Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-44/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı qanunsuz hərəkətlərinə son qoyulması, onun mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və s. tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, “torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-225/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayon Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 552222 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin hüquq subyekti İddiaçı1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********81, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayon Cəyirli kəndində yerləşən 0.2 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayon Cəyirli kəndində yerləşən 0.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2061 saylı eksert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsinin kadastr üzrə baş mütəxəssisi Xəyyam Salahovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq islahatı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən "xxxx" adına X4 Kompleks yerquruluşu xəritəsi əsasında hazırlanmış bölgü layihəsi ilə faktiki sahələrin ölçüləri (konfiqurasiyası) arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahələrinin koordinatları ilə faktiki sahələr (natura) arasında böyük fərqlər vardır. Lakin vətəndaşlara sənədlər hüquqi sənəd olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ları əsasında verilmişdir. Cavabdeh Şamil Qaraxan oğlu "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq yerləşmişdir. Faktiki istifadə edilən sahənin uzunluğu 14.9 metr artıq olduğu müəyyən edildi. Mübahisənin predmeti olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini müəyyən edərkən sözügedən torpaq sahəsinin şimaldan eni 11.6 metr, şərqindən 43.6 metr, cənubdan 11.5 metr və qərbdən 43.6 metr olmaqla 0.05 ha torpaq sahəsi alqı-satqı yolu ilə qeydiyyata alınmışdır. Faktiki sahənin şimaldan eni 11.6 metr, şərqindən 26.8 cənubdan 11.96 metr və qərbdən 22.6 metr olmaqla 0.0258 ha torpaq sahəsi sənəd üzrə verilmiş əraziyə düşür. Qalan 0.0242 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsində olan torpaq çatışmazlığı səbəbindən uyğunsuzluq nəticəsində yerində araşdırılması mümkün olmamışdır. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, onun mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və onun tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikililərin öz hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Cəyirli kəndində yerləsən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Dövlət qeydiyyatına alınmışdır. Mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış çıxarılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən AAN0552222 saylı Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Mülkiyyətinə verilmiş Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh1 zəbt edərək həmin torpaq sahəsində tikililər inşa etmişdir. Dəfələrlə tələb etməyimə baxmayaraq Cavabdeh1 ona məxsus zəbt etdiyi 0,03 ha torpaq sahəsini inşa etdiyi tikililəri sökərək özünə qaytarmaqdan imtina edir. Hesab edir ki, Cavabdeh1 qanunsuz zəbt etdiyi mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və onun tərəfindən inşa edilmiş tikililər sökülərək torpaq sahəsi Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərildiyi kimi özünə qaytarılmalıdır. Bu barədə Cəyirli Bələdiyyəsinə və Güloğlular kənd icra Nümayəndəsinə müraciət etsə də bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-225/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh1 qarşı iddia qaldırsa da, əslində iddia etdiyi torpaq sahəsi X5 məxsusdur. Qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından iddiaçının iddiası təmin oluna bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Cəyirli kəndi ərazisində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh1 tərəfindən həmin torpaq sahəsi zəbt olunmuşdur. Sonradan Cavabdeh1 həmin mübahisəli torpaq sahəsini qanunsuz olaraq başqa şəxsə satmışdır. Hazırki mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq həmin torpaqda qanunsuz tikililər inşa edilmişdir. Həmin torpaq sahəsində qanunsuz tikililər inşa edildiyindən torpaqdan təyinatı üzrə istifadə edə bilməmiş, mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbini əsaslandırarkən məhkəmə tikinti texniki ekspertizasının vermiş olduğu rəyi əsas götürmüşdür. Lakin həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, onun torpaq sahəsinin koordinatları DƏDRX-nin 7 saylı ərazi idarəsi tərəfindən verilmiş torpağın plan və ölçü sənədində aydın göstərilmişdir. Torpağın hüdudlarını müəyyən edən koordinatlar olmasına baxmayaraq ekspert mütəxəssis rəyinə əsaslanaraq onun mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyi və bu torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməməsi ilə bağlı rəyi mülkiyyət hüququna dair normaları pozmuşdur. Ona görə də işə apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar araşdırılmalı və komission qaydada ekspertiza təyin edilməklə onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları müəyyən edilməli, X6 cavabdeh qismində işə cəlb edilməklə işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməlidir. Cavabdeh1 ilə X6 arasında bağlanmış alğı-satqı müqaviləsi və sonuncunun adına verilmiş çıxarış ona təqdim edilmədiyi üçün cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi üçün məhkəmədə vəsatət qaldıra bilməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbi təmin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun torpağını Cavabdeh1 zəbt etmiş və ona qarşı iddia qaldırıldıqdan sonra həmin torpaq sahəsini X1. E.Əmrahovun əlində olan çıxarış saxtadır, hansı yolla əldə etdiyi ona məlum deyildir, torpağında olan yarımtikili isə E.Əmrahova satılmışdır. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İddia tələbindən məlum olur ki, İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, onun mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikililərin öz hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, tələb düzgün olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməmişdir. Hazırki apellyasiya şikayətində iddiaçı məhkəmə tərəfindən nəzərə alınan tikintitexniki ekspertizanın mötəbər sübut kimi qiymətləndirilə bilməməsini, X2 cavabdeh qismində işə cəlb edilməklə işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, məhz o, cavabdehin çıxarılmasını və müvafiq tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsinin mülkiyyətində olduğunu, həmin sahənin hazırki cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Baxılan işdə çıxarılması tələb olunan torpaq sahəsinin cavabdehin deyil, X2 istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir və bu işin mübahisə olunmayan halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli 10/658 saylı ekspert rəyindən görünür ki, iddiaçının sənəd üzrə aldığı 0.05 ha torpaq sahəsinə hazırlanmış çıxarış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun qüsurlu hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirildiyini əsas tutaraq, çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi JN-168 nömrəli torpaq sahəsi ilə mülkiyyətə verilmiş 1.84 ha torpaq sahəsindən alındığından, TEKUİS məlumat bazasında mövcud JN-168 nömrəli dövlət aktındakı torpaq sahəsinin koordinatlarına uyğun, naturada göstərilməsi mümkündür. TEKUİS məlumat bazasında mövcud JN-168 nömrəli dövlət aktındakı torpaq sahəsindən İddiaçı1 tərəfindən notarial qaydada alınmış 0.05 ha torpaq sahəsinin koordinatlarına əsasən 0.0067 ha hissəsi, digər şəxs X2 istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh1 göstərmiş, tələbini ona qarşı yönəltmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlərlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi halına qiymət verərək qeyd edir ki, MPM-in 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bundan başqa cavabdehin əsl cavabdehlə əvəzlənməsinin apellyasiya instansiya məhkəməsində həyata keçirilməsi şəxsin birinci instansiya məhkəməsində icraatın itirmilməsinə, sübutların təqdim edilməsi və digər hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına gətirib çıxarar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-225/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov