Məhkəmə qərarları › İş №2(104)-411/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-411/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-411/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 2020-ci ildə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməsi, yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 saylı qətnaməsi ilə iddianın əsaslı olduğundan təmin edilməsi, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməsi, orada ona yaşayış hüququ və həmin mənzildən digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququnun müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştriak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konustitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Ağdam Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul etmiş və mahiyyəti üzrə baxaraq hazırkı qətnaməni qəbul etmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 2020-ci ildə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant yaşayış kompleksində yerləşəm 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməsi, istifadə hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Yəni verilmiş iddia tələbi üzrə mübahisənin predmeti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə mülkiyyət hüququnun elementi olan istifadə hüququnun tanınmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi MPM-nin 39.1-ci maddəsinin əhatə dairəsinə düşür və tələbə müstəsna olaraq mübahisəli mənzilin olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müstəsna aidiyyət ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Belə ki, həmin maddəyə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məqsədinin daşınmaz əmlakla bağlı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasından ibarət olması hazırkı mübahisənin müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-398 və 402-407-ci maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2758/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar