Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-441/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (məruzəçi hakim), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “vərəsəliyin müəyyən edilməsi, mirasın tam olaraq mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(023)-1011/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 19 aprel 1973-cü il tarixdə vəfat etmiş babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.84 kv.m olan evə və 10 mart 1988-ci il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan evə dair vərəsəliyin müəyyən edilməsi, mirasın tam olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 aprel 1973-cü il tarixdə vəfat etmiş miras qoyan iddiaçının babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.84 kv.m olan ev qalmışdır, bu evə dair 28 iyun 1987-ci il tarixdə texniki pasport tərtib edilmişdır, buna dair 1963-cü il tarixə torpaq qeydi vardır. 10 mart 1988-ci il tarixdə vəfat etmiş miras qoyan X2 miras olaraq həmin ünvanda ümumi sahəsi 100 kv.m olan ev miras qalmışdır, 29 may 1987-ci il tarixdə texniki pasport tərtib edilmişdir, buna dair 1963-cü il tarixə torpaq qeydi vardır. Miras qalmış əmlakları 13 avqust 2003-cü il tarixdə vəfat etmiş X11 qəbul etmiş, o vəfat etdiyi vaxtdan bu günədək mirasa iddiaçı sahiblənərək idarə etmişdir. X1 Eminova vəsiyyətnamə vermişdir. Akif Eminovun vəfatından sonra bu əmlakı iddiaçı idarə etmiş, ev və onun həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Cavabdeh mirası qəbul etməmişdir. Əmlakı iddiaçı varis olaraq idarə və istifadə edərək sahiblənmişdir. İddiaçı yeganə varis olaraq miras qoyanlarla birgə yaşayıb təsərrüfatı idarə etmişdir. Qazax Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(023)-1011/2022 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək İddiaçı 19 aprel 1973-cü il tarixdə vəfat etmiş babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.84 kv.m olan evə və 10 mart 1988-ci il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan evə dair vərəsəlik hüququnun tanınması və miras qalmış 14 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan evə dair mülkiyyət hüququnun tam olaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi Qazax Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(023)-1011/2022 saylı qətnaməsinin “ ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan evə dair mülkiyyət hüququnun tam olaraq İddiaçı verilməsi” hissəsindən narazı qalaraq qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də onun vəkili (nümayəndəsi) hər biri ayrıayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(023)-1011/2022 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin tətbiqində səhvə yol verərək, işə mahiyyəti üzrə baxaraq mülki mübahisənin həllinə dair qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı məhkəmədən kənar qanunla müəyyən edilmiş qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk öncə onu vurğulamağı zəruri hesab edir ki, iddia tələbində iddiaçı 19 aprel 1973-cü il tarixdə vəfat etmiş babası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.84 kv.m olan evə və 10 mart 1988-ci il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan evə dair vərəsəliyin müəyyən edilməsi, mirasın tam olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsinin məzumunundan, işin hallarından görünür ki, iddiaçı əslində baba və nənəsindən miras qalmış yuxarıda qeyd olunan əmlaklar üzərində vərəsəlik qaydasında payının müəyyən edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiçının tələbi ilə bağlı hər hansı ixtilaf mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının işə cavabdeh qismində cəlb etdiyi qardaşı X12 birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə teleqram ünvanlayaraq müraciətində iddia tələbinin təmin olunmasını xahiş etmiş, eləcə də, kollegiyanın iclasında o iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında vərəsəliklə bağlı hər hansı mübahisə yoxdur. Digər tərəfdən iş materialları və iddiaçının izahatından görünür ki, o hazırkı məsələnin həlli ilə bağlı müvafiq notariat ofisinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Ona görə də, kollegiya hesab edir ki, hazırkı halda tələbə məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konsitutsiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, miras şərikləri arasında əmlakların bölüşdürülməsi barədə ixtilaf mövcud deyildir, iddiaçının baba və nənəsindən miras qalmış yuxarıda qeyd olunan miras əmlakları ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müvafiq notariat ofisinə müraciət etmək hüququ vardır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Bu baxımdan məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, hazırkı mübahisənin məhkəmədən kənar həlli qaydası müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən, qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddisaçıya izah edilməlidir ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməli, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildikdə isə, həmin tələblə bağlı müvafiq məhkəməyə müraciət bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(023)-1011/2022 saylı qətnaməsi ləğv edilsin. İddia baxılmamış saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-441/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-441/2023
14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver