Məhkəmə qərarları › İş №2(104)-393/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-393/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-393/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-6213/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, onların Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülmələri və yaşayış evindən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-6213/2023 nömrəli (hakim Zaman İmanov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ünvan 2 ünvanında yerləşən yaşayış evinə köçürülmə və həmin evdən ümumi istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 ilə 30 dekabr 2003-cü il tarixdə ailə qurmuş və cavabdehlərin yaşadıqları ünvan 3 ünvanda yaşamışdır. Cavabdeh1lə birgə nikahlarından xx.xx.2005-ci il tarixdə İddiaçı3 və xx.xx.2007-ci il tarixdə isə İddiaçı2 adlı uşaqları doğulmuşdur. onlar 2020-ci il tarixədək həmin mübahisəli evdə yaşayıb birgə təsərrüfatı idarə etmişlər. İddiaçı1 ilə Cavabdeh1 arasında olan narazılıqlara görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-633/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 İddiaçı1 yanında saxlanılmış və İddiaçı1 məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə öz ata evinə - ünvan 4 ünvanına qayıtmışdır. Cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 atasıdır. İddiaçı olaraq onlar hazırda ünvan 5 ünvanında qeydiyyatdadırlar. Lakin, buna baxmayaraq hər iki cavabdeh mübahisəli evdən istifadə etmək hüquqlarının olduğu halda onların həmin evə köçmələrinə maneçilik törədirlər. İddiaçı1 Cavabdeh1 ilə 17 il rəsmi nikahda olmaqla yaşayıb birgə təsərrüfatı idarə etdikləri üçün və onunla birgə nikahdan iki uşağı olduğuna görə nikahı məhkəmə qaydasında pozulmasına baxmayaraq, iddiaçıların mübahisəli evdə yaşamaq hüquqları vardır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onu da qeyd edirlər ki, hazırda mübahisə edilən Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 6 ünvanında yerləşən 39.0 kvadratmetr olan yaşayış otağı, 30.5 kvadratmetr örtülü eyvan, 13.2 kvadratmetr açıq eyvan, 7.6 kvadratmetr mətbəx, 6.8 kvadratmetr hamamdan ibarət fərdi yaşayış evi Cavabdeh2 keçmiş və ona xx.xx.1999-cu il tarixli, 13497 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Yəni Cavabdeh2 hazırkı vaxtadək mübahisəli ev üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmamışdır. İş materiallarında olan: Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 7 ünvanında pasport qeydiyyatındadırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(044)- 633/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X2 ilə Cavabdeh1 arasında 30 dekabr 2003-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 anası X1 himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30 mart 2023-cü il tarixli məktubundan və 13497 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 6 ünvanında yerləşən 39.0 kv.m olan bir yaşayış otağı, 30.5 kv.m örtülü eyvan, 13.2 kv.m açıq eyvan, 7.6 kv.m mətbəx, 6.8 kv.m hamamdan ibarət fərdi yaşayış Cavabdeh2 adına keçmiş və ona xx.xx.1999-cu il tarixli, 13497 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. **********29 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.0223 ha torpaq sahəsində yerləşən 81.5 kvadratmetrdən ibarət (yeni qaydalarla) ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onların mübahisəli evdən istifadə hüquqları olmuşdur. Lakin, istifadə hüququnun mövcud olduğu halda məhkəmənin bu hüquqlarının təmin etməməsini maddi hüquq normasını, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin pozulması kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən onun mübahisəli evin mülkiyyətçisi (cavabdeh) Cavabdeh2 gəlini olduğunu və “gəlin”-nin ailə üzvləri anlayışına daxil edilmədiyini əsas göstərməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququmun olmaması qənaətinə gəlmiş və burada da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, o 2003-cü il tarixdə digər cavabdeh olan Cavabdeh1 ilə rəsmi nikah bağlamaqla həmin mübahisəli evə gəlin köçmüş və uşaqları ilə birlikdə 2020-ci il tarixədək o evdə yaşamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi “ailə üzvləri” ilə bağlı müddəaları yanlış şərh edilmişdir. Yəni o və uşaqları Cavabdeh1 ailə üzvləri olmaqla həmin mübahisəli evdə yaşamışlar. Məhkəmənin isə qətnamədə göstərdiyi xüsusatlar “digər qohumlar” müddəasına aid olan hallardır. Mübahisəli evə köçürülmə tələbi hər iki cavabdehə qarşı, Cavabdeh1 və mübahisəli evə köçürülmə tələbi hər iki cavabdehə qarşı Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır. Cavabdeh2 Cavabdeh1 atasıdır. Yəni, onlar iddiaçılar Cavabdeh1 ailə üzvləri olmaqla yanaşı mübahisəli evdən istifadə hüququ əldə etmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu kimi diqqətəlayiq halları nəzərə almamış və qanunun tətbiqində səhvə yol verərək maddi hüquq normalarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinə istifadə hüquqlarının yaranması və bu hüquqa xitam verilməsi ilə əlaqədar məsələyə də düzgün hüquqi qiymət verməmiş və hüququn tətbiqində səhvə yol vermişdir. Bir daha qeyd edir ki, tərəflərin aralarında yaranan hüquq münasibətləri yəni, onlarla cavabdehlər arasında yaranan hüquq münasibətləri 2003-cü il tarixə təsadüf edir. Həmin dövrdən mübahisəli yaşayış evində cavabdehlərlə birlikdə yaşamaqla istifadə hüquqları yaranmışdır. Bu hüquqa yalnız real bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməklə xitam verilə bilərdi. Əks halda onların istifadə hüquqları pozulmuş hesab edilməlidir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2003-cü ildə Cavabdeh1 ilə nikah bağlayaraq ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. 27 aprel 2021-ci il tarixdə Cavabdeh1lə ayrılmışlar və həmin vaxtdan mübahisəli fərdi yaşayış evini tərk etmişdir. Birgə yaşadıqları dövrdə ailə münasibətləri normal olmuşdur. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, Cavabdeh1lə ayrıldıqları vaxtdan öz atasına məxsus evdə yaşayır. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması baədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev əvvəldən mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. 1999-cu ildə həmin evə dair adına qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan isə evə dair adına çıxarış almışdır. İddiaçı1 oğlu ilə ailə qurub həmin evə gəlin köçüb. 2011-ci ilə kimi İddiaçı1 ona məxsus evdə yaşamışdır, həmin vaxtdan sonra isə öz atası evində yaşamışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, evin mülkiyyətçisi olaraq nəvəsi İddiaçı3 də evə köçürülməsini istəmir, hazırda oğlu ilə iddiaçının ailə münasibətləri pozulub ona görə də iddiaçıların onun evinə köçmələrinə razı deyil. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı1 2011-ci ildən öz atası evində yaşamışdır. Arada mübahisəli evə gəlib-getmişdir. 2021-ci ildə İddiaçı1 məhkəməyə müraciəti əsasında aralarında olan nikah pozulmuşdur. İddiaçı heç vaxt mübahisəli evdə yaşamaq istəməyib. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi kompensasiya almaqdır. Oğlu İddiaçı3 də anası olan iddiaçı ilə birlikdə yaşayır. Mübahisəli evin mülkiyyətçisi deyil, ev atasına məxsusur. Atası da iddiaçıların evə köçürülmələrinə razı deyil. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 2003-cü ildə nikaha daxil olaraq ailə qurmuş və cavabdeh (keçmiş qaynatası) Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Sonradan oraya pasport qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə İddiaçı1 arasında olan nikahdan İddiaçı3 və İddiaçı2 adlı uşaqları doğulmuşdur. Tərəflərin aiə münasibətləri pozulduğundan ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən aralarındakı nikah 27 aprel 2021-ci il tarixdə pozulmuş, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçı (ana) İddiaçı1 himayəsinə verilmişdir. Həmin vaxtdan etibarən hazıradək İddiaçı1 atasına məxsus evdə yaşayır. Bununla yanaşı müəyyən olunur ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli, 2V-1-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 6 ünvanında yerləşən 39.0 kv.m olan bir yaşayış otağı, 30.5 kv.m örtülü eyvan, 13.2 kv.m açıq eyvan, 7.6 kv.m mətbəx, 6.8 kv.m hamamdan ibarət fərdi yaşayış evi cavabdeh (iddiaçının qaynatası) Cavabdeh2 adına keçmiş və onun adına xx.xx.1999-cu il tarixli, 13497 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra isə **********29 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.0223 ha torpaq sahəsində yerləşən 81.5 kvadratmetrdən ibarət (yeni qaydalarla) ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar hal hazırda mübahisəli ünvanda pasport qeydiyyatındadırlar. Mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 iddiaçıların onun evinə köçürülmələrinə razı deyil. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyindən və mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh2 ilə iddiaçı arasında belə bir razılaşma olmadığından, onun mənzilə istifadə hüququ yaranmamışdır; buna görə də iddia tələbinin təmin edilməsinin qanuni əsası mövcud deyildir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə iddiaçı, Cavabdeh2 digər ailə üzvü kimi onun mülkiyyətində olan ünvan 7 ünvanında pasport qeydiyyatına alınaraq orada yaşamış olsa da, həmin evdən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışdır. Belə ki, iddiaçı və mübahisəli mənzilin mülkiyyətçi olan Cavabdeh2 arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta iddiaçının mübahisəli evə qeydiyyata alınmasına evin mülkiyyətçisi olan Cavabdeh2 rəsmi razılığı olmuşdursa belə, bu razılıq özlüyündə iddiaçıya sözügedən evə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, iddiaçının evə köçərək orada yaşaması və pasport qeydiyyatına alınması onun həmin evə istifadə hüququnun yaranması demək deyildir və istinad etdiyi maddi hüquq normasına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında münasibət 2003-cü ildə yaranaraq 2020-ci ilə qədər davam etdiyindən iddia tələbinə aşağıdakı maddi hüquq normaları baxımından da qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisinin oğlu Cavabdeh1 arasında olan faktiki ailə münasibətləri 2020-ci ildən kəsilmiş və beləliklə də onunla evin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında, sonuncunun mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda iddiaçının, mübahisəsi gedən evin mülkiyyətçisi Rsaim Mirzəyevdən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin o, maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 mübahisəli fərdi yaşayış evinə köçürülmədiyindən məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş uşağı xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı2 da mübahisəli evə köçürülməməlidir. Məhkəmə kollegiyası həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, digər İddiaçı3 da mübahisəli fərdi yaşayış evinə köçürülməsi istisnadır. Çünki işin hallarından göründüyü kimi sonuncu valideynlərinin nikahı pozulduqdan hazırkı vaxtadək daimi olaraq ana babasına məxsus evdə yaşamışdır. İşin qeyd olunan halı öz-özlüyündə onu göstərir ki, İddiaçı3 yaşayış sahəsi ilə təminatlıdır. Diqqətə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı Fəqan Mirzəyevin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi (ata babası) ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ əsassızdır. Belə ki, iddiaçı Fəqan Mirzəyevin 2020-ci ilin aprel ayından hazırkı vaxtadək başqa mənzildə yaşaması öz-özlüyündə göstərir ki, onun özünü yaşayış sahəsi ilə təmin etmək imkanları vardır. Göründüyü kimi, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə olmaqla iş materiallarında olan sənədlərlə təkzib edilir. Ona görə də şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-6213/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar