Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-459/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X15 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abdullayeva (Verdiyeva) Təranə Əzim qızına qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(066)-1059/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abdullayeva (Verdiyeva) Təranə Əzim qızına qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Tülallar kəndində yerləşən hazırda xx.xx.2021-ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X4 adına qeydiyyatdan keçmiş yaşayış evinə və torpaq sahəsinə dair mərhum X6 ilə aralarında 25 may 1996-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, eyni zamanda qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(066)-1059/2022 nömrəli qətnaməsi ilə (hakim: Ə.Kərimov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Abdullayeva (Verdiyeva) Təranə Əzim qızına qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 25 may 1996-cı ildə X6 ilə öz aralarında alğı-satqı müqaviləsi bağlayaraq Qəmər Verdiyevanın əri X2 miras qalmış Göygöl rayonu Tülallar kəndində 0.11 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.7 kv.m olan yaşayış evini və evin ətrafında olan 0.04 ha həyətyanı torpaq sahəsini 1800 manat pula almışdır. İddiaçı qeyd olunan yaşayış evinin alğı-satqısı ilə bağlı təsdiq edilməli olan əqdi tamamilə icra etmişdir. İddiaçı həmin əmlakı satıcıdan qəbul edərək vicdanlı sahib kimi 26 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Qəmər Verdiyeva vəfat edənə kimi, eləcə də onun ailə üzvləri bu sahibliyi hazırki vaxta qədər mübahisələndirməmişlər. Mübahisəli mənzil hazırda təsərrüfat başına olan kitabda iddiaçının adına qeyd olunub, həmin evə kommunal sayğaclar quraşdırılıb və həmin sayğaclar da iddiaçının adınadır. İddiaçı hazırda mübahisəli evi öz adına rəsmiləşdirmək istəsə də bu hüquqlarını həyata keçirə bilmir. Bu səbəbə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın rədd edilməsinə əsas mübahisəli mülkü satmaq üçün mərhum X3 müstəqil sərəncam vermək hüququnun olmaması göstərilib ki, bununla da məhkəmə düzgün nəticəyə gəlməmişdir. Mübahisəli mənzil mərhum X6 ilə mərhum X4 birgə nikah dövründə əldə etdikləri əmlakdır. Ona görə də müqavilə bağlanan zaman ən azından Qəmər Verdiyevanın mübahisəli mənzilə ½ payla mülkiyyət hüququ olmuşdur. Bundan başqa Əzim Verdiyev 01 mart 1994-cü ildə vəfat etmiş, o vəfat edəndən sonra Qəmər Verdiyeva ərinə aid hissədə mirası faktiki olaraq qəbul etmişdir. Hazırkı cavabdehlərin hamısı alğı-satqı müqaviləsi bağlandığı zaman azyaşlı olmuşlar. Bundan başqa məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edir ki, cavabdehlərdən Cavabdeh5 iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilməsi mümkün deyil. Etirafın məqsədi işin həqiqi hallarının gizlədilməsi məqsədi daşıyır. Onda sual yaranır ki, əgər tərəflər arasında razılaşma olursa, cavabdeh iddianı etiraf edərək qəbul edirsə, onda hansı həqiqi halın gizlədilməsindən söhbət gedir. Məhkəmə iclasında digər cavabdehlər də həqiqətən mübahisəli əmlaklara görə anaları Qəmərin iddiaçıdan 1 baş inək aldığını etiraf etdilər. Bundan başqa cavabdehlər evin atalarına məxsus olması, anaları Qəmərin evi satmaq hüququnun olub-olmaması barədə məhkəmə iclasında heç bir söz demədiyi halda məhkəmə qətnamədə qeyd edir ki, cavabdehlər “evin anasının adına deyil, atasının adına olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi”. Göründüyü kimi qətnamə məhkəmədə araşdırılan sübutlarla deyil, şəxsi fikirlə qəbul edilmişdir ki, bu da yolverilməzdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlərin atası 1994-cü ildə vəfat etmişdir. O, evi torpaq sahəsi ilə birlikdə 1996-cı ildə X1 1800 manata almışdır. 1 inək köhnə pulla 40 şirvan pul vermişdir. Həmin vaxtdan indiyədək orada yaşayır. Ev təsərrüfat başı kitabda onun adına qeyd olunmuşdur və evin sayğacları da onun adınadır. 1996-cı ildə evin ona satılması ilə bağlı akt və arayış da mövcuddur. Qəmər 2017-ci ildə vəfat etmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X15 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar 1993-cü ildən evdən çıxmış, ev boş olmuş, yayda 1-2 ay qalmışlar. İddiaçı 1996-cı ildə gəlib evə girmiş, sonradan çıxmamışdır. Anasının evi satmaq səlahiyyəti olmamışdır. Həmçinin iddiaçı anasına hər hansı pul verməmişdir. Sonradan onlar müvafiq sənədin alınması ilə bağlı Reyster Xidmətinə rəsmi müraciət etmişlər və evə hüquqmüəyyənedici sənəd almışlar. Hazırda çıxarışa əsasən mübahisəli torpaq sahəsi və ev atalarının adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişlər və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Abdullayeva (Verdiyeva) Təranə Əzim qızı heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, X9 və X7 nikahlarını 27 dekabr 1964-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Verdiyev, qadına isə Verdiyeva soyadları verilmişdir; Göygöl rayon Zurnabad kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 211908 nömrəli, 16 oktyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 mart 1994-cü ildə ölmüşdür; 25 may 1996-cı il tarixli əl yazısı ilə yazılmış möhürlə təsdiq edilməmiş İddiaçı, X6, X12 və X13 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X11 kəndində yerləşən evini və torpaq sahəsini 1800 manata Nəzifəyə satılması qeyd edilmişdir; Göygöl rayon İHB-nin Zurnabad kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 780636 nömrəli, 07 fevral 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 yanvar 2017-ci ildə ölmüşdür; 02 sentyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Tülallar kəndində 0.11 hektar torpaq sahəsində yerləşən 39.7 kvadratmetr olan xüsusi mülkiyyət növlü fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır; 02 sentyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.04 hektar xüsusi mülkiyyət növlü torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır; 25 yanvar 2020-ci il tarixli Tülallar kənd sakinləri Cavabdeh5, X12, X8, X14, Zurnabad kənd sakinləri X10, Cavabdeh3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum X5 məxsus Göygöl rayonu Tülallar kəndində yerləşən 1930-cu ildə tikilmiş, ümumi sahəsi 70 kv.m olan yaşayış evini mərhumun arvadı 31 yanvar 2017-ci ildə vəfat etmiş X6 1996-cı ildə sağlığında razılaşma yolu ilə Tülallar kənd sakini İddiaçı 1800 manata satmışdır və həmin ildən İddiaçı həmin evdə yaşayır; Göygöl Rayon İHB-nin Tülallar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli, 56 nömrəli arayışdan görünür ki, mərhum X5 məxsus Göygöl rayonunun Tülallar kəndində yerləşən evini 1996-cı ildə mərhumun arvadı X6 (xx.xx.2017-ci ildə vəfat etmişdir) sağlığında razılaşma yolu ilə Tülallar kənd sakimi İddiaçı satmışdır. Həmin ildən İddiaçı o evdə yaşamışdır və kommunal xərcləri ödəmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, maddi hüquq normaları kimi 01 mart 1964-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40, 41, 42, 43, 132, 152, 153, 228, 230-cu maddələrinə istinad etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hər hansı əqdin məhkəmə tərəfindən etibarlı hesab edilə bilməsi üçün ilk növbədə əqdi bağlamış tərəflərin həmin əqdi bağlamaq hüququ olmalıdır. Yəni hazırkı iş üzrə X3 mübahisəli əmlakı başqa şəxsə sata bilməsi üçün onun həmin torpaq sahəsi üzərində müstəqil sərəncam vermək hüququ olmalıdır. Hazırkı işdən isə görünür ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.11 və 0.04 ha mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.7 kv.m fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Yəni həmin şəxs mübahisə predmeti olan əmlakın tək mülkiyyətçisi olmuşdur. Qanunvericiliklə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsinin yalnız əşyanın mülkiyyətçisinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni, Göygöl rayonu Tülallar kəndində yerləşən 0.11 və 0.04 ha mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.7 kv.m fərdi yaşayış evi iddiaçı, eləcə də hər hansı başqa şəxsə satıla bilməsi üçün əmlakın mülkiyyətçisi bu barədə razılıq verməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli əmlakın mülkiyyətçisi X9 xx.xx.1994-cü il tarixdə, yəni tərəflər arasında qeyd olunan müqavilə bağlanandan əvvəl vəfat etsə də, mübahisəli əmlakla bağlı vərəsəlik işi açılmamış və mərhumun hüquqi varisləri müəyyən edilməmiş və mübahisəli əmlak X3 adına rəsmiləşdirilməmişdir. Hər bir halda X3 həmin əmlakı satmaq üçün səlahiyyəti olmamış və X4 digər vərəsələrinin də həmin əmlakın satılmasına razılıqları verilməmişdir. Beləliklə də, X3 həmin əmlakı üzərində təkbaşına sərəncam vermək hüququ olmamışdır. Bundan başqa, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli icraiyyə komitəsində qeydə alınmalıdır. Həmçinin, yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. İddiaçı tərəfindən mübahisəli əmlakın satış qiyməti ilə bağlı qeyri-dəqiq məlumat verilmiş, iddiaçı müvafiq torpaq sahəsini köhnə 1800 manata satıldığını bildirmişdir. Lakin yenə iddiaçı tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlər isə mübahisəli əmlak qarşılığında bir neçə inək verildiyini bildirmişlər. Məhkəmə xüsusilə qeyd etmişdir ki, tərəflər arasında heç bir yazılığı müqavilə və ya akt da olsa bağlanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və guya müqavilə olduğu qeyd edilən kağız heç bir dövlət orqanı tərəfindən möhürlənib təsdiq edilməmişdir. Məhkəmə cavabdeh Abdullayeva (Verdiyeva) Təranə Əzim qızı tərəfindən iddianın etiraf edilməsi ilə bağlı qeyd etmişdir ki, həmin etirafların məhkəmə tərəfindən qəbul edilməsi mümkün deyil. Belə ki, cavabdeh məhkəmədə iddiaçı və anası arasında alğı-satqı müqaviləsi bağlandığını, həmin alğı-satqı nəticəsində anasına iddiaçı tərəfindən pul və inək verildiyini bildirsə də, faktiki olaraq heç bir müqavilə bağlanmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hazırkı iddianın etiraf edilməsi işin həqiqi hallarının gizlədilməsi məqsədi daşıyır və etiraf kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Tərəflər arasında yaranmış münasibətlər 2000-ci ildən əvvəl yarandığına görə, mübahisənin həlli 1964-cü ilin mart ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları əsasında həll olunmalıdır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə görə, aşağıdakı əqdlər yazılı formada bağlanmalıdır: 2) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər. Həmin Məcəllənin 42-ci maddəsinə görə, əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin e`tibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinə görə, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Həmin Məcəllənin 132-ci maddəsinə görə, şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən, evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir. Evi sökməklə və ya başqa yerə köçürməklə satma hallarından başqa, kənd yerlərindəki yaşayış evi və ya digər tikinti, yalnız müəyyən edilmiş qaydada evin yanındakı torpaq sahəsi istifadə üçün verilmiş şəxsə, özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə görə, tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 153-cü maddəsinə görə, tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmalıdırsa, o həm tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, teleqram, telefonoqram və sairənin mübadiləsi yolu ilə bağlana bilər. Qanunda nəzərdə tutulan hallarda müqavilə, sifarişi və ya naryadı icra üçün qəbul etmək yolu ilə bağlana bilər. Həmin Məcəllənin 228-ci maddəsinə görə, alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cu maddəsinə görə, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: alğı-satqı müqaviləsi notariatda təsdiq edilməsi və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınması. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, X6 həmin əmlakların mülkiyyətçisi olmadığından onun həmin əmlaklara dair sərəncam vermək və ya digər hüquqları olmamışdır. Həmçinin, iddiaçı ilə X6 arasında daşınmaz əşyaların alğı-satqısı barədə notariatda təsdiq edilmiş və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmış müqavilə mövcud deyildir. Digər tərəfdən mübahisəli mənzilin X6 ilə X4 birgə nikah dövründə əldə etdikləri əmlak olması və müqavilə bağlanan zaman ən azından X3 mübahisəli mənzilə ½ payla mülkiyyət hüququ olması ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası cavabdeh Abdullayeva (Verdiyeva) Təranə Əzim qızı tərəfindən iddianın etiraf edilməsi ilə bağlı qeyd edir ki, digərlərinin hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən həmin etiraf məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iclasında digər cavabdehlərin də həqiqətən mübahisəli əmlaklara görə anaları Qəmərin iddiaçıdan 1 baş inək aldığını etiraf etməsi, evin atalarına məxsus olması, anaları Qəmərin evi satmaq hüququnun olub-olmaması barədə məhkəmə iclasında heç bir söz demədiyi halda məhkəmə qətnamədə qeyd etdiyi cavabdehlər “evin anasının adına deyil, atasının adına olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının bu dəlili də əsassızdır. Ona görə ki, iş materiallarına nəzər saldıqda həmin xüsusatların məhkəmə iclas protokolunda əks olunması müəyyən olunmur, həmçinin iddiaçı tərəfindən həmin hissələr ilə bağlı protokola hər hansı qeydlər verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Göygöl rayonu, Tülallar kəndində 0.11 hektar torpaq sahəsində yerləşən 39.7 kvadratmetr olan fərdi yaşayış evi və Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.04 hektar torpaq sahəsi 02 sentyabr 2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlaklar X4 mülkiyyətindədir və həmin əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilmədiyindən, tələbin digər hissəsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(066)-1059/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(066)-1059/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-459/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-459/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver