Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-463/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(023)- 1172/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı qızı X4 ilə birlikdə Qazax rayonu, Canallı kəndində yerləşən, Cavabdeh istifadəsində olan 4 otaqlı evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 11 avqust 2007-ci il tarixdə el adəti ilə evlənərək, 17 aprel 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 iyun 2008-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 2(104)-1240/2011 saylı qətnaməsinə əsasən cavabdehdən ayda 40 manat sabit pul məbləğində aliment və 25 manat məbləğində əlavə xərcin tutulub ona ödənilməsi qət edilməsinə baxmayaraq, cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş alimenti ödəmir. Qızının çox ciddi psixoloji və nevroloji xəstəlikləri vardır, lakin cavabdeh bir valideyn kimi uşağının saxlanmasında və müalicəsində iştirak etmir. Cavabdehlə ailə qurarkən cavabdehə və onun valideynlərinə məxsus Qazax rayonu, Canallı kəndində yerləşən evə gəlin köçmüşdür və qızı Nuray da həmin evdə doğulmuşdur. Cavabdeh onu və uşağını gəlin köçdüyü və sonradan tikdirdikləri evdən qovmuşdur. Onun qızı ilə birlikdə yaşamağa yeri yoxdur. Cavabdehlə yaşadığı müddətdə də valideynləri onun və qızının bütün zəruri xərclərini, hətta tikdirdikləri digər evin bir sıra xərclərini də ödəmişlər. O, həmin mübahisəli evdə yaşamaq hüququna malikdir və həmin hüquqdan məhrum edilə bilməz. Qazax Rayon Məhkəməsinin 2(023)-1172/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi rədd edilmişdir. İşdə olan sübutlar: Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2011-ci il tarixdə pozulmuş, bu barədə 71 saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra ərə Kərimov, arvada isə Əzizova soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Qazax rayonu, Hüseynbəyli kəndində JN127A nömrəli dövlət aktı ilə 1.98 ha kənd təsəttüfatı təyinatlı torpaq sahyəsi qeyd edilmişdir. Eyni zamanda Cavabdeh adına Qazax rayonu, Canallı kəndində Qazax rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə JN-JN 63A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri. Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(023)-1172/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə 11 avqust 2007-ci il tarixdə el adətiylə evlənmiş, 17 aprel 2009-cu il tarixdə nikahılarını rəsmiləşdirmişlər. Nikahlarından 11 iyun 2008-ci il tarixdə X4 doğulmuşdur. O, cavabdehlə ailə quran vaxtdan evdən döyülüb, çıxarıldığı vaxta kimi üçünün yaşadığı Qazax rayonu, Canallı kəndində yerləşən evdə bərabər yaşamışlar. Həmin evi onlar birgə nikah dövründə onların və iddiaçının valideynlərinin maddi köməyi ilə tikdirmişlər. Həmin evin otaqlarının döşəməsinin, tavanının bütün materiallarını onun valideynləri alıb vermiş, 800 ədəd mişar daşını və ustanın pulundan 200 manatı da, hamamın tavan materialını, şifer, döşəmənin malyar işinin bütün materialını, elektrik işinin materiallarını hamamın su qızdırıcısını, moykanı, su krantlarını və darvazanın listlərini və digər şeyləri, hətta ustanın yemək xərclərini də anasıgil qarşılamış və vermişdir. Onlar cavabdehlə birlikdə həmin evi qurub, yaratmışılar, təsərrüfatı bərabər idarə etmişlər və sonda isə xəstə qızı ilə evdən qovulmuşlar. Cavabdeh hər dəfə içib, başını itirəndə onlara mənəvi işgəncələr vermiş və haqlarını əllərindən almış və tikib, yaratdığı evdən onları çıxartmış və məhkəmə də onun tərəfini saxlamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərkən, qeyd etmişdi ki, "bəli, həmin evi bərabər tikmişlər və orada yaşamışlar". Ancaq nədənsə, məhkəmə dəfələrlə onun tələbinə baxmayaraq, cavabdehi məhkəməyə gətirməmiş və həmin verdiyi ifadəni eyni gündə keçirilmiş izahatı protokola qeyd etdirməmişdir. Cavabdehin etirafı olduğu halda, hakim ondan digər sübut tələb etməsini qətnaməsində yazmışdır. Cavabdehin etirafından üstün nə sübut ola bilər ki? Bundan başqa köçürülməyini tələb etdiyi evin özbaşına tikili olmasını və heç kimin mülkiyyətində olmamasını və iş materiaları və digər sübutlarla, ən əsası cavabdehin etirafı ilə təsdiq edilmiş mötəbər sübutlara hakim düzgün hüquqi qiymət verməmişdir. O, evdən döyülüb, qovulanana kimi həmin evdə bərabər yaşamış və bərabər təsərrüffatı idarə etmişlər. Məhkəmə iddia tələbini təmin etməməkdə haqqlı olmamış, ədalətsizliyə yol vermişdir. O, cavabdehlə bərabər həmin təsərrüfatı idarə etmiş, həmin evdə uşaq böyütmüş, ailə kimi yaşamışlar. Həmin evdə onun, valideynlərinin və uşağının çox böyük əməyi vardır. Məhkəmə iddiamı rədd edərkən cavabdehin formal mülahizələrinə əsaslanmış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 2011-ci il tarixədək cavadbehin valideynləriə məxsus evdə yaşamış, 2011-ci ildə nikahları pozulduğundan çıxıb ata evinə getmişdir. 2013-cü il tarixdə isə barışdıqlarından yenidən cavabdehin valideynlərinə məxsus evə köçmüş və elə həmin ildə cavadbehlə birlikdə yeni ev inşa edərək həmin evə köçmüş və 2022-ci ilə kimi həmin evdə yaşmışlar. Köçmək istədiyi ev cavabdehlə birgə inşa etdikləri evdir. Həmin ev 0,04 ha torpaq sahəsində yerləşir. Həmin ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Cavabdehə məxsus 0,08 ha torpaq sahəsi isə başqa torpaq sahəsidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddiaçının köçməsini tələb etdiyi evin iddiasına əsasən 2013-cü il tarixdə inşa edilməsi və tərəflər arasında nikahın isə 2011-ci il tarixdə pozulması nəzərə alındıqda mübahisəli evin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşa edilməsi istisna olunmaqdadır. Hazırkı halda tərəflər arasında yalnız evin birgə vəsait hesabına inşa edilməsi ilə əlaqədar gözlənilən ümumibirgə mülkiyyət hüququ ilə bağlı mübahisə ola bilərdi ki, hazırkı mübashisənin predmeti də bununla bağlı olmamışdır. Buna görə də məhkəmə kolegiyası mübahisəli evin iddiaçının və ya cavadbehin vəsaiti, o cümlədən onların hər ikisinin vəsaiti hesabında inşa edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsini qanuni hesab etməmişdir. İddiaçının iddiası isə yalnız mübahisəli ev ümumibirgə mülkiyyət hesab edildiyi halda əsaslı hesab oluna bilərdi. İddiaçının köçürülməsini tələb etdiyi ev, nikah pozulduqdan sonra tərəflərin birgə yaşadıqları dövrdə, yəni 2013-cü il tarixdə inşa etdiklərini iddia etdiyi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ev olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasından isifadə hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayaş evi özbaşına tikili hesab olduğu üçün həmin evdən istifadə hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mübahisəli evin cavadbehin faktiki sahibliyində və istifadəsində olması, bununla əlaqədar olaraq isə gözlənilən mülkiyyət hüququ baxımından iddiaçının həmin evə köçürülməsi də qanunun anlogiyası baxımından yol verilən olmamışdır. Belə ki, iddiaçının mübahisəli mənzilə öz iddiasına əsasən 2013-cü il tarixdə köçməsi və tərəflər arasında nikahın isə bundan iki il əvvəl, yəni 2011-ci il tarixdə pozulması nəzərə alındıqda, analoji olaraq Mənzil Məcəlllənin 30-cu maddəsinin tələbinə əsasən iddiaçı cavabdahin ailə üzvü hesab edilmədiyindən onun mübahisəli mənzildən istifadə etmək hüququ da yaranmamış hesab olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə, əsaslı və qanuni qətnamə çıxarmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(023)-1172/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(023)-1172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.