Məhkəmə qərarları › İş №2(104)-454/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-454/2023

13.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-454/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X7 və cavabdehlər Cavabdeh1 Əziz oğlu, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 Əziz oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-2643/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 Əziz oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin istifadələrinə verilmiş Bərdə rayonu 866 ailəlik qəsəbədə 7 nömrəli binada 33 nömrəli mənzilə dair 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 Əziz oğlunu ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları və 866/7 nömrəli mənzil boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-2643/2022 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X8 arasında bağlanılmış 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi; Cavabdehlər Cavabdeh1 Əziz oğlu, X5, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 8-də yerləşən, 33 nömrəli mənzildən çıxarılması və Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 7-də yerləşən 33 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Əziz oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidnetinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 nömrəli Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daimi nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsindən müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 Əziz oğlu qaydanın tələbinə uyğun olaraq X2 Bərdə rayonundan məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 7 nömrəli binada 33 nömrəli, 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Bərdə rayon Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 Əziz oğlunun və ailə üzvülərinin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 Əziz oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun və ailə üzvlərinin iştirakları məhkəmə iclasında təmin edilməmiş və subutlara düzgün hüquqi qiymət verilməmişdir Məcburi köçkün kimi 2014-cü ildən mübahisəli evdə yaşayırlar və başqa yaşayış yerləri yoxdur. Övladı Cavabdeh4 xəstə olduğuna görə il ərzində bir necə dəfə uzun müddətli Bakı şəhərinə getməli olmuşlar, lakin digər övladı evdə tək qalmaması üçün qohumları ilə həmin mənzildə qalmışlar. Mübahisəli mənzil kirayə verilməmiş və bütün ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Mənzildən çıxarılmaları onun və ailə üzvlərinin evsiz qalmalarına və çətin vəziyyətə düşəcəklərinə səbəb olacaqdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Əziz oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli yaşayış sahəsinə dair müqavilə mərhum atası ilə bağlanmış və həmin mənzil onların istifadəsinə verilmişdir. Atası Əziz 21 yanvar 2021-ci ildə vəfat etmişdir. X6 ilə birgə nikahlarından iki uşaqları olmuş və həmin mənzilə onlarında adı qeyd olunmuşdur. Münasibətləri pisləşdiyindən 2020-ci ilin may ayında boşanmışlar. Lakin buna baxmayaraq hər ikisi, eləcədə uşaqları mübahisəli mənzildə yaşayırlar. Müəyyən vaxtlarda işləmək üçün, eləcədə qızının müalicəsi ilə bağlı 4-5 ay Bakı şəhərində olmuşlar və həmin vaxtlarda qohumlarının evində qalmışdır. Mübahisəli evi kirayə verməmişlər. Hal-hazırda da həmin mənzildə uşaqları və Olisya Abbasova yaşayır. Özü üsə müəyyən vaxtlarda Bakı şəhərinə işləməyə gedir, iş olmadıqda isə həmin mənzildə qalır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1la 2004-cü ildə ailə qurmuş və birgə nikahlarından iki uşaqları olmuşdur. Mübahisəli mənzil qaynatası Əzizin, eləcədə onların, yəni onun, keçmiş əri Ərşad və iki uşaqlarının istifadəsinə verilmişdir. Ailə münasibətləri pozulduğundan 05 may 2020-ci il tarixdə nikahları pozulmuşdur. İki uşağı ilə birlikdə hazırda mübahisəli evdə yaşayır, keçmiş əri Bakı şəhərində işləyir və hərdən gəlib uşaqlarına baş çəkir. X14 rayonunda kollecdə təhsil alır.Qızı Mədinənin müalicəsi ilə bağlı müvəqqəti Bakı şəhərinə getmiş, həmin müddətdə özü də kompüter kürsuna getmiş, qızının müalicə kursları, eləcədə özünün tədris kursu başa çatdıqdan sonra yaşadıqları mənzilə qayıtmışlar. Cavabdeh2 sonda məhkəmə kolelgoiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, araşdırma aparılmış və cavabdehlərin həmin yaşayış sahəsində yaşamadıqları, mənzildə kənar şəxsin qaldığı müəyyən olunmuşdur. Hazırda həmin mənzildə cavabdehlər özləri yaşayır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 21 yanvar 2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən X8 və ailə üzvlərinə Bərdə rayonu 866 yerlik 7 nömrəli binada yerləşən 33 nömrəlki mənzil kirayə verilmişdir. 10 mart 2022-ci il tarixli, 13 may 2022-ci il tarixli, 08 iyun 2022-ci il tarixli, 02 iyul 2022-ci il tarixli və 28 avqust 2022-ci il tarixli aktlardan görünür ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilmiş və X3 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68, 91, 96, 98, 99, 107 maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə, kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X8 arasında 21 yanvar 2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış və sonuncuya ailə üzvlərilə birlikdə müvəqqəti yaşamaları üçün Bərdə rayonu 866 yerlik 7 nömrəli binada yerləşən 33 nömrəli mənzil kirayə verilmişdir. Ailə üzvləri kimi Cavabdeh1 Əziz oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunmuşdur. X8 21 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Sonuncunun vəfatından sonra isə mənzildə oğlu Cavabdeh1 Əziz oğlu, sonuncunun keçmiş arvadı Cavabdeh2 və onlarin birgə nikahlarından anadan olmuş iki uşaqları yaşamışdır. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti isə cavabdehlərin həmin mənzildə yaşamamasını, mənzili başqa şəxsə kirayə vermələrini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkıəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 21 yanvar 2014-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Əziz Abbasov arasında bağlansada hazırkı iş üzrə cavabdehlərdə kirayəçinin ailə üzvü kimi göstərilmişdir. Cavabdeh1la Cavabdeh2 birgə nikahından anadan olmuş Mədinə adlı uşaqlarının xəstəliyi ilə bağlı Cavabdeh2 onu müalicə olunması üçün Bakı şəhərinə apardığı vaxtlarda, eləcədə Cavabdeh1 müəyyən vaxtlarda Bakı şəhərinə işləməyə getdiyi müddətlərdə mənzildə yaşamasalarda, lakin digər vaxtlarda mənzildə qalmışlar.Hal hazırda da mübahisəli mənzildə Cavabdeh2 və uşaqları yaşayır. Cavabdeh1 isə müəyyən vaxtlarda həmin mənzilə gələrək uşaqları ilə qalır. Həmçinin müəyyən olunur ki, cavabdehlərin istifadəsində və ya mülkiyyətlərində başqa mənzil yoxdur. Tərtib olunmuş aktlarda mübahisəli mənzilə baxış keçirərkən mənzildə kirayəşin yaşadığı göstərilsədə, lakin həmin mənzildə yaşayanların kimliyi (şəxsiyytini təsdiq edən qeydlər) barədə heç bir qeyd aparılmamışdır. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməmiş və iddia tələbini təmin etməklə əsassız nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)- 2643/2022 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-2643/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 Əziz oğlu, Cavabdeh2 Əşdər qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar