Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-405/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı X10 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X19 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X16, X12, X2, X20 və X13 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Sərhəddin qızından, Cavabdeh2 və X4 Samux şəhər Bələdiyyəsinə məxsus olan torpaq sahələrindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması və cavabdehlərin mülkiyyətində olan 250 ha torpaq sahəsini isitifadə etdiyi müddətdə 2655.35 manat məbləğində torpaq vergisinin cavabdehlərdən alınıb Samux şəhər Bələdiyyəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Samux şəhəri ərazisində vətəndaşlardan torpaq sahəsi almışlar və həmin torpaq sahəsini becərərkən Bələdiyyəyə məxsus olan yolları zəbt edərək, öz torpaq sahələrinə qatmışlar. Bu isə hal-hazırda vətəndaşların haqlı narazılığına səbəb olmuş və həmin yollar ümumilikdə 8 ha təşkil edir. Bundan başqa ərazilərin alt hissəsində olan örüş sahəsinin 11 hektarını 18 ildir zəbt edərək özlərininki kimi istifadə edirlər. Cavavbdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq zəbt etdikləri torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Bu hal şəhər əhalisinin kütləvi narazılığına səbəb olmuşdur. Cavabdehlər tərəfindən bələdiyyə mülkiyyətinə 100000 manatdan çox ziyan vurulmuşdur. Bundan başqa əhalidən aldıqları 250 hektar torpaq sahələrinə görə torpaq vergisini də ödəməkdən imtina etmişlər, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər qəti olaraq torpaq vergisini ödəməkdən imtina etmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı X19 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X14, X7, X1, X17, X8 Samux şəhər bələdiyyəsinə məxsus olan zəbt olunmuş 14 hektar örüş sahəsindən və 8 hektar gediş-gəliş yolu olan torpaq sahəsindən və X5 4.69 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması, Samux Şəhər X3 4.69 hektar torpaq sahəsinə hər il təsərrüfat ilinə 1 hektarı 500 manatdan olmaqla 4.69 hektar torpaq sahəsinin 1 ili 2.345 manat olmaqla 18 ilinə 42.210 manat məbləğində pulun, 14 hektar örüş sahəsinə hər il təsərrüfat ilinə 1 hektarı 500 manatdan olmaqla, 14 hektar torpaq sahəsinin 1 ili 7000 manat olmaqla 18 ilinə 126.000 manat məbləğində pulun, ekspertiza xərci hesabına ödənilmiş 315 manat məbləğində pulun cavabdehlərdən alınıb Samux Şəhər Bələdiyyəsinin hesabına ödənilməsini, cavabdehlər tərəfindən zəbt edilmiş 8 ha gediş-gəliş yolu cavabdehlərin hesabına açılmaqla ümumi istifadədə olan gediş-gəliş yolunun əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X19 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mübahisəli torpaq sahələrini cavabdehlərdən ancaq Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər, digər cavabdehlərin torpaq zəbtinə əhəmiyyəti yoxdur, hazırda iddia tələbinin dəymiş ziyan tələbinə dair hissəsində baxılmasını istəmir. Odur ki, iddianın ancaq ekspert rəyinə uyğun olaraq cavabdehlərin bələdiyyə mülkiyyətində olan zəbt etdikləri torpaq sahələrindən çıxarılmaları hissəsində baxılmasını və iddia tələbinin həmin hissələrdə baxılıb təmin edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux şəhər bələdiyyəsinə məxsus 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha Samux şəhər bələdiyyəsinin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsindən çıxarılmaları, (mütəxəssis rəyinə əlavə edilmiş sxem) iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, maddi və proesssual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Belə ki, iddiaçı iddia tələbinin nədən ibarət olmasını, kimlər tərəfindən hansı torpaq sahəsinin zəbt edildiyini əsaslandıra bilməmişdir. Qeyd edilən torpaq sahəsi onlar tərəfindən zəbt edilməmişdir, çünki həmin ərazidə onlara məxsus olan 250 ha torpaq sahələri vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin eidlməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X19 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirkı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.(maddə 54.4) Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən, bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmədə tədqiq olunmuş rəsmi sənədlərə əsasən, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələri Samux Rayon Bələdiyyəsinə məxsusdur. İddianı isə Samux Rayon Bələdiyyəsinin sədri X27 Rayon Bələdiyyəsinin adından deyil öz adından qaldırmışdır. Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən də müəyyən edilir ki, məhkəmə məhz iddiaçı X10 iddiasına baxmışdır. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarına diqqət çəkərək göstərir ki, X27 Rayon Bələdiyyəsinə məxsus olan torpaq sahləri barəsində öz adından hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Hazırki iddia hüquqi şəxs olan Samux Rayon Bələdiyyəsinin adından qaldırıla bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, işə apellyasiya qaydasında baxılarkən əsl olmayan tərəfin əvəz edilməsi məsələsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələblərinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.8-ci maddəsinin tələblərinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa kollegiya göstərir ki, işə baxılarkən alınmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli rəyinə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 ( bir yüz) manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qətnamə ləğv edildiyindən və iddia baxılmamış saxlandışından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli və məhkəmə ekspertiza xərci olan 100 manat məbləğində pul İddiaçı X9 tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 372, 384.0.5, 385.1.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-129/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İşə baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul İddiaçı X9 tutulub, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Bu Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-405/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-405/2024
15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver