Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-396/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X6 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X6 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,06 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildə Xanlar şəhəri, R.Nəsibov məhəlləsi ev 02, mənzil 11 saylı ünvanda yaşayan X5 Xanlar şəhəri Vidadi küçəsi 01 saylı ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini oğlu Maraqlı şəxs1 yanında 300 ABŞ dollarına ondan satın almışdır. Yuriy Hacıyev öhdəsinə götürmüşdür ki, alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirmək üçün 1 ay müddətində torpağın sənədlərini ona təqdim edəcəkdir. Bu barədə aralarında qeyri-rəsmi müqavilə tərtib etmişlər. Lakin, 1 ay keçməmiş eşitmişdir ki, mərhum Hacıyev Yuriy 06 iyul 2000-ci il tarixdə vəfat etmişdir. Həmin müddətdən hal-hazıra kimi satın aldığı torpaq sahəsini özü əkib becərir və sahəsi 29 kv.m olan 1 otaqdan ibarət yaşayış evi tikdirmişdir. Hal-hazırda həmin mülkdə yaşayır. Lakin həmin mülkü və torpaq sahəsini öz adına keçirə bilmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsi ilə (hakim E.Həsənova) iddia təmin edilərək, İddiaçı ilə mərhum X7 arasında Xanlar şəhəri, Vidadi küçəsi, 01 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və 0,06 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan sübutlar: X9 ilə İddiaçı arasında sadə yazılı formada bağlanmış 20 iyun 2000-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, 20 iyun 2000-ci il tarixdə X9 ona məxsus Xanlar şəhəri, Vidadi küçəsi 1 saylı ünvanda ünvanda yerləşən 0,06 ha torpaq sahəsini X2 300 ABŞ dollarına satmış və həmin mənləği iddiaçıdan təhvil almışdır. Həmçinin, həmin müqavilə ilə X9 alqı-satqının rəsmiləşdirilməsi üçün 1 ay müddətində evin sənədlərini Gözəl Mansurovaya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləni şahid qismindən Maraqlı şəxs1 da imzalamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 iyul 2000-ci il tarixdə ölmüşdür. Göygöl rayon Dövlət Arxivinin 31 yanvar 2006-cı il tarixli və 27 avqust 2008-ci il tarixli, 2/555 saylı arxiv arayışlarından görünür ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X8 fərdi yaşayış evinin tikintisi üçün şəhərin 10 və 11-ci məhəlləsi deyilən ərazidə 0,06 ha həyətyanı torpaq sahəsi verildiyi göstərilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1258A, Kod 50801004 saylı şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Xanlar şəhərində yerləşən 0.04 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin Göygöl Rayon Şöəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 26 noyabr 2010-cu il tarixli, 500 nömrəli məktubundan görünür ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X8 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq, JN-1258A, Kod 50801004 saylı Şəhadətnamə səhvən mexaniki olaraq 0,04 ha göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsindən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi apellyasiya şikayəti verərək, Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandılmışdır ki, Xanlar Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnaməsi Göygöl Rayon Məhkəməsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində məlumat üçün göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən şikayət vermək hüququ yaranmışdır. Bildirirlər ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma zamanı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər aşkar edilməmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Xanlar Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnaməsində qeyd olunan 0.06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Bununla yanaşı torpaq sahəsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnamədə də məhkəmə tərəfindən torpağın hansı hüquqmüəyyənedici sənəd əsasında alqı-satqı predmeti olduğu göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edirlmişdir. Apellyasiya məhkəməsində icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavadbehlər və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı cavadbehlərdən Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, mərhum atası X1 ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini satdığının, atasının bu barədə sağlığında ona məlumat verdiyini, bu səbəbdən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı atasının varisi olaraq heç bir iddiasının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, alqı-satqı müqaviləsi 2000-ci il tarixdə bağlanılsa da, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X7 ölümündən sonra verildiyindən sonradan cavadbehlər tərəfindən ona verilmişdir. Lakin, birinci instansiya məhkəməsinə hansı səbəbdən təqdim etməməsini xatrlamır. Tətbiq edilən hüquq: 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsi: 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X9 ilə İddiaçı arasında sadə yazılı formada bağlanmış 20 iyun 2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli, 05 saylı qərarı əsasında ona verilmiş Xanlar şəhəri, Vidadi küçəsi 1 saylı ünvanda ünvanda yerləşən 0,06 ha torpaq sahəsini X2 300 ABŞ dollarına satmış və həmin mənləği iddiaçıdan almışdır. Həmçinin, həmin müqavilə ilə X9 alqı-satqının rəsmiləşdirilməsi üçün 1 ay müddətində evin sənədlərini Gözəl Mansurovaya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, X9 06 iyul 2000-ci il tarixdə öldüyündən torpağın mülkiyyət sənədlərini öz adına rəsmiləşdirə bilməmiş və iddiaçı ilə notraial qaydada alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. İddiaçı 2000-ci il tarixdən etibarən aldığı torpaq sahəsində ev inşa etmiş və həmin tarixdən indiyədək həmin evdə yaşmaqdadır. Müqavilə bağlandığı zaman torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququ qeydə alınmasa da, sonradan Torpağın mülkiyyətə verilməsinə dair JN-1258A, Kod 50801004 saylı Şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə həmin torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir ki, bununla da bağlanmış alqı-satqı müqaviləsi üzrə satcının subyektiv hüquqa malik olmamaması əsası da aradan qalxmışdır. İddiaçı mübahisə edilən torpaq sahəsini alqı-satqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakın haqqını ödəyərək satıcıdan qəbul etmiş, əmlaka 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. İddiaçının iddiası yuxarıda qeyd olunan 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbi baxımından əsaslı olmuşdur. Belə ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında Mülki Məcəllənin 335.2-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, həmin maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı işin hallarına əsasən isə müqavilənin yazılı qaydada bağlanması və mərhumun vəfatı ilə əlaqədar müqavilənin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi müəyyən edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin Göygöl Rayon Şöəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 26 noyabr 2010-cu il tarixli, 500 nömrəli məktubda isə Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarı əsasında mərhum X8 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq, JN-1258A, Kod 50801004 saylı Şəhadətnamə səhvən mexaniki olaraq 0,04 ha göstərilməsi qeyd olunmuşdur ki, bununla da Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarında göstərilən torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-1258A, Kod 50801004 saylı Şəhadətnamə göstərilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbindən, eləcə də işin mahiyyətindən görünüdüyü kimi mülki işə birinci instansiya məhkəməsində iddia icraatı qaydasında baxılmışdır. Lakin, iddiaçı iddia ərizəsində, birinci instansiya məhkəməsi isə qətnaməsində həmin şəxsləri maraqlı şəxs qismində göstərsə də əslində onlar cavadbehlər olmuşlar ki, məhkəmə kollegiyası tərəfindən də həmin şəxslər cavadbeh qismində qəbul olunmuşlar. Birinci instansiya məhkəməsinin qətnaməsi isə formal əsasa görə ləğv edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir. Buna görə də Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xanlar Rayon Məhkəməsinin 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.