Məhkəmə qərarları › İş №2(104)-445/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-445/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-445/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsindən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 7 mart 1992- ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddianın təmin edilməsi, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 mart 1992-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evi ilə qonşudurlar. İddiaçı həmin sadə yazılı əqdə əsaslanmaqla guya M.Moskvinə məxsus olmuş 0,25 ha torpaq sahəsini artıq özünün mülkiyyəti hesab edərək onlara qarşı torpaq sahəsinin 0,03 ha hissənin zəbtdən azad edilməsi barədə iddia qaldırmış, lakin müvafiq sübutları olmadığından iddiası rədd olunmuşdur. Bundan nəticə çıxarmayan iddiaçının arvadı Maisə Əliyevanın torpaq sahəsini sahiblənməsinə və hasarı uçurmasına görə ondan Polisə şikayət etmişdir. Ancaq iddiaçı hazırkı qətnamə ilə almış olduğunun təsdiq edildiyi məlum torpaq sahəsinə mülkiyyətçi olduqdan sonra onlara qarşı torpağın zəbtdən azad edilməsi tələbi ilə yenə də iddia qaldıracaqdır. Gədəbəy Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsi ilə bağlanmış hesab etdiyi xx.xx.1992-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsi qanuna zidd əlamətlərə malik olduğu halda, məhkəmə həmin əqdin bağlanmış hesab olmasını heç bir halda qət etməməli idi. Bir sözlə, müqaviləyə qanuni əsaslarla tərtib edilmiş olsa belə, həmin müqavilənamədə 0,25 ha həyətyanı torpaq sahəsinin satılması qeyd edilməmişdirsə, Moskvin Mixayıl adlı şəxs həmin 0,25 ha torpaq sahəsini hansı əsasla iddiaçıya satmış hesab edilə bilər? Bundan başqa, Novoivanovka kənd üzrə İƏD-nin Nümayəndəsinin məhkəməyə təqdim etdiyi müvafiq arayışında Novoivanovka kənd sakini olmuş Mixayıl Moskvinin istifadəsində olmuş 0,25 ha həyətyanı torpaq sahəsinin sadə yazılı formada tərtib edilmiş müqavilənamə əsasında İddiaçı satılmasını qeyd etməsinə baxmayaraq, 1992-ci ildən respublikada torpaq islahatı aparılan 1996-cı ilədək iddiaçının istifadəsində olmasını təsdiq edən Nümayəndə, nəyə görə həmin torpaq sahəsinin kənd təsərrüfatıbaşına kitabında iddiaçının adına rəsmi qeydiyyat aparmış olsa idi, torpaq islahatı zamanı həmin torpaq sahəsinin iddiaçının mülkiyətinə verilməsinə dair müvafiq şəhadətnamə tərtib edilərdi. Beləliklə, şərh edilmiş əsaslarla hesab edirlər ki, mübahisəli 0,25 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı Novoivanovka kənd Bələdiyyəsinin mülkiyyətinə verilməsinə görə, heç bir halda məhkəmənin məlum qətnaməsi ilə iddiaçı tərəfindən satın alınmış hesab edilə bilməz. Həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasına dair 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən təqdim edilmiş rəyinə heç bir hüquqmüəyyənedici sənədin əlavə edilməməsi bəhanəsi ilə həmin torpağın bələdiyyə mülkiyyəti hesab edilməmiş, Novoivanovka kənd Bələdiyyəsinin təqdim etdiyi arayışa əsaslanmaqla mübahisəli torpaq sahəsinin 1992-ci ilədək Moskvin Mikayılın mülkiyyətində olmasını və iddiaçıya satmasını mötəbər sübut hesab etməklə həmin alqı-satqını bağlanmış hesab etmişdir Ona görə ki, məlum torpaq islahatına əsasən islahat zamanı vətəndaşların şəxsi mülkiyyətlərinə və dövlət mülkiyyətinə verilmiş torpaqlar çıxıldıqdan sonra qalan torpaqların müvafiq bələdiyyə mülkiyyətlərinə aid olması artıq Torpaq İslahatı haqqında qanunvericiliklə təsbit edilməsini məhkəmə əsassız olaraq nəzərə almamışdır. Mübahisələndirilən müqavilədəki fərdi yaşayış evinin satılmış olmasını da məhkəmənin hesab etməsini əsassız hesab edirlər. Ona görə ki, əvvəla həmin fərdi yaşayış evi müqavilədə satıcı kimi imza edən Moskvin Mixayıla aid olmamış, orada qeyd olunduğu kimi anasına məxsus olmuş, həmin evin hüquqi qeydiyyatı olmamış, həmçinin evin anasının adından satılmasına dair imza atan Moskvin Mixayıla hər hansı etibarnamənin verilib-verilməməsi barədə nə müqavilədə, nə də iddiaçının iddiası üzrə iş materialında heç bir məlumatın olmaması halı da həmin müqavilənin qanuna zidd olmasını bilavasitə təsdiq edir. Məhkəmənin məlum qətnaməsi ilə alqı-satqısı bağlanmış hesab edilən müqavilə ilə guya satılması nəzərdə tutulan 0,25 ha həyətyanı torpaq sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq torpaqayırma qaydalarına əsasən ayrılması, kordinatlarının məlum olması heç bir hüquqi sənədlərlə öz təsdiqini tapmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2917/2023 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddianın predmetini təşkil etmiş torpaq sahəsi ilə bağlı iddiaçı ilə apellyasiya şikayəti verən şəxslər arasında mübahisə vardır.Digər məhkəmə mübashiəsləri üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin məzmunundan işin bu halı aydın şəkildə müəyyən olunur. İş materialları ilə müebahisəli torpaq sahəsinin cavabdehə məxsusluğu müəyyən olunmur. Ona görə də, qətnamə apellyasiya şikayəti verən şəxslərin hüquq və vəzifələrinə toxunur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 907/2024 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmiş, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.R.Vəliyeva, hakimlər E.Ş.Yaquboviç və Ə.M.Xıdırovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(104)-907/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İş üzrə Cavabdeh (sonuncu qeydiyyat yeri üzrə) işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 izahatlarında göstərdilər ki, onlar hazırda iddiaçı ilə qonşu kimi barışımış və aralarında heç bir mübahsələri yoxdur. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası qaydasında DƏDRX-nin 11 saylı Əİ-nin mütəxəssisi tərəfindən hər iki torpaq sahəsinin koordinatları üzrə sərhədləri onlara tanıdılmış və İcra şöbəsi tərəfindən müvafiq akt tərtib edilmişdir. Hər iki torpaq sahəsinin sərhədlərinə dəmir arakəsmə və metal tor çəkilmişdir. Yəni hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi İddiaçı istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsidir. Ona görə, aralarında barışıq sazişinin bağlanılmasını xahiş etdlər. Gələcəkdə də iddiaçıya qarşı hər hansı tələbləri olmayacaqdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, həqiqətən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası qaydasında DƏDRX-nin 11 saylı Əİ-nin mütəxəssisi tərəfindən hər iki torpaq sahəsinin koordinatları üzrə sərhədləri onlara tanıdılmış və İcra şöbəsi tərəfindən müvafiq akt tərtib edilmişdir. Hər iki torpaq sahəsinin sərhədlərinə dəmir arakəsmə və metal tor çəkilmişdir. Hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi onun istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsidir və gələcəkdə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 qarşı hər hansı torpaq tələbi olmayacaqdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-907/2024 saylı qərardadı ləğv edilməli, qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MPM-in: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, apellyasiya instansiyası məhkəməsi işə baxarkən üçüncü şəxsə münasibətdə apellyasiya mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Bu baxımdan baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 hər hansı hüquqlarına və maraqlarına toxunan məsələ həll edilməmişdir. Qətnamə ilə barəsində iddiaçı və cavabdeh arasında əqdin bağlanmış hesab edilməsi müəyyən edilmiş fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair apellyasiya şikayəti verən şəxslərin hər hansı hüququ və tələbi mövcud deyildir. Apellyatorlar həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına və qonşuları olan iddiaçının onlara qarşı torpaq iddiasının olmasına və gələcəkdə də belə iddiaların ola biləcəyi ehtimalına istinad edərək bu qətnamənin onların marağına toxunduğunu iddia edir. Prossesual hüquq normalarının tələblərinə görə, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfindən mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipinin pozulmasına şərait yaratmış olur. Kollegiya qeyd edir ki, iddiaçı ilə qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 arasında hazırda hər hansı bir bir mübahisə yoxdur. Onların arasında olan əvvəlki mübahisənin isə hazırkı iddiaçının istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçının gələcəkdə belə iddiaların ola biləcəyi ehtimalı isə həmin şəxslərin məhkəmə aktı ilə hüquq və maraqlarına toxunan şəxslər kimi işə cəlb edilməsinə prosessual hüquqi əsas vermir. Digər tərəfdən, kollegiya qeyd edir ki, iddiaçı ilə həmin şəxslər məhkəmə kollegiyasının iclasında öz aralarında razılığa gələrək, gələcəkdə bir-birlərinə qarşı hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi üzrə hər hansı iddialarının olmayacağını bildirdilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-907/2024 saylı qərardadı ləğv edilməli, qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-907/2024 saylı qərardadı ləğv edilsin. Qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar