Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-429/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-ci il tarixli 2(045)-2370/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** və **********, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, daşınmaz əmlakın reyestr nömrəsi **********96 və **********97 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Goranboy rayonu, Yolqulular kəndində 1,5528 və 1,322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə miras qoyan X4 və X1 miras qalmış torpaq sahələrindən vəsiyyət və qanun üzrə vərəsəyə İddiaçı və Cavabdeh düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-ci il tarixli 2(045)-2370/2023 nömrəli qərardadı ilə (hakim Taleh Mustafayev) İddiaçı “vərəsələrə düşən payın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizəyə əlavə olunmuş bütün sənədlərin və ödənilmiş 99 (doxsan doqquz manat) manat miqdarında dövlət rüsumunun iddiaçıya qaytarılması; İddiaçıya aiddiyəti üzrə Notariat Ofisinə müraciət etməsinin izah olunması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, miras qoyan X3 vərəsələrin (iddiaçı və cavabdehin) anası olmaqla xx.xx.2000-ci il tarixdə ölmüşdür. Ondan miras qalan əmlaka vərəsəlik payları qanun üzrə vərəsəlik qaydasında həll edilməlidir. Miras qoyan X6 vərəsələrin (iddiaçı və cavabdehin) atası olmaqla xx.xx.2017-ci il tarixdə ölmüşdür, X8 rayon Notariat ofisində xx.xx.2016-cı il tarixdə reyestrdə 2V-1-293 №-ilə qeydə alınmış vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Cavabdeh mirasda məcburi payı olduğunu bilir və onunla mübahisə aparır. Tərəflər arasında ixtilaf vardır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, vəsiyyət üzrə vərəsə payını notariat orqanında həyata keçirə bilmir. Bundan başqa, 2-ci miras qoyan X2 miras əmlakından qanun üzrə vərəsəlik qaydasında tərəflərin payı da məhkəmə qaydasında müəyyən edilməlidir. Goranboy rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubunda vərəsələr arasında ixtilaf olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Goranboy Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(045)-2370/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelaysiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq, olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyi, habelə mirasıln qəbulu ilə bağlı ilk növbədə notariat ofisinə müraciət edilməmiş olması əsasları ilə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallartına əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə 24 avqust 2022-ci il tarixdə qiymətləndirilən iddia üzrə ödənilmiş 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumlarının qəbzləri əlavə olunmuşdur. Halbuki verilmiş iddia qiymətləndirilməyən iddiadır və həmin tələbə məhkəmədə baxılması ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində deyilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş sənədlərə istinad edildikdə müəyyən olunur ki, iddiaçı miras əmlakda vəsiyyətnamə üzrə vərəsəlik payının müəyyən olunması ilə bağlı notariat orqanına müraciət etməmişdir. Halbuki iddiaçı tələbində miras əmlak üzrə həm vəsiyyətnamə, həm də qanun üzrə vərəsəlik payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 402-ci maddəslərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-ci il tarixli 2(045)-2370/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-429/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-429/2024
09.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver