Məhkəmə qərarları › İş №2(104)-433/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-433/2023

10.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-433/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1759/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun və övladlarının mərhum X1 Şəmkir rayonunun, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işin baxılması üçün başqa hakimə verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1541/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə İddiaçı tərəfindən verilmiş və məhkəmə iclasına sədrlik edən hakim X9 tərəfindən özü-özünə verilmiş etirazlara baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-3148/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin işə baxan hakimi, (məhkəmənin sədri) X4 verilmiş etiraz və işə baxan hakim (məhkəmənin sədri) X9 tərəfindən özü-özünə verilmiş etiraz təmin olunması qərara alınmış və mülki işin baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1759/2022 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Şəmkir rayon, Dəllər qəsəbəsi, Dəllər kənd sovetliyi 2 №-li məntəqənin evlər idarəsinə məxsus olan 2 №-li evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia onunla əsaslandırılıb ki, o və X12 15 avqust 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Evləndikləri zaman o mərhum X1 Şəmkir rayonun Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış sahəsinə gəlin köçmüşdür. Birgə nikahlarından 22 iyun 2009-cu il təvəllüdlü X6 və 05 iyun 2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. 2008-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirməyə başlamışlar. Evin tikintisi və təmiri üçün bir neçə dəfə banka müraciətlər etmişlər. 2009-cu ildən etibarən keçmiş həyat yoldaşı ilə birgə həmin evdə yaşamışlar. Onun azyaşlı övladları da Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatdadır. Daha sonra isə X12 ilə ailədaxili mübahisələr yaranmış və 20 sentyabr 2016-cı ildə nikahları pozulmuşdur. Mülki iş materiallarında olan: Mənzil icarə müqaviləsindən görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Dəllər kənd sovetliyi 2 nömrəli məntəqənin evlər idarəsinə məxsis olan 2 nömrəli evin icarədarı X11 olmuşdur. Həmin müqavilə 1 yanvar 1970-ci ildə 9 il müddətinə bağlanılmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında bağlanılmış nikah 20 sentyabr 2016-cı ildə pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-557-2017 saylı qətnaməsindən görünür ki, 1900-cu ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuş, X2 X1 nənəsi olması faktı müəyyən edilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-212/2021 saylı qətnaməsi ilə, İddiaçı X1 mülkiyyətində olan Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-23338/2021 saylı qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-212/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-108/2022 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 23338/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-582F, KOD 50400018 saylı şəhadətnamədən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X2 mülkiyyətinə Şəmkir rayonu Dəllər qəsəbəsində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının qeyd etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X2 mülkiyyətindədir. Sonuncu vəfat etdikdən sonra həmin evdə o və həyat yoldaşı yaşamışdır. İddiaçı isə həmin evə gəlin köçmüş və bir il yaşadıqdan sonra başqa evə köçmüşdür. Məhkəmə hansı qanuna əsasən 12 ildən artıq müddətə evdən çıxdığı yerə köçürülməsini əsaslandırmamışdır. Həmin ev mərhum ərinin nənəsinə məxsus olmuş və onun ölümündən sonra həmin ünvanda yaşayaraq mirası qəbul etmiş ərinin gözlənilən mülkiyyət hüququ olmuş evə köçürülməsi əsaslandırılmamışdır. Məhkəmə sübutları düzgün araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, o, hazırda mübahisə predmeti olan evdə yaşayır. Həmin ev ərinin nənəsi X5 məxsus olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədi olsa da, üzərində ki, tikilinin heç bir sənədi yoxdur. İddiaçı onun oğlu ilə evləndikdən sonra 2008-ci ildə ərinin nənəsinə məxsus olan evə gəlin köçmüşdür. Daha sonra isə 2009-cu ildə oğlu ilə gəlini birlikdə başqa yaşayış sahəsinə köçmüşlər və 7-8 il müddətində həmin evdə yaşamışlar, lakin iddiaçının onun oğlu ilə aralarında yaranmış münaqişəyə görə 2016-cı ildə ayrılmışlar və həmin ildə də, nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçının başqa yaşayış sahəsi vardır və hazırda da özünə məxsus ev inşa etdirir. İddiaçı on ildən çoxdur ki, mübahisəli evdən çıxmış və həmin evdə yaşamır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, o, X12 15 avqust 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra mərhum X1 Şəmkir rayonun Dəllər qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və 2010-cu ilədək orada yaşamışdır. Daha sonra isə 2010-cu ildən keçmiş əri ilə birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına inşa etdirdikləri evə köçərək orada yaşamağa başlamışlar. 2016-cı ildə keçmiş əri Elbəy Rüstəmovla aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Hazırda atasının evində qeydiyyatda olmaqla orada yaşayır. Lakin atası evində yaşamaq ona çətindir. Ona görə də, oğlu ilə birlikdə mübahisəli evə köçmək istəyir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 2008-ci ildə cavabdehin oğlu X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı ailə qurduqdan sonra cavabdehin istifadəsində olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı keçmiş əri Elbəy Rüstəmovla ilə birlikdə 2010-cu ilədək mübahisəli evdə yaşamış. Daha sonra isə 2010-cu ildən keçmiş əri ilə birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına inşa etdirdikləri evə köçərək orada yaşamağa başlamışlar. 2016-cı ildə keçmiş əri Elbəy Rüstəmovla aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Hazırda iddiaçı atasının evində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra 2008-ci ildə köçdüyü Şəmkir rayonunun, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli ev 1970-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Dəllər kənd sovetliyi 2 nömrəli məntəqənin evlər idarəsinə məxsus olan 2 nömrəli evin icarədarı cavabdehin nənəsi X8 9 il müddətinə icarəyə verilmiş, daha sonra isə Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Dəllər qəsəbəsində 0,06 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. X10 vəfat etdikdən sonra o, məhkəmə qətnaməsi ilə cavabdeh X1 nənəsi olması faktı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-212/2021 saylı qətnaməsi ilə, İddiaçı X1 mülkiyyətində olan Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-23338/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-108/2022 saylı qərarı ilə apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının köçmək istədiyi ev dövlət mənzil fonduna aid olduğundan və iddiaçı mübahisəli evə 2008ci ildə köçdüyündən tərəflər arasında yaranmış mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51 və 53-cü maddələri tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı 2008-ci ildə cavabdehin oğlu X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı ailə qurduqdan sonra cavabdehin istifadəsində olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı keçmiş əri Elbəy Rüstəmovla ilə birlikdə 2010-cu ilədək mübahisəli evdə yaşamış, daha sonra isə o, 2010cu ildən keçmiş əri ilə birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına inşa etdirdikləri evə köçərək orada yaşamağa başlamışlar. 2016-cı ildə keçmiş əri Elbəy Rüstəmovla aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Hazırda iddiaçı atasının evində qeydiyyatda olmaqla orada yaşayır. Həmçinin işin mübahisəsiz halıdır ki, mübahisəli ev cavabdehin nənəsi X5 1970-ci ildə icarəyə verilsə də, sonuncunun vəfatından sonra həmin evdə cavabdeh və onun ailə üzvləri yaşayaraq evdən onlar isitifadə etmişlər. Hazırda da, mübahisəli ev cavabdehin və onun ailə üzvlərinin istifadəsindədir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2008-ci ildən yarandığına və mübahisə olunan ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığına görə, birinci instansiya məhkəməsi xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmasına dair düzgün nəticəyə gəlsə də, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunverijilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar mövcuddur. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı A. Hüseynova mübahisəli evdən 2010-cu ildə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getmişdir. Kollegiya hesab edir ki, iddiaçının köçüb getdiyi vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpası üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)- 1759/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1759/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar