Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-399/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçılar X1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakı ilə, İddiaçılar X2 və qeyrilərinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində quraşdırılmış istixananın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir.
2. xx.xx.2023–cü il tarixli aktdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi Nizami İsmayılov tərəfindən JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində (naturada) ölçülərək İddiaçı1 tanıdılmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha– dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur.
4. Məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/3082 nömrəli rəyindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə onların mülkiyyətlərinə Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin cavabdeh onların icazəsi olmadan torpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmışdır. Hazırda da cavabdeh torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsələr də, cavabdeh buna məhəl qoymamış, onlara məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar. Odur ki, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsi ilə (hakim Z.Allahyarov) iddianın qismən təmin edilməsi, JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətlərində olan və Şəmkir rayonu Keçili kəndində yerləşən 0.96 ha torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha– dək hissəsindən Cavabdeh çıxarılmış, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın həmin 0.3584 ha sahədə yerləşən hissəsi Cavabdeh vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, 50 (əlli) manat hissəsi Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Həmçinin, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0.3584 ha hissədə yerləşir. Halbuki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu Keçili kəndində yaşayır. Yaşadığı kənddə kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olur. 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi onun mülkiyyətinə verildikdən sonra daim onun və ailə üzvlərinin istifadəsində olmuş, torpaq sahəsində ailəsini dolandırmaq üçün hər il əkin əkmişdir. Təxminən 10 ildən çoxdur ki, ona məxsus 32 ha torpaq sahəsində istilikxana qurmuş, həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır. O, hazırda istifadəsində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə etmişdir. İddiaçılar isə ona qarşı hazırki iddianı qaldıraraq illərdir onun sahibliyində və istifadəndə olan torpaq sahəsindən çıxarılmağını tələb edirlər. Halbuki, illərdir torpaq sahəsinə qonşuluqda olan iddiaçılar da mübahisəli torpaq sahəsinin ona məxsus olmasını bilmişlər və heç bir etiraz bildirməmişlər. Əgər torpaq sahəsi iddiaçıların mülkiyyətində olsaydı o, hələ illər əvvəl istilikxana qurub istifadə etməyə başlayarkən onlar ona qarşı iddia qaldırardılar. Düşünür ki, həmin torpaq sahəsi 1998-ci ildən il onun istifadəsində olduğundan və o, orada qərəzli olaraq və özbaşına istilikxana inşa etmədiyindən bu gün həmin istilikxananın onun vəsaiti hesabına sökülməsi ona ziyan vurmaqdan başqa bir şey deyildir. Torpaq sahəsi 26 ildir ki, onun fasiləsiz sahibliyindədir. Məhkəmənin işin qeyd edilən hallarına diqqət yetirməmiş, əsassız olaraq ona qarşı torpaqdan çıxarılma və öz vəsaiti hesabına istilikxananın sökülməsi tələbinə dair iddia qaldırmışdır. Ona görə də, hesab edir ki, iddia əsassızdır və qanunsuz olaraq qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi və özbaşına istilikxana inşa edilməsi müəyyən edilsə də, işin həqiqi halları ondan ibarət deyildir. Belə ki, o, mübahisəli torpaq sahəsini 26 ildir istifadə etməklə, qanuni sahibliyindədir və üzərində istilikxananı da 10 ildir ki, qurmuşdur. Əgər torpaq sahəsi iddiaçılara məxsus idisə, onlar ona istilikxana qurmağa imkan verməzdilər.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, iddiaçılar ilə qonşudur və münaqişə yaranmasını istəmir. Əgər avqust ayına kimi ona möhlət verilsə, istixananı sökə bilər. İddiaçıların heç olmasa, taxıl biçininə kimi gözləməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı X2, apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, dəfələrlə cavabdehə zəbt edilmiş torpaq sahəsini boşaltmağı təklif etsələr də, cavabdeh buna məhəl qoymamış, onlara məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
16. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
17. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha– dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur və cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0.3584 ha hissədə yerləşir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh özünə məxsus torpaq sahəsinə 26 ildir ki fasiləsiz sahiblik edir. Tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024– cü il tarixli mütəxəssis rəyindən və məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/3082 nömrəli rəyindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0.3584 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur. Mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksinə sübut edən heç bir sənəd məhkəmə kollegiyasına təqdim edilməmişdir.
37. Bundan başqa kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh iddianı qismən qəbul edərək, əgər avqust ayına kimi ona möhlət verilsə, istixananı sökə biləcəyini və zəbt etdiyi hissəni azad edəcəyini bildirmişdir.
38. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-742/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.