Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-405/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: evin inşasına çəkilmiş xərcin qaytarılması; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(021)-240/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, ünvan 1 ünvandakı 1 otaqlı yaşayış sahəsi 25 kv.m olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi oğlu X2 olmuşdur. Lakin, sonuncunun vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri X6 və İddiaçı1 miras əmlakdan bərabər hissədə irs almışlar. Həmçinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh və İddiaçı1 adına ümumi birgə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qaydiyyat aparılmışdır;
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72 kv.m fərdi yaşayış evi İddiaçı1 və Cavabdeh ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/865 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarına metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir; ünvan 4 ünvandakı fərdi yaşayış evində aparılmış təmir-tikinti və yenidənqurma işləri təqribi bazar qiymətlərinə uyğun olaraq 15848 manat müəyyən edilir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ayrılıb onun payının verilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat olan pulun və ödənilmiş rüsum olaraq 151 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 babası X1 xüsusi mülkiyyətində ünvan 5 ünvanında 1 otaqlı yaşayış sahəsi 25 kv.m olan fərdi yaşayış evi olmuşdur. xx.xx.2010-cu il tarixli 2V182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən babasının vərəsəsi atası X2 olmuşdur. Lakin 2006-cı il tarixdə vəfat etdiyi üçün onun vəfat etməsi ilə əlaqədar vərəsələri İddiaçı1 və anası X6 miras əmlakdan bərabər hissələrdə irs alınmışdır. ünvan 5 ünvanında fərdi yaşayış evi xx.xx.2023-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə onun və anası Cavabdeh adına birgə mülkiyyətdə olan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İddiaçı1 digər İddiaçı2 ilə ailəli olduğu zaman atasının mülkiyyətində olmuş, onun vərəsə kimi yaşadığı fərdi yaşayış evində yaşamışlar. Birgə nikah dövründə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşlar. Miras qalan fərdi yaşayış evini təmir etmişlər. Bir müddət İddiaçı2lə ailə münasibətləri pozulmuşdur, İddiaçı2 ana və atasının yaşadığı fərdi yaşayış evində yaşamağa başlamışdır. O, isə həmin zamanlar mübahisəli evdə cavabdeh anası Cavabdeh ilə birlikdə yaşayırmış. Sonra İddiaçı2lə barışdıqdan sonra anası onlara evdə yaşamağa imkan verməmiş və onları evdən qovmuşdur. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə təmir etmək üçün iddia ərizəsində göstərilmiş çəkdiyi xərclərin onlara geri qaytarılmasını tələb edirlər.
6. Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(021)-240/2024 nömrəli qətnaməsi ilə (hakim Ziya Abdullayev) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinini naturada ayrılıb ona verilməsi və fərdi yaşayış evinini çəkilmiş xərcin verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi; İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.4, 220.1, 220.2, 220.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbi iki hissədən ibarətdir. İş üzrə təyin edilmiş ekspert rəy vermişdir ki, evin naturada ½ hissə bölünməsi mümkün deyildir. Belə olan halda yeni iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər. Digər tələblə bağlı bildirir ki, çəkdiyi xərcin qaytarılması tələbinin təmin edilməməsi təəccüblüdür. Çünki, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, fərdi yaşayış evində aparılmış təmir-tikinti və yenidənqurma işlərinin təqribi dəyəri 15848 manat təşkil edir. Bunda başqa, “X17” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, təmir-tikinti işlərinə 20094,2 manat vəsait xərclənmişdir. Sözügedən ev cəmi 2 otaqdan ibarət olmuşdur. Əvvəllər 2006-cı ildə cavabdeh evin 1 otağını qismən təmir etdirmişdir, ancaq 2018-ci ildə həmin evi əsaslı təmir etdirərək, 2 otaqlı evi 4 otaqlı ev etmişdir. Külli miqdarda xərc çəkmişdir. Mətbəx, hamam-tualet, əlavə 2 otaq tikdirirək oranı ev halına gətirmişdir. İş üzrə şahidlər məhkəmədə bunu təsdiq etsələr də, işə baxan məhkəmə heç bir əsaslandırma aparmadaan iddia tələbini rədd etmişdir. Çəkilmiş xərclər şəxsən onun rəhbərliyi altında özünün gətirdiyi ustalar tərəfindən həyata keçirilmişdir. Evdə işləmiş şahid X3, X4 və X5 məhkəməyə verdikləri ifadədə göstərmişlər ki, onların zəhmət haqqı İddiaçı2 tərəfindən ödənilmişdir. Digər şahidlər mantaj işlərini İlham, dam örtüyünü dəyişən Taleh məhkəmədə izahat versələr də, qətnamədə bu hal öz əksini tapmamışdır. Hansı ki, evin əvvəlki və hazırkı görünüşü barədə məhkəməyə fotoşəkillər təqdim etsə də, məhkəmə bunu da nəzərə almamışdır. Qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan əvvəlki hakim Qamət Əbilov evə yerində baxış keçirtmişdir. Hakim onun bildirdiklərinin doğru olmasını cavabdehə bildirirək, təsdiq etmişdi. Sadalananlara əsasən hesab edir ki, iş üzrə ekspert rəyi, mütəxəssis rəyi və şahidlərin ifadələri nəzərə alınmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izhaatında bildirmişdir ki, 2012-ci ildə cavabdehin qızı İddiaçı1 ilə nikaha daxil olaraq ailə qurmuşlar, 2013-cü ildə də mübahisəli evə köçüb orada yaşamışlar. 2018-ci ildə isə həmin evi təmir etdirmişlər. Evin ½ hissəsi vərəsəlik qaydasında arvadı İddiaçı1 mülkiyyətində olmuşdur. Lakin, hazırda cavabdehlə birlikdə həmin evdə yaşamaq mümkün deyildir. 2012-ci ildə arvadı İddiaçı1 ilə toy mərasimləri olmuşdur və həmin mərasimin video görüntüsü qeydə alınmışdır. Həmin video görüntüdə mübahisəli ev də qeydə alınmışdır. Həmin görüntülərdən evin 2012-ci ildə hansı vəziyyətdə olduğu görünür. Ev 2018-ci ildə onun vəsaiti hesabına əsaslı təmir edilmişdir. Evin dam örtüyü dəyişdirilmiş, barı çəkilmiş, sanitariya qovşağı evin içərisinə yerləşdirilmiş, əlavə 2 otaq inşa edilmiş və təmir edilmiş, o cümlədən evin eyvanın qarşısı hörülmüş, habelə evin elektrik sistemi düzəldilmişdir. İş üzrə dindirilmiş şahidlər də bunu təsdiq edirlər. Öz hesablamalarına görə evin təmirinə 35000 manat xərc çəkilib. Buna baxmayaraq, iş üzrə verilmiş ekspert rəyində evin təmirinə çəkilmiş xərc məbləği aşağı məbləğdə göstərilmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı2 bildirmişdir ki, cavabdehin qızı İddiaçı1 ilə nikahları pozulmamışdır. Mübahisəli evi arvadının evi bilib oraya köçmüşlər. O zaman Cavabdeh ona bildirmişdir ki, «özünüzə ev almayın, bu evi düzəldin burada yaşayın, ev sizindir». Mübahisəli ev daimi yaşayış yerləri olduğundan normal şəraitdə yaşasınlar deyə evdə əsaslı təmir işləri aparmışdır. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat vəsaitin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçılar 2012-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar, 2014-cü ildə isə həmin evə köçmüşlər. Daha sonra isə onlar mübahisəli evi təmir etdirmişlər. Hazırda cavabdehlə münasibətləri pozulduğuna görə iddiaçılar xərc çəkib təmir etdirdikləri evdə yaşaya bilmirlər, daha doğrusu yaşamaq istəmirlər. Ev əvvəllər 1 otaq və mətbəxdən ibarət olmuşdur. İddiaçılar həmin mənzilə köçdükdən sonra isə əlavə tikinti və təmir işləri apararaq evi 4 otaqlı ev etmişlər. İddiaçı2 vəsaiti hesabına ev əsaslı təmir edilmiş, evin həyəti düzəldilmiş və sanitariya qovşağı düzəldilmişdir. Həmin tikililər də evin texniki pasportuna əlavə edilmişdir. Bunlar DƏDRX-ə göndərilmiş sorğuya cavab məktubu ilə öz təsdiqini tapır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat vəsaitin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev 1976-cı ildə inşa edilmiş, 2006-cı ildə də özü tərəfindən çəkilmiş vəsait hesabına ev hazırkı vəziyyətə gətirilmişdir. İddiaçı2 tərəfindən həmin evdə əsaslı təmir işləri aparılmamışdır. İddiaçı2 iddia etdiyi iki otaq da özü tərəfindən tikilmiş və təmir edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 9 il ərzində iddiaçılar ona məxsus evdə yaşamışlar. 9 ildən sonra kürəkəni İddiaçı2 evi ona verməsini xahiş etmiş, o isə buna razı olmamışdır. Buna görə də iddiaçılarla arasında münaqişə yaranmış, iddiaçılar da öz aralarında evdən ayrılmaq qərarına gəlmişlər. Daha sonra isə qərəzli olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. «Özünüzə ev almayın, bu evi düzəldin burada yaşayın, ev sizindir» barədə iddiaçılara hər hansı vəd verməmişdir. Əksinə, iddiaçılar evin onlara verilməsini istədikdə bununla qəti razılaşmamışdır. Çünki, 7 övladı vardır və İddiaçı1 ən kiçik övladıdır. O ev təkcə özünə məxsus deyil, həm də digər 6 nəfər övladının ata yurdudur. Xərc çəkimişlərsə belə evdə iddiaçı olan qızının yarı payı vardır, həmin vəsaitidə öz yaşayışlarını yaxşılaşdırmaq üçün sərf etmişlər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin əri ölərkən onun kiçik qızının, yəni İddiaçı1 13 yaşı olmuşdur. Ona görə də mübahisəli ev vərəsəlik qaydasında cavabdeh və İddiaçı1 adına rəsmiləşdirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur;
19. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
20. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə. 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə;
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
24. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi təmin edilməmiş və İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız İddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat vəsaitin cavabdehdən tutulması” hissədə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə İddiaçı2 münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 2012-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar və onların ailə münasibətləri hazırda da davam edir. Cavabdeh isə İddiaçı1 anası, habelə digər İddiaçı2 qaynanasıdır. ünvan 1 ünvandakı 1 otaqlı 25 kv.m olan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi olan oğlu Şahin Əliyevə məxsus olmuşdur. Sonuncunun vəfat etməsi ilə əlaqədar həmin miras əmlak onun vərəsələri olan arvadı Cavabdeh və qızı İddiaçı1 vərəsəlik qaydasında keçmişdir və adları qeyd olunan vərəsələr hər biri miras əmlakdan ½ hissə pay almışlar. Onların həmin əmalka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 ünvandakı 1 otaqlı 25 kv.m olan fərdi yaşayış evində təmir və tikinti işləri aparılaraq əlavə iki otaq inşa edilmiş, habelə evdə digər təmir-tikinti işləri aparılmışdır. Bununla yanaşı müəyyən olunur ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 2013-cü ildə həmin evə köçmüşlər. Bu zaman ev İddiaçı1 və anası Cavabdeh paylı mülkiyyətində olmuşdur. İddiaçılar 9 il müddət ərzində həmin evdə yaşamışlar. İddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddia etmişlər ki, mübahisəli ev naturada bölünsün. Bundan başqa, İddiaçı2 iddia etmişdir ki, 2018-ci ildə öz vəsaiti hesabına mübahisəli evdə təmirtikinti işləri aparmış və bu işlərin görülməsinə görə 20097,20 manat vəsait sərf etmişdir. İddiaçı2 iddia etmişdir ki, həmin vəsait qaynanası olan evin paylı mülkiyyətçisi Cavabdeh tutulmalıdır. Bu qətnamənin 30-cu bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat vəsaitə aid hissədə yoxlanılır.
37. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1).
40. İddiaçı2 mübahsiəli evin təmir xərclərinin onun tərəfindən çəkildiyini iddia edir, cavabdeh isə iddiaya etiraz edərək, evin ona məxsus olduğunu və evdə aparılmış təmirtikinti işlərinin öz vəsaiti hesabına həyata keçirildiyini bildirir.
41. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma, bağışlama və s.), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
42. İddiaçı2 mübahisəli evin tikinti-təmiri üçün vəsait sərf etmiş olması öz təsdiqini tapacağı halda belə, hər bir halda mübahisənin düzgün hüquqi həlli üçün cavabdehə məxsus əmlakın dəyərini artıran yaxşılaşdırma işlərinin hüquqi mahiyyətinə qiymət verilməlidir.
43. Nəzərə alınmalıdır ki, bir şəxs (iddiaçı) tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir.
44. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM maddə 666.1).
45. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).
46. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.
47. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyanın (maddi nemətin) geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir.
48. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır.
49. Baxılan işdə İddiaçı2 mübahisəli evdə əsaslı təmir işlərini cavabdehin zənginləşməsi üçün aparmadığına istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (MPM maddə 77.1). İşin hallarından aydın olur ki, İddiaçı2 Cavabdeh «özünüzə ev almayın, bu evi düzəldin burada yaşayın, ev sizindir» barədə verdiyi vədə, habelə mübahisəli ev daimi yaşayış yeri olduğundan normal şəraitdə yaşamaq məqsədilə evdə əsaslı təmir işləri apardığını bildirir. Bu hal İddiaçı2 apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatla müəyyən edilir (bax qətnamənin 11-ci bəndi). Halbuki, İddiaçı2 cavabdehin vədinə görə evdə təmir və yenidən qurma işləri aparması sübuta yetirilmir. Cavabdeh da apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq, «Özünüzə ev almayın, bu evi düzəldin burada yaşayın, ev sizindir» barədə iddiaçılara hər hansı vəd vermədiyini bildirmişdir. Əksinə suala cavab olaraq cavabdeh bildirmişdir ki iddiaçılar evi onlara verilməsini istədikdə bununla qəti razılaşmamışdır. Çünki, 7 övladı vardır və İddiaçı1 ən kiçik övladıdır. O ev təkcə özünə məxsus deyil, həm də digər 6 nəfər övladının ata yurdudur.
50. İddiaçı2 cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun cavabdehə verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olubolmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Ona görə ki, Mülki Məcəllənin 673- 674-cü maddələrində hədiyyə alan tərəfindən bağışlamadan imtinanın və ləğvin hüquqi əsasları göstərilmişdir. Lakin, hazırkı işin müəyyən edilmiş faktiki halları ilə bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən hallar işə baxılan zaman məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.
51. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 mübahisə predmeti olan evə əgər öz vəsaiti hesabına xərc çəkməsi təsdiqini tapdığı halda belə, yenə də İddiaçı2lə evin paylı mülkiyyətçisi arasında hər-hansı öhdəlik hüquq münasibətləri olmamışdır. Çünki, evin paylı mülkiyyətçisi olan cavabdeh iddiaçını bu işə cəlb etməmişdir. Yəni, tərəflər arasında mübahisəli əmlakla bağlı digər əvəzli əqd (müqavilə) olmamışdır. İddiaçı2 könüllü olaraq evdə təmir işləri həyata keçirtmişsə, bu halda evin paylı mülkiyyətçisinin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır ki, iddiaçı da öz öhdəliyinin icrası qismində verilənləri əsassız varlanma obyekti kimi cavabdehdən tələb etsin.
52. Çünki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün 3 şərt məcmu halda mövcud olmalıdır: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərdən hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
53. Hazırkı işin halları isə Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
54. Göründüyü kimi, İddiaçı2 iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə yoxlanılan hissədə İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(021)-240/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilmiş 20097,20 manat vəsaitin Cavabdeh İddiaçı2 xeyrinə tutulmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.