Məhkəmə qərarları › İş №2(104)-450/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-450/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-450/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməs tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-160/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014cü il 12 dekabr tarixli kredit müqaviləsi üzrə 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 784.40 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 1833.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 36297.55 ABŞ dolları borcun, 275.12 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-160/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1611-14 saylı kredit müqaviləsinə əsasən 15777.69 ABŞ dolları, faiz borcu 15789.5 ABŞ dolları, cərimə borcu 237.58 ABŞ dolları, 12 dekabr 2019-cu il tarixdən sonra illik 5%-lə 08 aprel 2022-ci il tarixə əldən çıxmış fayda 1832.05 ABŞ dolları, ümumilikdə cəmi 33636.82 ABŞ dolları (otuz üç min altı yüz otuz altı dollar səksən iki sent) borcun öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 275.12 manat dövlət rüsumunun və daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 33.900 (otuz üç min doqquz) manat müəyyən edilməsi, qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayı evini boşaltmaqla evi tərk etmələri, satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 qaytarılması, aparılmış ekspertiza tədqiqatlarının 250 (iki yüz manat) manatın dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməsi və 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, 250 (iki yüz əlli) manatın X1 Mərkəzi MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməyən əsas, faiz və illik 5 faiz əldən çıxmış fayda hissəsində tam təmin edilməsini xahiş etmişlər. Apellyasiya icraatı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə Heyyətinin sədri Anar Həsənov məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayətindən imtina etdiklərini və imtinanın nəzərə alınaraq mülki iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu ərizəsini apellyasiya şikayətindən imtina etmə olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-160/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar