxt hətta mərasimdə iştirak edən digər şəhid ailələri ilə söhbət edən zaman şəhid Elvin Məmmədzadənin atası ona bildirmişdir ki, şəhid Pərviz Rüstəmovla onun oğlu hərbi hissədə bir bölükdə qulluq etmişlər. X39 atasına Pərviz Rüstəmovun körpə vaxtından başına gələn bədbəxt hadisələr barəsində məlumat vermişdir. Məlumatda hətta o da bildirilmişdir ki, Pərviz hərbi hissədə qulluq etdiyi dövr ərzində anası Cavabdeh1 dəfələrlə zəng etmiş, lakin anası israrla ona bir daha zəng edərək onu narahat etməməsini deyərək, Pərviz Rüstəmova məxsus mobil nömrələri bloka atmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı1 Cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi və özünün X3 vərəsəsi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir
21. Birinci instansiya məhkəmənin iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, X19 xx.xx.1992-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə isə 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. X32 2 aylığına kimi cavabdehin himayəsində olmuş, sonra Pərvizi onlara verərək çıxıb atası evinə getmiş, heç vaxt uşağı ilə maraqlanmamış, Pərvizə baxmaqdan qəti imtina etmişdir. Belə ki, Pərvizin atası, yəni onun qardaşı Tufan Cavabdeh1 qardaşını qəsdən öldürmüş, buna görə uzun müddət azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və sonra cəzaçəkmə müəssisəsində ölmüşdür. Cinayət hadisəsi isə Səadətə görə baş vermişdir. Səadətin ailəsi ilə onların ailəsi arasında o vaxtdan düşmənçilik yaranmışdır. Səadət də Pərvizə nifrət edərək uşağı onların üstünə atıb getmişdir. Pərviz onun himayəsi altında böyümüş və Səadəti anası kimi qəbul etməmişdir. O, Pərvizi südəmər dövründə süni südlə qidalandırmaq məcburiyyətində qalmışdır. Beləcə Pərviz onun himayəsi altında böyümüş və valideyni kimi onu qəbul etmişdir. Hətta Pərviz müddətdən artıq hərbi qulluqçu kimi işə girən zaman tərcümeyi-halında anası Səadətin öldüyünü qeyd etmişdir. Pərviz şəhid olan zaman dəfn olunması üçün Samux rayonuna gətirilmiş və orada yas mərasimi keçirilərkən axund tərəfindən Səadət ora dəvət olunmuş, lakin Səadət Pərvizi son mənzilə yola salmağa da gəlməmişdir. Səadətin hazırda məqsədi özünü şəhid anası kimi təqdim edib ona çatası bütün imtiyazları və gəlirləri əldə etməkdir. Halbuki, Səadətin mərhum Pərvizin üzərində heç bir haqqı yoxdur. Bu işlərin arxasında əslində başqa şəxs dayanır və həmin şəxs Səadətlə qeyri-rəsmi münasibətdədir. Məqsədləri şəhidin pulunu ələ keçirməkdir. Səadət Pərvizin yalnız bioloji anası olsa da, 2 aylığından sonra ona baxmaqdan qəti imtina etmişdir. Hazırda Səadət istisna olmaqla mərhum Pərvizin 1, 2, 3-cü dərəcəli vərəsəsi yoxdur. 4-cü növbə vərəsəsi kimi isə yalnız o, özüdür. Digər vərəsələr, yəni onun qardaşları Pərvizin vəfatından öncə ölmüşlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəmənin iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsini və iddiaçının X3 vərəsəsi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsini iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, mərhum X19 xx.xx.1992-ci il tarixdə Samux rayonu, Səfərəliyev qəsəbəsində doğulmuş və onun oğlu olmuşdur. Keçmiş həyat yoldaşı X25 onu ailə münaqişəsi zəminində döydüyü üçün bunu onun qardaşı bilmiş və bu səbəbdən əri Tufanla mübahisə etmişdir. Mübahisə zamanı əri Tufan qardaşını qəsdən həyatdan məhrum etmişdir. Əri Tufan uzun müddət azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonra isə cəzaçəkmə müəssisəsində ölmüşdür. O, qardaşının ölümündən və ərinin həbs olunmasından sonra öz anasının təkidi ilə məcburən 2 aylığında Pərvizi qaynatasına verib gəlin köçdüyü evi tərk etmişdir. O, keçmiş həyat yoldaşının ataanasına ailələrində qan davası düşdüyündən Pərvizi baxmaları üçün vermişdir. O, X19 ilə 18 yaşına kimi maraqlanmamış və onunla heç bir əlaqə yaratmamışdır. Buna onun anası imkan verməmişdir. Lakin, Pərviz yetkinlik yaşına çatdıqdan sonra hərbidə müddətdən artıq hərbi qulluqçu qismində işləmiş, həmin müddətdə oğlu ilə arasında telefon danışıqları olmuşdur. Bundan sonra X8 xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində şəhid olduğundan xəbər tutmuş, lakin onun dəfn mərasimində iştirak edə bilməmişdir. Hazırkı iddia tələbini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
24. Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməsi, Cavabdeh1 X3 ləyaqətsiz vərəsəsi hesab edilməklə ondan miras qalmış əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum ediməsi, İddiaçı1 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş (şəhid olmuş) X3 qanun üzrə 4-cü növbəli vərəsəsi tanınması qət edilmişdir.
25. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1137, 1138, 1193, 1196-cı maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49, 50, 58, 75.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, onun oğlu X19 15 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunda gedən hərbi əməliyyatlar nəticəsində şəhid olmuşdur. Oğlu körpə olan vaxt məcburiyyət qarşısında qalaraq yaşadığı evdən qovulsa da, böyüdükdən sonra daim onunla əlaqə saxlamış və münasibətləri yaxşı olmuşdur. Yəni bir ana-bala kimi bir-birlərinin qayğısına qalmış, problemlərinin həllinə köməklik göstərmişlər. Sonuncu dəfə vətən müharibəsinə getməzdən əvvəl onunla bir yerdə olmuşlar. Hazırda ona şəhid ailəsi statusu verilmişdir. Lakin oğlunun şəhid olmasından bir müddət sonra oğlunun əmisi oğlu X22 məhkəməyə guya oğlunun xx.xx.2020-ci il tarixdə (Vətən müharibəsi başlanmasından təxminən 3 ay əvvəl) əlyazma ilə yazılmış ev vəsiyyətnaməsi təqdim edərək onun məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. O, qəti əmindir ki, oğlu heç vaxt belə əlyazma yazmamış, əmlakını cavabdehə vəsiyyət etməmişdir. Əgər doğrudan da oğlu əmlakını cavabdehə vəsiyyət etmiş olsaydı onda bundan xəbəri olardı. Oğlunun bibisi İddiaçı1 heç bir imtiyaz və subyektiv hüququ olmadığı halda məhkəmədə hazırkı iddianı qaldırmış və məhkəmə də, qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Həmçinin oğlunun əmisi oğlunun qaldırdığı iddia üzrə çıxarılmış yekun məhkəmə qətnaməsində İddiaçı1 münasibətdə qeyd edilmişdir ki, o, vərəsə hesab edilə bilməz.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X24 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, X3 anasıdır. Onun uşağından imtina etməsi, Türkiyədə olması barədə və s. hamısı yalan şaiyələrdir. Oğlu 9 yaşına kimi babasının yanında olmuş, 10 yaşından sonra əmisinin yanında qalmışdır. Əmisinin yanında olanda əmisi ona uşağı ilə görüşməyə şərait yaradırdı. 10 yaşından sonra oğlu əsgərliyə gedənə kimi onu görməmişdir. Hərbi xidmətdə olandan onunla münasibətləri bərpa olunmuş, həmin vaxtlarda oğlu ona şerlər yazmış, davamlı əlaqə saxlamışlar. Oğlu dəfn olunan zaman axund ona zəng vurmuş, lakin həmin vaxt o, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxasında müalicədə olduğundan dəfndə iştirak edə bilməmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Dövlət vərəsəlik hüququna təminat verir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1138. Valideynlik hüquqlarından mərhum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Maddə 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmazsa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Maddə 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan mərhum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
40. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
41. İş materialları ilə müəyyən edilir ki, X19 06 may 1992-ci il tarixdə anadan olmuş, 15 oktyabr 2020-ci il tarixdə isə 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. X32 2 aylığına kimi anası Cavabdeh1 himayəsində olmuşdur. Pərvizin atası dayısını qəsdən həyatdan məhrum etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, buna görə də, cavabdeh 2 aylıq Pərvizi gəlin köçdüyü evdə qoyaraq anası evinə getmişdir. Samux Rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1995-ci il tarixli, 13 saylı sərəncamı ilə X5 nəvəsi X8 qəyyumu təyin edilmişdir. Samux Rayon İcra Hakimiyyəti Başçısının 22 mart 2002-ci il tarixli, 41 saylı sərəncamı ilə X5 16 fevral 2002-ci ildə vəfat etdiyi üçün X19 əmisi X11 qəyyumluğuna verilmişdir. Samux Rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 2003cü il tarixli, 83 saylı sərəncamı ilə X8 qəyyumu X11 ruhi xəstə olmasını nəzərə alaraq, X19 bibisi İddiaçı1 qəyyumluğuna verilmişdir. İddiaçı1 X3 onun qəyyumluğuna verildiyini və şəhid olan vaxta kimi onun himayəsində olduğunu qeyd edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinin dispozisya şərtlərini düzgün təfsir etməmiş, qeyd edilən normaya əsasən Cavabdeh1 vərəsəlik hüququndan məhrum etməkdə haqlı olmamışdır.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə məzmununa əsasən valideynlərin vərəsə ola bilmədiyi hallar: 1. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər; 2. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
44. Məhkəmə kollegiyası ilk hala münasibətdə qeyd edir ki, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Şəxsin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının olması onun öz uşaqlarının ölümündən sonra həmin şəxsin vərəsəlik şəhadətnaməsi verilən zaman notarius tərəfindən müstəqil surətdə ləyaqətsiz vərəsə hesab edilməsinə və vərəsələrin sırasından çıxarılmasına, yəni vərəsəlikdən kənarlaşdırılmasına əsas verir. Valideynlik hüququndan məhrum edilmiş şəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün nəzərdə tutulmuş əlavə şərt isə mirasın açıldığı günədək valideynlik hüquqlarının bərpa edilməməsindən ibarətdir.
45. İkinci qrup hal ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxs o zaman vərəsəlik hüququndan məhrum ola bilər ki, qanunla üzərinə miras qoyanı saxlamaq vəzifəsi qoyulsun. Həmin şəxslər miras qoyanı saxlamaq üçün aliment ödəməyə borclu olan şəxslərdir. Əgər göstərilən şəxslər aliment öhdəliyini yerinə yetirməkdən qəsdən, qərəzli olaraq, qəti surətdə boyun qaçırsalar, ləyaqətsiz vərəsə kimi miras qoyanın qanun üzrə vərəsəsi ola bilmirlər. Belə ki, miras qoyanın saxlanması üçün aliment ödəməkdən boyun qaçırmaq faktı boyun qaçıran şəxsi vərəsəlikdən kənarlaşırmaq üçün əsas rolunu oynayır. Həmin fakt isə yalnız məhkəmə qaydasında müəyyənləşdirilir.
46. Beləliklə, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi üçün onun valideynlik hüququndan mərhum edilməsi ilə bağlı və ya oğlu mərhum X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən boyun qaçırması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmalıdır. İş materialları ilə bu halların mövcudluğu təsdiq olunmur.
47. Digər tərəfdən cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş X32a aid qeyd dəftərlərindən də görünür ki, o, müddətdən artıq hərbi xidmət etdiyi dövrdə anası Cavabdeh1 ilə münasibətlərini bərpa etmiş, onlar vaxtaşırı əlaqə saxlamışlar. Bu isə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin mərhum oğlu ilə ümümiyyətlə heç bir münasibətinin olmadığı qənaətinə gəlməyə əsas vermir.
48. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(125)-64/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı1 Cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab olunma" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən imza var Hakimlər imzalar var
düzdür Hakim Azər Bayramov