Məhkəmə qərarları › İş №2(104)-402/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-402/2023

27.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-402/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)- 1848/2022 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat: İddiaçı X5 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə56 ş/h120-22 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcbuiri iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 24 il müddət ərzində Cavabdeh Kəpəz rayon bölməsinin dəftərxanasında operator vəzifəsində işləmiş və işlədiyi dövr ərzində öhdəliklərini layiqincə və yüksək peşəkarlıqla icra etmişdir. Hər zaman polisin şərəf və ləyaqətini qorumağa çalışmış, işinə məsuliyyətlə yanaşmışdır. 2021-ci ilin may ayında xəstəliyi ilə bağlı ağır əməliyyat keçirmiş və 2021-ci ilin sentyabr ayında həkim rəyinə müvafiq əmək fəaliyyətinə davam etmişdir. 2021-ci ilin sentyabr ayında fəaliyyətinə başladıqdan sonra Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov mütəmadi olaraq təkid etmişdir ki, o, işdən öz arzusu ilə çıxıb getsin. Ona yaşının 58 olması əsası ilə yerini başqa kadrlara təhvil verməli olduğu barədə iradını bildirmiş, öz hərərkətləri ilə onu işdən azad olması barədə ərizə yazmağa təhrik etmişdir. Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov onun əmək fəaliyyəti göstərdiyi otağa daxil olaraq, orada olan digər işçilərlə salamlaşıb görüşməsinə baxmayaraq, onu gözardı edərək işgüzar nüfuzuna da xələl gətirməyə çalışmışdır. 2022-ci ilin yanvar ayında Kəpəz rayon Polis Bölməsinə polis kapitanı Mustafa Əlizadə rəis təyin olunmuş və bundan sonra yeni rəis Mustafa Əlizadə, Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmovun onun haqqında ona qarşı yalan məlumat verməsi nəticəsində ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Mustafa Əlizadə bölməyə rəis təyin olunduqdan sonra dəftərxananın arxiv otağının açarını ondan almaqla və ona qarşı əsassız iradlar bildirməklə onu işdən bezdirmiş və onun əmək fəaliyyətini sonlandırmağa sövq etmişdir. Baş verən bu hadisələrdən sonra o, Cavabdeh Katibliyinin rəisi polis mayoru İbrahim Hüseynova bu barədə dəfələrlə məlumat vermiş və ondan tədbir görməsini, bu barədə baş İdarə rəisinə məruzə etməsini, onu generalın qəbuluna salmasını xahiş etmişdir. X12 etdiyi müraciətlərin heç bir nəticəsi olmamış, Kəpəz rayon polis bölməsinin rəhbərliyinin qanunsuz hərəkətləri barədə Cavabdeh rəhbərliyinə məlumat verilməmiş və onun da məlumat verməsinin qarşısı alınmışdır ki, nəticədə bütün bu olanlardan sonra Cavabdeh rəhbərliyinin diqqətini çəkmək üçün xx.xx.2022-ci ildə ona qarşı olunan haqsız və qanunsuz rəftarını da qismən qeyd etməklə işdən azad olunması barədə ərizə ilə Cavabdeh rəhbərliyinə müraciət etmişdir. Ərizənin məzmunundan da göründüyü kimi onun öz arzusu ilə işdən xaric olmaq niyyəti olmamış, həmin ərizəni yazmaqda məqsədi ona qarşı qanunsuzluğa yol vermiş şəxslərin cəzalandırılması və onun istəyi əvvəlki kimi normal fəaliyyətinə davam etmək olmuşdur. Ərizəni yazmasının üzərindən 1 (bir) gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə heç kəsin onun yazdığı ərizə ilə maraqlanmadığını görmüş və Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general palkovniki cənab X13 İşlər Nazirliyinin internet saytı vasitəsi ilə müraciət etmişdir. Bundan sonra ona qeyri-rəsmi olaraq məlum olmuşdur ki, həmin ərizə əsas götürülməklə o, bir saat ərzində işdən azad olunmuşdur. Bundan sonra o, işdən azad olunması barədə əmrin surətinin ona verilməsi, həmçinin işinə bərpa olunması barədə Cavabdehnə və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdir. O, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, həmçinin Cavabdehnə dəfələrlə müraciət etdikdən sonra əmək kitabçası ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada göndərilmiş və əmək kitabçası ona çatdıqdan sonra o, Cavabdeh rəisinin xx.xx.2022-ci il tarixli Ə56 ş/h 120-22 nömrəli əmri ilə işdən xariş olunmasını bilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə işdən xaric olunduqdan sonra xx.xx.2022-ci il tarixdən bu günə qədər dəfələrlə işə bərpa olunması barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təxminən 50 (əlli) dəfə elektron müraciət etmiş və onun müraciəti araşdırılaraq qərar qəbul etməkdən ötrü Cavabdehnə göndərmişlər və heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci mddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin qeyd olunanlara əsasən ona 1 ay verilməli olduğu halda, o, cəmi 1 saatın içində, yəni xx.xx.2022-ci il tarixdə ərizə verdiyi gün işdən xaric edilmişdir. Bununla da onun qanuni hüquqlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, onun ərizə ilə Cavabdeh rəisinə müraciət etməsinin əsas səbəbi işdən azad olunması yox, Cavabdeh Kəpəz Rayon Polis Şöbləsinin rəhbərliyi tərəfindən ona qarşı edilən haqsız və qanunsuz rəftara son qoyulmasını xahiş etmək olmuşdur. Nəticə etibarı ilə işdən azad olunması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə Gəncə şəhəri 1 nömrəli mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, mediasiya sesiyasında barışığın əldə olunması mümkün olmamışdır. Buna görə də iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi rədd edilmişdir. İşdə olan sübutlar: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli Ə56 ş/h-120-22 nömrəli əmrindən görünür ki, İddiaçı Cəlal qızı xx.xx.2022-ci il tarixdən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinin operatoru (mülki) vəzifəsindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. 0070018 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı Cəlal qızı xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhəri Kəpəz rayon X15 Bölməsində operator vəzifəsində işləmişdir. İddiaçı Cəlal qızının 2022-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək olan dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə etdiyi çoxsaylı elektron müraciətlərdən görünür ki, o, əsassız olaraq işdən çıxarıldığını, əmrinin və əmək kitabçasının ona verilmədiyini və qəbula düşmək istədiyini bildirməklə yanaşı əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsindən iddiaçı X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 24 il müddət ərzində Cavabdeh Kəpəz rayon bölməsinin dəftərxanasında operator vəzifəsində işləmiş və işlədiyi dövr ərzində öhdəliklərini layiqincə və yüksək peşəkarlıqla icra etmişdir. Hər zaman polisin şərəf və ləyaqətini qorumağa çalışmış, işinə məsuliyyətlə yanaşmışdır. 2021-ci ilin may ayında xəstəliyi ilə bağlı ağır əməliyyat keçirmiş və 2021-ci ilin sentyabr ayında həkim rəyinə müvafiq əmək fəaliyyətinə davam etmişdir. 2021-ci ilin sentyabr ayında fəaliyyətinə başladıqdan sonra Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov mütəmadi olaraq təkid edirdi ki, o, işdən öz arzusu ilə çıxıb getsin. Ona yaşının 58 olması əsası ilə yerini başqa kadrlara təhvil verməli olduğu barədə iradını bildirmiş, öz hərərkətləri ilə onu işdən azad olması barədə ərizə yazmağa təhrik etmişdir. Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov onun əmək fəaliyyəti göstərdiyi otağa daxil olaraq, orada olan digər işçilərlə salamlaşıb görüşməsinə baxmayaraq, onu gözardı edərək işgüzar nüfuzuna da xələl gətirməyə çalışmışdır. 2022-ci ilin yanvar ayında Kəpəz rayon Polis Bölməsinə polis kapitanı Mustafa Əlizadə rəis təyin olunmuş və bundan sonra yeni rəis Mustafa Əlizadə, Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmovun onun haqqında ona qarşı yalan məlumat verməsi nəticəsində ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Mustafa Əlizadə bölməyə rəis təyin olunduqdan sonra dəftərxananın arxiv otağının açarını ondan almaqla və ona qarşı əsassız iradlar bildirməklə onu işdən bezdirmiş və onun əmək fəaliyyətini sonlandırmağa sövq etmişdir. Baş verən bu hadisələrdən sonra o, Cavabdeh Katibliyinin rəisi polis mayoru İbrahim Hüseynova bu barədə dəfələrlə məlumat vermişdir və ondan tədbir görməsini, bu barədə baş İdarə rəisinə məruzə etməsini, onu generalın qəbuluna salmasını xahiş etmişdir. X12 etdiyi müraciətlərin heç bir nəticəsi olmamış, Kəpəz rayon polis bölməsinin rəhbərliyinin qanunsuz hərəkətləri barədə Cavabdeh rəhbərliyinə məlumat verilməmiş və onun da məlumat verməsinin qarşısı alınmışdır, nəticədə, bütün bu olanlardan sonra Cavabdeh rəhbərliyinin diqqətini çəkmək üçün xx.xx.2022-ci ildə ona qarşı olunan haqsız və qanunsuz rəftarını da qismən qeyd etməklə işdən azad olunması barədə ərizə ilə Cavabdeh rəhbərliyinə müraciət etmişdir. Ərizənin məzmunundan da göründüyü kimi, onun öz arzusu ilə işdən xaric olmaq niyyəti olmamış, həmin ərizəni yazmaqda məqsədi ona qarşı qanunsuzluğa yol vermiş şəxslərin cəzalandırılması və onun istəyi əvvəlki kimi normal fəaliyyətinə davam etmək olmuşdur. Ərizəni yazmasının üzərindən 1 (bir) gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə heç kəsin onun yazdığı ərizə ilə maraqlanmadığını görmüş və Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general polkovniki cənab X13 İşlər Nazirliyinin internet saytı vasitəsi ilə müraciət etmişdir. Bundan sonra ona qeyri-rəsmi olaraq məlum olmuşdur ki, həmin ərizə əsas götürülməklə o, bir saat ərzində işdən azad olunmuşdur. Bundan sonra o, işdən azad olunması barədə əmrin surətinin ona verilməsi, həmçinin işinə bərpa olunması barədə Cavabdehnə və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdir. O, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, həmçinin Cavabdehnə dəfələrlə müraciət etdikdən sonra əmək kitabçası ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada göndərilmiş və əmək kitabçası ona çatdıqdan sonra o, Cavabdeh rəisinin xx.xx.2022-ci il tarixli Ə56 ş/h 120-22 nömrəli əmri ilə işdən xariş olunmasını bilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə işdən xaric olunduqdan sonra xx.xx.2022-ci il tarixdən bu günə qədər dəfələrlə işə bərpa olunması barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təxminən 50 (əlli) dəfə elektron müraciət etmiş və onun müraciəti araşdırılaraq qərar qəbul etməkdən ötrü Cavabdehnə göndərmişlər və heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci mddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin qeyd olunanlara əsasən ona 1 ay verilməli olduğu halda, o, cəmi 1 saatın içində, yəni xx.xx.2022-ci il tarixdə ərizə verdiyi gün işdən xaric edilmişdir. Bununla da onun qanuni hüquqlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, onun ərizə ilə Cavabdeh rəisinə müraciət etməsinin əsas səbəbi işdən azad olunması yox, Cavabdeh Kəpəz Rayon Polis Şöbləsinin rəhbərliyi tərəfindən ona qarşı edilən haqsız və qanunsuz rəftara son qoyulmasını xahiş etmək olmuşdur. Nəticə etibarı ilə işdən azad olunması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcbuiri işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə Gəncə şəhəri 1 nömrəli mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, mediasiya sesiyasında barışığın əldə olunması mümkün olmamışdır. Belə ki, iddiaçı X5 əmək hüquq müünasibətlərində işəgötürən Cavabdehnə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Ona görə də əmək müqaviləsinin xitam olunmasında iddiaçının faktiki olaraq könüllü təşəbbüsü olmamışdır. İddiaçının işə götürən orqana təqdim etdiyi ərizəsi işdən azad olunma üçün deyil, əksinə onun hüquqi vəziyyətinin yaxşılşdırılması üçün nəzərdə tutulmalı idi. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Hazırda Əmək Məcəlləsinin maddələri iddiaçının hüquqlarının müdafiəsi üçün tətbiq olunmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə56 ş/h120-22 nömrəli müvafiq əmrin iddiaçı X4 təqdim olunması təsdiq olunmur. Məhkəmə işə baxarkən qanunun tələbini pozmuşdur. Ona görə ki, maddənin dispozisiyasında qeyd olunur ki, ilk növbədə işçiyə müvafiq əmrin surəti təqdim edilməlidir. Mülki iş materiallarında müvafiq əmrin iddiaçıya təqdim olunmasına dair sübut yoxdur. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, cavabdehdən ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız cavabdehin şəxsi təşəbbüsü ilə ola bilər və bu zaman məhkəmə cavabdeh tərəfindən verilmiş ərizə ilə birlikdə iddia müddətinin ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxmışdır. Məhkəmə prosesləri iddia ərizəsinin mahiyyətinə uyğun deyil, vətəndaş X2 işə aid olmayan ərizəsində qeyd olunan hallara uyğun aparılmışdır. Ona görə ki, hakim məhkəmə iclasında dəfələrlə ərizədə göstərilən 2015-ci ildə baş verən intihar hadisəsini onunla əlaqələndirmişdir. Məhkəmənin iclas protokollarında qeydlər aparılmışdır. Lakin, hakim istinad etdiyi halları qətnamənin əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmənin mövqeyinin ona qarşı qərəzli olmasına kifayət qədər əsaslar olmuşdur. Qeyd etdiyi kimi o, əmək münasibətlərində cavabdehə nisbətən iqtisadi cəhətdən zəif tərəfdir. Məhkəmələr onun son ümüd yeridir. Məhkəmə onun konstitusyon hüquqlarını pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə56 ş/hl20-22 nömrəli müvafıq əmrin İddiaçı təqdim olunması təsdiq olunmur. Məhkəmə işə baxarkən qanunun tələbini pozmuşdur. Ona görə ki, maddənin dispozisiyasında qeyd olunur ki, ilk növbədə işçiyə müvafıq əmrin surəti təqdim edilməlidir. Mülki iş materiallarında müvafıq əmrin iddiaçıya təqdim edilməsinə dair sübut yoxdur. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafıq əmrin, (sərəncamın, qərarm), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasınm, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfındən müvafıq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyu 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu qərarın təsviri-əsaslandıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Cavabdeh kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən X9, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Cavabdeh Təşkilati-inspektor şöbəsinin rəisi vəzifəsində işləyən X10 və cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirmişlər ki, İddiaçı işdən azad olunması barədə yazdığı ərizədə göstərilən xüsusatların araşdırılması üçün xx.xx.2022-ci il tarixdə dəvət edilmiş, lakin İddiaçı heç bir əsaslı səbəb göstərmədən Polis İdarəsinə gəlməmiş və bununla bağlı Polis İdarəsinin səlahiyyətli şəxsləri tərəfındən müvafıq protokol tərtib edilmişdir. Bundan sonra İddiaçı poçt vasitəsi ilə daxil olmuş ərizəsində Bayram Rüstəmov tərəfındən ona təzyiq göstərilməsini qeyd etmişdir. Onun ərizəsinin araşdırılması və əmək kitabçasınm təqdim edilməsi üçün İddiaçı Polis İdarəsinə dəvət olunmuş, lakin gəlməmişdir. Bundan sonra İddiaçı şəxsən təqdim edilməsi üçün əmək kitabçası ünvanma göndərilsə də qəbul etməmiş və poçt vasitəsi ilə göndərilməsini tələb etmişdir. İddiaçı əmək kitabçası xx.xx.2022-ci il tarixdə ünvanına göndərilmişdir. Lakin İddiaçı dəfələrlə şikayət ərizəsi vermiş və onun ərizəsinin araşdırılması ilə bağlı Baş Polis İdarəsinə dəvət olunmasına baxmayaraq gəlməmişdir. İddiaçı X1 İşlər Nazirliyinə şikayət vermiş, yoxlanışlan keçirilərkən işində nöqsanlar aşkar olunmuş və aktlaşdırılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı Düriyyə elektron poçt vasitəsilə məhkəməyə ərizə göndərək, işə onun iştirakı oladan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68-ci maddə

2. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 269-cu maddə.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 296-cı maddə:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə:

10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı 30 mart 2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək, dəftərxana müdirinin onunla qərəzli mövqedə olmasını və bu münasibətin onun səhhətinə mənfi təsir etdiyini əsas gətirərək işdən azad olunmasını xahiş etmiş, lakin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir. Buna baxmayaraq, işəgötürən qanunla müəyyən edilmiş bir aylıq xəbərdarlıq müddətini gözləmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 269-cu maddəsinin 5-ci bəndinin tələblərinin pozulması ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində iddianı qaldırmaması əsası ilə yəni, iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir ki, bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, iş materiallarında olan İddiaçı Cəlal qızının 2022-ci ilin 01 aprel 2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayınadək olan dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə etdiyi çoxsaylı elektron müraciətlərdən görünür ki, o, əsassız olaraq işdən çıxarıldığını və əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. Qeyd edilən müraciətlər iddiaçının artıq 2022-ci ilin aprel ayından işdən azad edilməsindən məlumatlı olduğunu təsdiq etmişdir. Əmək kitabçasının ona 05 iyul 2022-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün məhz 01 aprel 2022-ci il tarixi olmuşdur. Lakin iddiaçı mediasiya orqanına 29 iyul 2022-ci il tarixdə, məhkəməyə isə 26 avqust 2022-ci il tarixdə müraciət etməkə qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş, ötürülmüş iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi ilə bağlı ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin hazırkı mübahisəyə tətbiqi iddiaçının işdən azad olunub-olunmamasını müəyyən edə bilmədiyi, yəni işəgötürənlə münasibətlərin münaibətlərin qeyri-müəyyənliyi şəraitində mümkün ola bilərdi. Hazırkı mübahisə üzrə isə işə olan sübutlarla iddiaçının əmək müqaviləsinə xitma verildiyinən məlumatlı olması öz təsdiqini tapmışdır. Hərçənd ki, cavadbehin nümayənədisnin məhkəmə iclasında verdiyi izahatından da görününür ki, o, iddiaçının əmək kitbaçasının iddiaçıya təqdim edildiyini, lakin əmək kitbaçasını qəbul etməkdən imtina etdiyini və poçtla göndərilməsini tələb etdiyini bildirmiş, iddiaçı isə cavabdehin nümayəndəsinin qeyd olunan arqumentinə hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(125)-1848/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar