Məhkəmə qərarları › İş №2(104)-43/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-43/2025

30.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-43/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi təmin edilərək, xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, JN-751A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə göstərilən və onun mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə ona verilmiş və hal-hazırda da onun mülkiyyətindədir. Buna uyğun olaraq JN751A saylı, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də verilmişdir. Torpaq sahəsi tam olaraq onun mülkiyyətində olsa da, torpaq sahəsindən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdeh torpaq sahəsini zəbt etmişdir. Cavabdehdən torpaq sahəsini zəbtdən azad etməsini, torpaq sahəsini boşaltmağı xahiş etmiş və tələb etsə də nəticəsiz qalmışdır. Cavabdeh qanunu heçə sayaraq torpaq sahəsindən çıxmaq istəmir. Bu fakt da onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Onun mülkiyyətçi kimi dövlət tərəfindən qorunan konstitusion hüquqları pozulur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir, lakin bu keçən illər ərzində iddiaçı torpağın ona məxsus olması barədə nə onun özünə nə də ki, başqa orqana bildirməmişdir. Bundan əlavə iddiaçının istifadəsində olan Dövlət Reyestri tərəfindən qeydiyyata alınmış torpaq sahəsi başqa yerdə yerləşir. Bu barədə ərazinin elektron xəritəsi də var. Məhkəmə iclasında dəfələrlə həmin elektron xəritənin alınmasını tələb etsə də məhkəmə buna məhəl qoymamışdır. Bundan əlavə iş üzrə torpaqşünaslıq ekspertizası keçrilmiş, lakin düzgün keçrilməmiş, iddiaçının mövqeyi qorunmuş, onun hüquqları isə nəzərə alınmamışdır. Bütün bu göstərdiklərinə görə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün araşdıma aparmamış, yalnız saxta sənədlərə hüquqi don geyindirməklə öz qətnaməsini əsaslandırmaq üçün əsaslı bir sənəd kimi qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, həmin torpaq sahəsində ağaclar əkmişdir. Ona görə də iddiaçı razılaşarsa ona evinə yaxın olan yerdən hətta 0,10 ha torpaq sahəsi alıb verə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, aqrar islahatdan sonra məsul şəxslər tərəfindən ona digər torpaq sahəsi göstərilmiş və o, həmin torpaq sahəsindən istifadə etmişdir. Lakin sonradan o, məhkəmə qətnaməsi əsasında həmin torpaq sahəsindən çıxarılmış, ona məxsus torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olduğu bildirilmişdir. Ona görə də məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin təklifi ilə razı deyil və özünə məxsus torpaq sahəsinin boşaıdılmasını istəyir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci il tarixli, KOD 50200048 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 məxsusdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2010-cu il, reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0,2338 ha kənd təsərrüfatı təyinatlı torpaq şahəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materiallarında olan 22 may 2023-cü il tarixli, 10/1857 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi Vüqar Musayev tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən, Köçəsgər kəndinin torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən verilmiş JN-751A nömrəli şəhadətnamədə olan 0,08 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən iddiaçı X1 mülkiyyətində olan, JN-751 KOD 50200048 saylı “Torpağın mülkiyyətində verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0,08 ha torpaq sahəsinin koordinatları ilə cavabdeh X2 mülkiyyətində olan MA seriyalı, ******* nömrəli Çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Elektron baza məlumatlarına əsasən cavabdeh X2 faktiki istifadəsində olan 0.2251 ha torpaq sahəsinin koordinatları ilə mülkiyyətində olan MA seriyalı, ******* nömrəli Çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/9450 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-8141/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən iddiaçı X1 mülkiyyətində olan, JN-751 KOD 50200048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0,08 ha torpaq sahəsinin koordinatları ilə cavabdeh X2 mülkiyyətində olan MA seriyalı, ******* nömrəli Çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan torpaq sahəsinin koordinatları üstüstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-8141/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən cavabdeh X2 faktiki istifadəsində olan 0.2251 ha torpaq sahəsinin koordinatları ilə mülkiyyətində olan MA seriyalı, ******* nömrəli Çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Ona görə də, iddiaçı X3 xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasən Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. X1 adına qeydə alınmış Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir, torpaq sahələrinin özbaşına tutulması qadağan olunur. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edildiyi işin məhkəmə iclasında araşdırılmış halları ilə təsdiqini tapdığına görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Şikayətin dəlillərində göstərilir ki, həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir, lakin bu keçən illər ərzində iddiaçı torpağın ona məxsus olması barədə nə onun özünə nə də ki, başqa orqana bildirməmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin izahatından göründüyü kimi o, özü də əvvəllər digər torpaq sahəsindən istifadə etmiş, lakin həmin torpaq sahəsinin ona məxsus olmadığı müəyyən edildiyinə görə o, məhkəmənin qətnaməsinə əsasən əvvəllər istifadə etdiyi torpaq sahəsindən çıxarılmışdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının istifadəsində olan Dövlət Reyestri tərəfindən qeydiyyata alınmış torpaq sahəsi başqa yerdə yerləşir. Bu barədə ərazinin elektron xəritəsi də var. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Ona görə ki, iş üzrə təyiun edilmiş məhkəmə ekspertizalarının rəyləri ilə iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olduğu təsdiqini tapmışdır. Kollegiya apellyasiya şikayətinin məhkəmə iclasında dəfələrlə elektron xəritənin alınmasını tələb etsə də, məhkəmənin buna məhəl qoymamasına dair dəlilini də əsassız sayır. Çünki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyləri məhz elektron baza məlumatlarına əsasən verilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya da dəyişdirilməsi üçün əsas deyildir. Odur ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)- 38/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat miqdarında pul Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat miqdarında pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD- 210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar