Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-439/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)- 767/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarına əsasən 2008-ci il dekabrın 25-də X4 kitabında 160 nömrə ilə uçota alınmış A seriyalı 087736 saylı “X5 və Ölçüsü” sənədinə əsasən verilmiş 1156.76 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-767/2022 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-767/2022-ci saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarına əsasən Gədəbəy rayonunun Yenikənd kəndində 2008-ci il dekabrın 25-də X4 kitabında 160 nömrə ilə uçota alınmış A seriyalı 087736 saylı “X5 və Ölçüsü” sənədinə əsasən 1156.76 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir və onun torpaq sahəsindən istifadəsinə maneələr yaratmışdır. Onun hüquqları cavabdeh tərəfindən pozulur. Bu barədə bir çox aidiyyatı orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də, məhkəmə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, ona Gədəbəy rayonunun Yenikənd kəndində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarına əsasən 2008-ci il dekabrın 25-də X4 kitabında 160 nömrə ilə uçota alınmış A seriyalı 087736 saylı “X5 və ölçüsü” ilə 1156.76 kv.m yəni 12 sota yaxın həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin hamısıııı iş üzrə Cavabdeh qanunsuz olaraq zəbt edib. Hazırda sözügedən torpaq sahəsindən istifadə edə bilmir. O, cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsə də o, buna məhəl qoymur. Onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Cavabdehin belə etməsi davamlı olaraq mübahisələrə səbəb olur. İşə baxarkən bunların nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsinin hakimi isə bunların heç birini nəzərə almadı. Məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilməmişdir. Qətnamə qəbul olunarkən mülki məhkəmə icraatının vəzifələri pozulmuş, ədalət mühakiməsi tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmiş, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olunmuş, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. P0rosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan A № 087736 nömrəli X5 və Ölçüsü Sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli qərarı ilə X2 Gədəbəy rayonunun Yenikənd kəndində 1156.76 kv.m həyətayanı torpaq sahəsi verilmişdir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrində **********86-10301 nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, Üzeyir Hacıbəyli küçəsində bələdiyyə mülkiyyəti olan 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinin 8/11 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan daşınmaz əmlakın dövlət reyestrində **********78 nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən 0.1644 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respуblikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Tоrpаq Мəcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında tоrpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddia tələbini təmin etməmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı ona məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən tutulması halını sübut edə bilməmişdir. Ona görə də, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş hüququdur. Lakin bu zaman müəyyən olunmalı hal mülkiyyətçiyə (hazırkı halda iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin hansısa hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunmasının müəyyən edilməsidir. Bunun üçün isə əvvəlcə iddiaçı ona məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən tutulması halını sübut etməlidir. İddiaçı isə bu halı sübuta yetirə bilməmişdir. Çünki işdən iddiaçı ona məxsus torpaq sahəsindən iddiaçının istifadə etdiyini və ya da ona məxsus torpaq sahəsindən istifadə etməsinə cavabdehin maneçilik göstərdiyini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayətinin cavabdehin onun torpaq sahəsini qanunsuz zəbt etməsi, onu torpaq sahəsindən istifadə etməsinə imkan verməməsi kimi dəlili ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Ona görə ki, birincisi iddiaçının özünün bildirdiyindən görünür ki, cavabdeh hazırda Gədəbəy rayonunda yox, Respublikanın hüdudlarından kənarda yaşayır. Digər tərəfdən mülkiyyət hüququna dair çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi bələdiyyə torpağında yerləşir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-767/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-439/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-439/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver