Məhkəmə qərarları › İş №2(104)-428/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-428/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-428/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı mülki iş üzrə Açar sözlər: əmək vəzifələrinin işçi tərəfindən kobud şəkildə pozulması; əmək müqaviləsinə xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 və cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2696/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Dövlət Sosial İqtisad Kolleci tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, dalandar vəzifəsində çalışan İddiaçı göstərilən tarixlərdə öz əmək funksiyalarını yerinə yetirməkdən imtina etmişdir;

2. Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 24 saylı əmrdən çıxarışdan görünür ki, kollecin dalandarı İddiaçı əmək funksiyasını və verilən tapşırıqları yerinə yetirmədiyi üçün ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, töhmət verilmişdir;

3. Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 27 saylı əmrdən çıxarışdan görünür ki, kollecin dalandarı İddiaçı əmək funksiyasını və verilən tapşırıqları yerinə yetirmədiyi üçün ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir;

4. xx.xx.2024-cü il tarixli 65 saylı əmrin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir;

5. 15 iyul 2024-cü il tarixli 6 nömrəli qərarından görünür ki, həmkarların heyət üzvləri və digər iştirak edənlər Tovuz Dövlət Sosial İqtisad Kollecinin işçisi (dalandarı) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz etməmişlər;

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı iddia qaldıraraq Tovuz Dövlət Sosial İqtisad Kollecində dalandar vəzifəsinə bərpa olunması və ödənilməli olan əməkhaqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Dövlət Sosial İqtisadi Kollecinin xx.xx.2024-cü il tarixli 65 saylı əmri ilə onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş və əmək funksiyasını pozmamışdır. Kollecin direktoru dəyişəndə öz vəzifənin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və barəsində işdən çıxarılma haqqında əmr verilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılması üçün həmin məcəllənin 72-ci maddəsində göstərilən hallar olmalıdır. Onun isə əməlində həmin maddədə göstərilən hallar yoxdur. Bundan başqa, əmək müqaviləsinə əsasən vəzifələrini layiqincə yerinə yetirmiş və əmək intizamına riayət etmişdir. xx.xx.2023- cü il tarixli mediasiya sazişinə əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş qızı Humay və xx.xx.2021-ci il tarixdə anadan olmuş Nihad adlı oğlu onun himayəsində saxlanılmışdır. Həmin saziş hüquqverici sənəddir. Cavabdeh təşkilat onu işdən çıxararkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsini qadağan edən hallar barəsində imperativ norma var. Həmin maddədə qeyd edilir ki, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Yuxarıda qeyd etdiyi kimi himayəsində iki azyaşlı uşaq var və məktəb yaşlı deyillər, mediasiya sazişi ilə uşaqlar onun himayəsində saxlanılmışdır. Kollecdəki işindən başqa dolanacaq və işləyəcək yeri yoxdur. Ona görə də işdən çıxarılması barədə əmr ləğv edilməli və işə bərpa edilməlidir.

9. Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2696/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı dalandar vəzifəsinə bərpa olunması və ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Himayəsində iki azyaşlı uşaq var və məktəb yaşlı deyillər, mediasiya sazişi ilə uşaqlar onun himayəsində saxlanılmışdırlar. Kollecdən başqa dolanacaq və işləyəcək yeri yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kolleci apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı əvvəllər 5 il müddətində müəllim işləyib, onun diplomu kollec tərəfindən verilmiş olduğundan sonradan rəhbərlik tərəfindən iddiaçının vəzifəsi dəyişdirilmişdir. Belə ki, iddiaçını lobarant vəzifəsi adı ilə əslində dalandar vəzifəsinə keçirmişlər. Halbuki, iddiaçının faktiki icra etdiyi vəzifə funksiyalarının tutduğu vəzifəyə aidiyyəti olmamışdır. Cavabdeh təşkilatda rəhbərlik dəyişdikdən sonra iddiaçıdan tutduğu vəzifə üzrə funksiyalarını icra etməsi tələb olunsa da, lakin iddiaçı həmin işi yerinə yetirməyə utandığından tutduğu vəzifə üzrə funksiyalarını icra etməmişdir. Hazırda isə iddiaçının maddi vəziyyəti çətindir, nikahı pozulmuş və himayəsində 2 uşağı vardır. Bu səbəbdən də hansı vəzifədə olsa iddiaçı vəzifə funksiyalarını icra etməyə razıdır. Bu səbəbdən də iddiaçının işə bərpa olunmasını xahiş edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı kollecdə dalandar vəzifəsində işləmişdir. Dalandar işçinin əsas vəzifəsi binanın xaricində təmizlik işləri aparmaqdır. Rəhbərlik dəyişdikdən sonra iddiaçıya öz vəzifələri izah edilsə də, lakin iddiaçı həmin vəzifədə işləmək istəmədiyini bildirmiş. Əmək funksiyalarının icra edilməsi barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır. Ona görə də təşkilatın müvafiq əmrləri ilə iddiaçıya iki dəfə töhmət verilmişdir. İddiaçı yol verdiyi nöqsanlardan nəticə çıxartmamaqla əmək funksiyalarını pozmağa davam etdiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəmir. Çünki, əvvəllər rəhbərlik tərəfindən iddiaçıya dəfələrlə əmək funksiyalarını icra etməsi barədə xəbərdarlıq edilmiş, iddiaçının əmək qanunvericiliyinə zidd olan hərəkətsizlikləri barədə aktlar tərtib olunmuş, həmkarlar ittiaqının da razılığı alınmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tutmuş olduğu vəzifəyə artıq başqa işçi təyin edilmişdir. İddiaçının cavabdeh təşkilatda əvvəllər hansı iş gördüyü barədə məlumatı yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

18. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

19. 70-ci maddənin ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

20. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

21. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

22. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

23. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

24. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

26. Maddə 186. İşəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

27. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

28. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, işçi İddiaçı ilə Tovuz Dövlət Sosial İqtisad Kolleci arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, işçi İddiaçı kollecdə dalandar vəzifəsində işə qəbul edilmişdir. İşçi İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək intizamını pozduğuna və verilən tapşırıqlara əməl etmədiyinə görə cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 24 saylı əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilmişdir. Bundan sonra, işçi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək vəzifələrini icra etmədiyi üçün cavabdeh təşkilatın səlahiyyətli subyektləri tərəfindən bu barədə akt tərtib edilmiş, həmçinin təşkilatın xx.xx.2024-cü il tarixli 27 saylı əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Daha sonra isçi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yenə əmək vəzifələrini icra etmədiyi üçün bu barədə müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh təşkilat tərəfindən işçi İddiaçı işdən çıxarılması barədə həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və həmin təşkilat tərəfindən işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tövsiyə edilmişdir. Bundan sonra cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 65 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İşçi İddiaçı həmin əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

42. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq əmrlə cavabdeh təşkilatda dalandar vəzifəsində işə qəbul edilmiş, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 65 saylı əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.

43. İşin müəyyən olunan digər halına görə, İddiaçı (dalandar) xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək intizamını pozduğuna və rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl etmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin a bəndinə əsasən ona xx.xx.2024-cü il tarixli 24 saylı əmrlə töhmət verilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək vəzifələrini icra etmədiyi üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin b bəndinə əsasən ona xx.xx.2024-cü il tarixli 27 saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

44. İş materiallarından həmçinin aydın olur ki, işçi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yenə əmək vəzifələrini icra etməmiş; bu barədə cavabdeh təşkilatın səlahiyyətli subyektləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir.

45. Bununla belə, iddiaçının etibarnamə üzrə nümayəndəsi də (atası) apellyasiya baxışı zamanı verdiyi izahatında «Cavabdeh təşkilatda rəhbərlik dəyişdikdən sonra iddiaçıdan tutduğu vəzifə üzrə funksiyalarını icra etməsi tələb olunsa da, lakin iddiaçı həmin işi yerinə yetirməyə utandığından tutduğu vəzifə üzrə funksiyalarını icra etməmişdir» deyə bildirmişdir (bax bu qətnamənin 14-cü bəndi).

46. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, cavabdeh təşkilatın 15 iyul 2024-cü il tarixli 6 nömrəli qərarı ilə İddiaçı tərəfindən əmək və icra intizamı pozulduğuna görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.

48. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı müntəzəm şəkildə əmək vəzifələrini icra etmədiyinə və işinə məsuliyyətsiz yanaşdığına görə iki intizam tənbehi verilmiş, lakin iddiaçı əmək qanunvericiliyinə zidd hərəkətsizliyini davam etdirməklə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə təkrarən əmək vəzifələrini icra etməmişdir.

49. İşin yuxarıda sadalanan hallarına əsasən kollegiya hesab edir ki, iddiaçıya əvvəlcə töhmət və şiddətli töhmət, sonradan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, habelə əvvəllər də iddiaçının intizam tənbehi aldığı əsas götürülmüşdür.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. «Cavabdeh təşkilat onu işdən çıxararkən Əmək Məcəlləsinin 79cu maddəsinin tələblərini pozmuşdur» barədə iddiaçının dəlili də həmçinin kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, əmək müqaviləsinin ləğv olunması qadağan edən Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallar hazırkı işdə mövcud olmamışdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2696/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar