Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-430/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: torpaqdan çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs-"xxxx"MMC-nin nümayəndəsi vəkil X4 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2046/2022 saylı iş üzrə 19 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ergi ərazisi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 34 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayonu, Ergi ərazisində yaşayır.
2. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2008-ci il tarixli 86 nömrəli Sərəncamının surətindən görünür ki, Ağdam rayon ərazisindən 15 saylı qış otlaq sahəsindən 50 hektar torpaq sahəsinin Ağdam rayonu, Mərzili kənd sakini şəhid ailəsi X3 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus 50 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayon İHB-nin 14 mart 2008-cı il tarixli, 86 nömrəli sərəncamı ilə Agdam ərazisində 15 saylı qış otlaq sahəsində 50 hektar torpaq sahəsi 15 il müddətinə mərhum həyat yoldaşı X2 icarəyə verilmişdir. Həmçinin 17 mart 2008-ci ildə icarə müqaviləsi bağlanmışdır. Qeyd edir ki, həyat yoldaşı vəfat etdikdən sonra vərəsə kimi mirası o qəbul etmişdir. Təəssüf ki, cavabdehlər 2019-cu ildən ona məxsus torpagı zəbt etmişlər və torpaqdan çıxmırlar. Sözgedən torpaq onun tərəfindən istifadə edilmiş və subsidiya pulunu da o almışdır. Lakin, 2019-cu ildən cavabdehlər həmin yerdən istifadə etməyə imkan vermirlər. Qeyd edilən əraziyə elektrik xətti çəkdirmiş, su artezian quyusu qazdırmış, ərazini yararlı vəziyyətə salmışdır, orada agaclar əkmişdir. Cavabdehlər isə indi ona məxsus həmin torpağı zəbt edərək, ondan qeyri-qanuni istifadə edirlər.
5. Ağdam Rayon Məhkəməsinin 2(013)-2046/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 2046/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli araşdırmamış nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmədə iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatinda bildirdi ki, mərhum əri X3 15 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsi icarəyə verildiyi vaxtdan hal hazırki vaxtadək onların istifadəsindədir və onlar həmin torpağı əkib-becərirlər. Cavabehlər qeyd edilən torpaqla bağlı müqavilənin müddəti bitdiyindən onları həmin ərazidən çıxarmağa çalışırlar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonda iddiaçı şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmədə İddiaçı nümayəndəsi X10 iştirak etdi və apellyasiya şikayətini müdafiə edərək, izahatinda bildirdi ki, mərhum atası X3 15 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsi icarəyə verildiyi vaxtdan hal hazırki vaxtadək onların istifadəsindədir və onlar həmin torpağı əkib-becərirlər. Sonda nümayəndə şikayətin təmin edilməsinin və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs-"xxxx"MMC-nin nümayəndəsi vəkil X7 apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 1 2 . Maddə 6 7 . Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
18. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
21. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, işin faktiki hallarından görünür ki, Ağdam rayonu İH başçısının 14 mart 2008-cı il tarixli 86 nömrəli sərəncam ilə Agdam Rayonu ərazisindən 15 saylı qış otlaq sahəsindən 50 hektar torpaq sahəsinın Agdam rayonu, Mərzilli kəndi sakini iddiaçının mərhum həyat yoldaşı X2 15 il müddətinə icarəyə verilmiş və tərəflər arasında həmin torpaq sahəsinə dair 17 mart 2008-cı il tarixli 315 nömrəli torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Lakin, qanunla müəyyən edilmiş qaydada həmin torpaq sahəsinin icarə müqaviləsi üzrə icarə hüququ mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, ki artıq yuxarıda qeyd edildiyi kimi, mərhum X2 icarəyə verildiyi torpaq sahəsi barəsində mərhum X1 icarə hüququ qanunun tələb etdiyi qaydadadaşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslı olmamışdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2046/2022 saylı iş üzrə 19 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.